Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 09:00:00
“Prezident mənə baxıb gülümsəyirdi...” – 700 bal toplayan Cocuq Mərcanlı qızı (MÜSAHİBƏ)

“Şəkildə baxımlı idim, oğlanlar elə şərhlər yazdılar ki, 700 bal yığmağıma nifrət etdim”

AzEdu.az ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə əldə edən tələbələrlə müsahibələri davam etdirir.

Budəfəki müsahibimiz 2017-2018-ci  tədris ilində ali məktəblərə qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına qəbul olunan Mahirə Əsədzadədir.

- Mahirə, dərsdən gəlmisiniz. Yəqin ki, yorğun olarsınız...

- Xeyr, yorğun deyiləm, xoşdur.

- Hansı günlər daha yorğun olursunuz?

- Bakı Ali Neft Məktəbində maksimum 4 saat dərsimiz olur və saat 15:00-də bitir. Təbii olaraq, 4 dərsim olan günlər yorğun oluram.

- Suallara tez və qəti cavab verirsiniz. Bu qabiliyyət sizdə hardandır?

- Çox danışan biri olduğuma görə ola bilər.

- Evdə də çox danışırsınız?

- İstisnasız hər yerdə.

- Buna görə ətrafınız, yaxınlarınız sizə irad bildirmirlər?

- Bəli, bildirirlər. Evdə deyirlər ki, sənin çənən yorulmur? Ancaq bu halıma öyrəşmişəm. Çənəm də öyrəşib. Nə vaxt sakit durmaq, nə vaxt da danışmaq lazım olduğunu yaxşı bilirəm.

- Dərslərdə də çox danışırsınız, yəni səs salırsınız?

- Bu baxımdan dəcəllik etməmişəm. Təhsil aldığım ali təhsil müəssisəsində də dərsin aktivliyi baxımından çox danışdığım olub.

- Əsasən, hansı mövzularda müzakirə aparmağı xoşlayırsınız?

- Mənə yaxın olan və bir o qədər də ciddi olmayan mövzularda müzakirə aparmağı sevirəm.

- Ciddi olmayan mövzu deyəndə nəyi nəzərdə tutursunuz?

- Yaşımdan böyük mövuzlardan, tarixdən, siyasətdən danışmağı sevmirəm. Nəyi az bilirəmsə, onun haqqında az danışıram.

- Hər çox danışan hazırcavab olmur. Hazırcavablığınızın əsl səbəbi nədir?

- Mənim çox danışmağım məktəbdən irəli gəlir. Harda tamaşa var, müəlliməm məni ora göndərirdi, harda tədbir  var ora gedirdim. Müəllimim üzərimdə işləyirdi. Sözlərin vurğusundan tutmuş, tələffüzünə kimi fikir verməyimi tapşırırdı. Bəlkə də kiçik potensialımı böyüdən də budur.

- Natiqlik qabiliyyətiniz təqdirəlayiqdir. Bu baxımdan abituriyent olduğunuz müddətdə III ixtisas qrupuna hazırlaşmağı düşünmüsünüzmü?

- Əvvəlcə IV qrupa hazırlaşmışam. Sonra fikrimdən daşınaraq I qrupa yönəldim. III qrup isə ağlımdan keçməyib. Məktəbdə tarix mənə çox çətin gəlirdi. Riyaziyyatı isə çox yaxşı bilirdim. I qrupa hazırlaşmağımın əsas səbəbi budur.

- Əslən, Cocuq Mərcanlı kəndindənsiniz. Bildiyiniz kimi, Aprel döyüşlərindən sonra bu ərazi abadlaşdırıldı, ora köç başladı. Cocuq Mərcanlıda olmusunuzmu?

- Cocuq Mərcanlını görməyi çox istəyirəm. Bura haqqında daim anam da, atam da danışır. Hazırda bəzi qohumlarım da orada qalırlar. Sadəcə dərslərimin çoxluğu və qayib limitini nəzərə alaraq getməyim mümkün olmayıb. Ancaq iki-üç həftəyə səfər etməyi planlaşdırıram.

- Bu standart sualı da verək: Necə oldu ki, qəbul imtahanında maksimum nəticə göstərdiniz?

- Təbii ki, çox oxumaqla. Nə qədər çox oxusanız, nəticəniz  də o qədər yüksək olacaq. Bir çoxları deyir ki, oxumaq o qədər də vacib deyil. Düzdür, istirahətə də vaxt ayırmaq lazımdır. Hamı istirahət edir. Məsələn, mən də “İnstagram” sosial şəbəkəsinə daxil olmuşam. Ancaq saatlarla telefonla qurdalanmamışam.

-Gün ərzində dərsə nə qədər vaxt sərf edirdiniz?

-Məktəbə və məşğələlərə gedirəm. Ümumilikdə, 14 saat dərsə vaxt ayırırdım.

- Deməli, az yatırsız...

- Hazırda daha çox yatıram. Abituriyent  vaxtı isə daha az, təxminən 4-5 saat yatırdım. 

- Özünüzdən bu nəticəni gözləyirdiniz?

- İmtahandan çıxdıqdan sonra 690 bal  olacağını düşünürdüm. Anama da belə dedim. Çünki bir sualda tərəddüd edirdim. 700  bal  bir az şans məsələsidir.

- Yüksək nəticə göstərən şagirdlər uğurlarının əsas səbəbkarının  onlara dərs deyən müəllimlər olduğunu qeyd edirlər. Sizcə, tərəziyə qoysaq, yüksək nəticə göstərməyinizdə müəllimlərin əziyyəti ağır gələr, yoxsa öz çalışqanlığınız?

- Məncə müəllimlərin əziyyəti daha çoxdur. Bəzi şagirdlər neçə müəllim dəyişirlər. Mənim müəllimlərimin öyrətmək bacarığı  çox yüksək idi. Biliklərimin əksəriyyətini məktəbdə öyrənmişəm. Riyaziyyatı  öyrənəndə  çətinlik çəkdiyimi xatırlamıram. Bunun da səbəbi müəllimlərimin ətraflı və rahat şəkildə dərsi izah etmələri olub.

- Təhsil aldığınız ixtisası həmin ixtisasa yiyələnmək, yoxsa vəzifə sahibi olmaq üçün seçdiniz?

- Seçdiyim ixtisasa yiyələnmək üçün qəbul olunmuşam. Bakı Ali Neft Məktəbi evimizə yaxın idi. Anam və bacım müəllimədir. Mühəndislik əsasən, xanım sənəti sayılmadığı üçün məni özünə daha çox cəzb etdi. “Niyə də mühəndis olmayım?”- deyə düşündüm.

- Yəni, vəzifə sahibi olmaq istəməzdiniz?

- Niyə də istəməyim?! Sadəcə, bunu dəqiq fikirləşməmişəm. Zamanın axınına buraxmışam.

- Qaçqın məktəbində təhsil almısınız. Bəlli məsələdir ki, bu məktəblərin indiki vəziyyəti  o qədər də ürəkaçan deyil. Bəs sizin təhsil aldığınız müəssisədə vəziyyət necə idi? Bu sistem təhsilinizə mane olurdumu?

- İbtidai sinfi qaçqın məktəbində oxumuşam. Hər şeyin təməli ibtidaidə qoyulur. 2+2-ni öyrənməsəydim, 2-nin triqonometriyasını və ya kök altısını tapmaqda çətinlik çəkərdim. Bu məktəbdə təhsil alanda hər gün dərsə hazır gəlirdim. Müəllimlər daim bizi həvəsləndirirdilər. Dərslərimiz sıxıcı keçmirdi. İdman dərsləri belə o qədər maraqlı keçirdi ki, biz həmişə həyətdə oynayırdıq. Saat 12:00-da dərsimiz bitsə də, saat 14:00-a qədər məktəbdə qalıb misal-məsələ həll edirdim.

- Zehni yorğunluq fiziki olaraq insana  ağırlıq gətirir. Bu zehni yorğunluğu aradan qaldırmaq üçün idmanla məşğul olursunuzmu?

- Xeyr, məşğul olmuram. Buna ehtiyac olmadığını düşünürəm və ehtiyac yarananda daha çox gəzməyə üstünlük verirəm. Əgər hiss etsəm ki, üstümdə ağır yük var o zaman idmana başlayaram.

- Mahirə, hansı transmilli şirkətlərdə çalışmaq istəyərsiniz?

- Hələ ki belə bir şirkət barədə düşünmürəm. Həyatda mərhələ-mərhələ addımlamağı xoşlayan insanam. Abituriyentlik bitdisə, ikinci mərhələ bakalavrdır. Hazırda magistratura pilləsi barədə düşünürəm və bu pilləni Almaniyada oxumaq istəyirəm.

- Niyə məhz Almaniya?

- Çünki  mühəndislik sahəsi orda daha yaxşı inkişaf edib.

- Almaniyada oxuyub, Almaniyaya xidmət etmək fikrindəsiniz, yoxsa Azərbaycana?

- Heç vaxt bu fikirdə olmamışam. Mən ailəmsiz, vətənsiz qala bilmərəm.

- Fərz edək ki, vətənə qayıtdınız, amma təhsilinizin və istedadınızın müqabilində yüksək gəlirli iş tapa bilmədiniz. Onda necə?

- Çalışaram ki, yüksək əməkhaqqı vəd edilən daha yaxşı bir iş tapım.

- Minimum nə qədər maaş təklif olunan işə razı olarsınız?

- İndidən konkret rəqəm deyə bilmirəm. Təxminən, 2000 manat olacağını düşünürəm. Amma bu pulu da qazanmaq lazımdır. 700 bal yığmışam deyə kimsə bu pulu mənə havayı  verəsi deyil. Yəni, 700 bal toplamaq  üçün verdiyim çabanı işimdə də göstərməsəm, aylıq 200 manat da ala bilmərəm.

- Universitetə daxil olduqdan sonra bəlli məsələdir ki, mühit, dünyagörüşü və arzular dəyişir. Karyeranı bir kənara qoysaq, indiki arzularınız nələrdir?

- Daha çox aktiv həyatımın olmasını istəyirəm. Mühəndislik riyazi bacarıq tələb edən sahədir. Mən danışmağı, deyib-gülməyi, oynamağı çox sevən insanam. Sosial həyatda  aktiv olmaq mənə daha xoşdur.

- Komplekləriniz var?

- Kompleksli, küsən və ya inciyən biri deyiləm. Bəzən deyirlər ki, çox tez-tez danışırsan, səsin çiydir. Amma bunların heç birini dərd etmirəm.

- Azərbaycan televiziyalarına baxırsınız?

- Ümumiyyətlə, TV-yə baxmağı sevmirəm. Xəbərləri daha çox internetdən, “Facebook”  üzərindən izləyirəm.

- Arzunuz neftçi olmaqdır. Məlumdur ki, Neft Daşlarında iş rejimi bir qədər fərqli və çətindir. Bütün çətinliklərə baxmayaraq, Neft Daşlarında işləmək istərdinizmi?

- Nə qədər çətin mühitdə işləməyi bacarsan, bu, sənin xeyrinədir. Bizim tədbirlərimiz çox vaxt imtahandan bir gün öncə olur. Həmişə rektorumuz Elmar müəllimdən soruşurduq ki, bu tədbirləri niyə imtahandan bir gün əvvələ salırsınız? O cavabında deyirdi ki, sizi ekstremal vəziyyətlərə hazırlayıram. Nə qədər çətin vəziyyətlərə öyrəşsəniz, həyat sizə bir o qədər asan gələr. Bu səbəbdən də, yalnız kondisionerli otaqda, masa başında oturmağı özümə sərhəd qoya bilmərəm.

- Gələcəkdə ailəniz buna qarşı çıxsa necə?

- Ailəm qarşı çıxmaz. Çıxsaydılar mühəndisliyi seçməyimə imkan verməzdilər. Onlar da bütün bu ehtimalları nəzərə alıblar. Qaldı ki gələcək həyatıma, bu qədər əziyyət çəkmişəm, bunları mənə qadağa qoyacaq biri həyatımda olacaqsa, deməli, həmin adam mənim həyatımın insanı deyil.

- Oğlanlarda bəyənmədiyiniz cəhətlər hansılardır?

- Oxumayan, təhsilsiz insanların sayı çoxdur. Xüsusilə də oğlanlarda… Bir dəfə 700 bal toplamağımla bağlı sosial şəbəkədə status paylaşılmışdı. Şəkildə bir qədər baxımlı idim. Daha doğrusu, onların nəzərdə tutduğu 700 bal çərçivəsindən bir qədər fərqli görsənirdim. Şəklə münasibət bildirənlərin elə şərhlərini oxudum ki, 700 bal topladığıma nifrət etdim. Dedim ki, kaş 695 yığardım, amma şəklim bura düşməzdi. Bunu da edənlərin çoxu qarşı cinsin nümayəndələridir.

- Feministsiniz?

- Əsla! Hər insan mənim üçün bərabərdir.

- İngiliscə də Azərbaycan dilində olduğu kimi tez-tez danışırsınız?

- Tez-tez danışmağınız əsas deyil. Fikrinizi düzgün və dəqiq çatdırmağınız əsasdır.

- Siz həm tez-tez danışırsınız, həm də fikrinizi dəqiq ifadə edirsiniz. İngiliscə də belədir?

- Xeyr, ingilis dilində belə deyil. Ali Neft Məktəbində bu dili öyrənməyimiz üçün hər cür şərait yaradılıb. Tez-tez “conversation” klublar təşkil olunur. Bir dəfə BP-nin prezidentinin xanımı da məruzəçi olaraq “conversation”da iştirak etmişdi.

- Başqa hansı dili öyrənmək istəyirsiniz?

- Aksentinin gözəl olduğuna görə, fransız dilini öyrənmək istəyirəm.

- Məktəbi fərqlənmə attestatı ilə bitirmisiniz. Ali məktəbə maksimum nəticə göstərərək daxil olmusunuz. Kağız parçalarının həyatınızda önəmi nə qədərdir?

- Bakı Ali Neft Məktəbinə daxil olana qədər böyük bir iş gördüyümü zənn edirdim. Qəbul olunduqda görürsünüz ki, hamı sizlə eyni səviyyədədir. Sanki sıfırlanmışam. Bu günə qədər olan naliyyətlərimi unudaraq bir kənara qoyuram. Düzdür, 700 balın təsiri başqadır, amma bir yerə qədər.

- Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında çıxış etmisiniz. İstərdik, həyəcanınızı sözlərlə ifadə edəsiniz…

- Zalda 18 yaşlı xanım sadəcə mən idim. Hər biri kostyumlu, neçə ilin peşəkar mühəndisləri idi. Dediyim hər sözün başqa mənada yozulacağından narahat idim. Düzdür, əvvəlcədən nə danışacağımı bilirdim. Ancaq bir sözün yerinin dəyişilməsi belə böyük məna kəsb edir. Bu nə televiziya, nə də qəzetdir. Bu birbaşa Prezidentin qarşısında çıxışdır. Bir  mühafizəçi var idi. Səhv etmirəmsə, prezidentin mühafizəçisi idi. Mənə yaxınlaşıb dedi ki, nə danışırsan, danış, Prezident də insandır. “O hətta başqa insanlardan daha mehribandır”- dedi. Bu söz məni çox rahatlaşdırdı. Qarşımda əyləşdiyinə görə çıxış zamanı ancaq prezidentə baxırdım. Gözləri gülürdü. O güldükcə mən daha da yaxşı çıxış edirdim.

- Kumiriniz kimdir?

Özüm ideal olmaq istəyirəm.

- Yemək bişirə bilirsiniz?

- Ev işlərində yaxşıyam. Ancaq yemək mövzusunda qətiyyən belə deyil. Bacarmıram, ya da maraqlanmıram.

- Dərslərinizin bunda rolu var?

- Əlbəttə, çox dərs edirdim. Gələcək həyatım üçün yemək bişirməyi mütləq öyrənəcəm.

- Necə bir oğlanla ailə həyatı qurmağı düşünürsünüz?

- Bu haqda hələ düşünmürəm. Çox güman ki, məsuliyyətli, özünü dərk edən biri olmalıdır.

- Niyə düşünmürsüzünüz? Artıq tələbəsiniz və sizə mane olacaq heç nə yoxdur..

Mən özümü uşaq kimi hiss edirəm. Universitetə bağçaya gedərcəsinə gedirəm və həyatımın insanını axtarmıram. Xarekterim belədir. Bu məsələləri taleyin işinə buraxmışam.

 - Mahirə, siz ingilis dilini öyrənmək üçün insanlara hansı metodları tövsiyə edərsiniz?

- Müəllimlərimiz hər zaman deyir ki, yanlış da danışsan, qarşındakının peşəkar olduğunu da bilsən, ingiliscə danışmaqdan çəkinmə. Bir dəfə böyük bir tədbirdə bir insanın qarşısında tamamilə yanlış cümlə qurmuşdum və  bunu bütün Ali Neft Məktəbinin tələbələri qarşısında etdim. Cümlə tamamilə yanlış idi. Lakin qarşımdakı insan məni başa düşdü və cavab verdi. İndi bu zarafat hamının dilindədir. Həmin şəxsə “nə edərdiniz” demək əvəzinə, “nə edirsiniz” deyə sual verdim. Halbuki, onun  nə etdiyini hamı  bilirdi.  “Sən nə edirsən” deyib xitab etmək  kobud ifadədir. Mərifətli iş görməsəm belə, 500  tələbənin qarşısında bunu deməkdən çəkinmədim. Bu səbəbdən də ingilis dilini öyrənmək üçün danışmağa çalışmaq şərtdir. 

- Əlavə hansı ktabları oxuyursunuz? Hobbiləriniz nələrdir?

- Bədii kitablara o qədər də marağım yoxdur. Ancaq boş vaxtlarımda dedektiv janrında əsərlər oxumağa üstünlük verirəm. Aqata Kristi və Artur Konan Doylun əsərlərini bəyənirəm. Fantastik filmlərə baxmağı sevirəm. Gülməyi çox sevən insanam. Nəyisə və kimisə lağa qoymağı xoşlamıram. Ancaq özüm-özümü lağa qoyub deyib-gülə bilərəm.

- Fantastikanı sevməyiniz  realist olmağınıza əngəl yarada bilər?

- Realist insanam, fantaziyanı filmlərdə və kitablarda xoşlayıram. Bütün hadisələrə həm müsbət, həm mənfi tərəfdən yanaşıram. Filmdə sonda qız və oğlan qovuşdusa, həyatda da belə olmalıdır deyə bir şey yoxdur.

- Dəbə meyilli birisiniz?

- Bəli, ən yeni telefon, ən yeni planşet mənə xoşbəxtlik bəxş edir. Həyatımda ən xırda əşyanı belə yeniləmək mənə pozitiv enerji verir. Ancaq  saatlarla telefonda qalım deyə bir şey yoxdur. Məsələn, bu gün “İnstgram”-ı silirəm. İki-üç gündən sonra yadıma düşüb  yenidən yükləyən insanam. Çox şükür ki, asılılığım yoxur.

- Bakı Ali Neft Məktəbində qiymətləriniz necədir?

- Keçən il bir fəndən çətinliyim oldu. Bu da öz diqqətsizliyim ucbatından baş verdi. Səhvimi  izah elədilər və gördüm ki, doğurdan da mən səhv etmişəm.

- Qidanın zehnin inkişafında rolu var?

- Bəli, çox rolu var. Meyvə yeməyi xoşlayıram. Abituriyentlərə məsləhətim odur ki, “fast foodlar”dan uzaq dursunlar.

- Gündəlik xərcləriniz ailə büdcənizə ziyan vurur?

- Öz xərclərimi balanslaşdırmağı bacaran insanam.

- Seriallara marağınız  necədir?

-  Vaxtım olanda türk serialı olan “Avlu”ya baxıram.

- Bəs, musiqi zövqünüz?

- Xalq musiqilərini daha çox xoşlayıram. Muğam dinləyirəm.

- Mahirə, builki qəbul imtahanlarında  istədiyi nəticəni göstərə bilmədiyinə görə iki nəfər intihar edib. Sizcə, abituriyentləri intihara sürükləyən nədir?

- Bizim universitetdə yüksək bal toplayan kifayət qədər kəsirli tələbə var. Baxanda deyirəm ki, bu uşaq bu balı necə yığıb? Mən bu peşəni istiyirəmsə və 680 balla qəbul olacamsa, 700 yığmağım şərt deyil. Birinci  ili kəsilib ikinci il yüksək nəticə göstərən bir çox şagird var. Bu dünyanın sonu olduğunu mənasına gəlmir. Başqa çıxış yolları da var. Hansı ki, bu yollar gənclərə  tam olaraq aşılanmayıb.

- Bu intiharlarda valideyn amili nə qədər rol oyanır?

-Valideynlər övladarının potensialından xəbərdar olmurlar. Uşağı məşğələyə yollayıb 11 ilin proqramını bir-iki ilə mənimsəyəcəyini gözləməklə iş bitmir. Əksəriyyəti deyir ki, mən pul verirəm, camaatın qızı bir ilə öyrənir, sən niyə öyrənmirsən? Amma bilmirlər ki, camaatın qızının anası da qızıyla bərabər 11 il dayanmadan oxuyub, onla birlikdə gecələr işığı yandırıb. Düzdür,  bəzi valideynlər   işə gedirlər. Övladlarını öz məsuliyyətlərinə buraxırlar. Amma şagirdlə danışmaq lazımdır. Mənim valideynlərim mənə güvənsə belə istəyimi, bacarıb-bacara bilməyəcəyimi hər zaman soruşurdular. Əgər doğurdanda yaxşı bacaraqsa, insan palançı da ola bilər.

 - Məktəbdə ən sevdiyiniz fənn hansı olub?

- Riyaziyyat və fizika fənnlərini  çox sevirdim.  Fizikanı isə bir qədər də çox sevmişəm. Amma riyaziyyatı daha yaxşı başa düşürdüm.

- Fizikanı sevməyinizin əsas səbəbi nədir?

- Bunun səbəbi hər yerdə fizikanı görməyimdir.  Müəllimim dərsi çox  yaxşı izah edirdi. Bizə fizikanı elm və ya dərs olaraq  yox, həyatımızın bir parçası olaraq danışırdı. Ağırlıq qüvvəsindən bəhs edirdisə, izaha stulda niyə rahat oturmağımızın səbəbindən başlayırdı. Bu fənni dərk edə bilirdim deyə sevirdim.

- Fizikanın qanunlarını, ən əsas da ağırlıq qüvvəsini  hiss edə bilmək üçün kosmosda olmaq istəmisinizmi?

- Niyə də istəməyim?  Planetlər arasında, sadəcə Yer kürəsində həyatın olduğuna inanmıram.

- Sizcə, NASA Aya gedib?

- Bu məsələ ikitərəfli müzakirə olunur. Çoxu bunun əksinə sübutlar  gətirməyə çalışır. Məncə, NASA Ayda olub. Çünki bu, çox da mümkünsüz bir şey deyil. Yerin üzərində həyat qurmağı bacaran insan niyə də Aya gedib çıxmasın? Son dövrlərdə texnologiya xeyli inkişaf edib. Göstərilən dəlillər fotomontaj da ola bilər. Hər halda mən buna inanıram.

- Həyatın, sadəcə Yer kürəsində olmadığını qeyd etdiniz. Başqa hansı planetlərdə yaşayış ola bilər?

- Filmlərdə nə canlandırılsa onların var olduğuna inanıram. Vampirlərə və ya utopiyalara da həmçinin. Mən onların var olduğunu düşünürəm. Başqa qalaktikada niyə də həyat olmasın?! Qalaktika çox genişdir. Qalaktikanın nöqtəsi qədər olan Yer kürəsində neçə milyon insanın olması və sadəcə həyatın burada mövcudluğu inandırıcı gəlmir.

- Tarixə marağınızın olmadığını qeyd etdiniz. Bu daha çox nəylə əlaqədardır?

- Tarix daha çox öyrənmək bacarığı tələb edir. Hansı hadisənin neçənci ildə harada baş verdiyini bilməlisən. Mən çox danışıram, amma  yaddaşda saxlamağı bacaran insan deyiləm. Mənə bir misalın səbəbini izah et, sonra da de ki Mahirə, bunu tətbiq etməyə başla.

- Bir çoxları qeyd edir ki, I ixtisas qrupunda 700 bal toplamaq daha çətindir, nəinki III ixtisas qrupunda…

- Düzü, mən həmişə əksini eşitmişəm. Qrupların çətinliyini müzakirə etmirəm. Ancaq mənə versələr ki, bir  səhifə tarix oxu, 3 saata əzbərləyə bilmərəm. Sinif yoldaşım tarixi çox yaxşı bilirdi. Mən ona həsəd aparırdım. O da mənim tarixdən əziyyət çəkdiyimi görürdü. Bütün qruplar çətindir. III qruplarda öyrənməyə meyillik var və bunun özü də çətin bir şeydir. III qruplara da riyaziyyat fənni çox çətin gəlir. 

- Biliklərinizi paylaşmağı sevən birisiniz?

- Bir mövzunu daha yaxşı başa düşəndə və izah edəndə özünüzə daha çox fayda verir və həmin mövzunu daha yaxşı dərk edirsiniz. İnsan  paylaşdıqca öyrənir.

- Bəs, bu səbəbdən müəllim olmağı düşünmüsünüzmü?

- Anam və bacım müəllimədirlər. Ailəmdə onların necə əziyyətçəkdiyini görürəm. Çox müqəddəs və çox çətin sənətdir. Hətta peşələrin anasıdır deyə bilərəm. Mən mühəndisəmsə, bunu müəllimə borcluyam. Neçə-neçə gənc nəsil müəllimlərdən asılıdır. Siz ya onları kor edəcəksiniz, ya da gələcəyi parlaq nəsil yetişdirəcəksiniz. Bu məsuliyyəti özümdə görmədim.

- Müəllimlərin əməkhaqqının azlığının bu sahəyə istiqamətlənməməkdə rolu olubmu?

- Müəyyən qədər rolu var. Amma deməzdim ki, peşəkar müəllim az maaş alır.

- Əminsinizmi ki, Bakı Ali Neft Məktəbi sizi 4 ilin sonunda peşəkar mühəndis edə biləcək?

- Adım kimi əminəm! BANM-a daxil olduqdan sonra  çarəniz yalnız oxumaqdır. Ali təhsil müəssisəsində oxumayan heç kimə güzəştə gedilmir. Yüksəkballı tələbələrin belə burada kəsiri olması mümkündür. Rektorumuz bizi hər vəziyyətə hazırlayır. Daha çox bizim sağlamlığımızı düşünür. Mühəndislərin dənizdə işləmə rejimlərinə görə üzgüçülük kursuna gedirik. Əylənirik, teatra, operaya gedirik. Məktəb vaxtı teatra heç bu qədər getməmişəm. Özü də ailə kimi gedirsiniz və bütün zalda sadəcə Bakı Ali Neft Məktəbinin tələbələri olur. Formanızı geyinirsiniz və embleminizi taxırsınız. Bu emblemi taxanda fəxr edirəm. Qarşınızda da rektor əyləşir. Bakı Ali Neft Məktəbində hər şey yerli yerində tətbiq olunur.

- Belə başa düşdüm ki, sizin üçün rektor əlçatandır?

- Bəli. Qapısını döy, icazə al və niyyətini etik dildə izah et. Səni mehriban şəkildə qarşılayacaq. Hər semester ayrı-ayrılıqda bütün kurs tələbələrini yığıb iclas keçirir. Hamının qiymətini, adını bilir. Yolda səni adınla çağıracaq qədər yaxından tanıyır. Şəxsən, Elmar müəllimə heyranlıq duyuram. Tələbəsini, hətta məzunlarını belə düşünür, onlarla bağlı jurnallar hazırlayır. Ötən gün iki nəfər BP-də işləyən məzunu görüşə gəlmişdilər.

- 700 bal topladığınıza görə rektor sizə xüsusi qayğı göstərirmi? Yəni, qapısını döyüb otağına girmək, yalnız 700 bal toplayan tələbələrə icazə verilir?

- İstəklərini münasib dildə desələr, heç kimə sərhəd qoyacağını düşünmürəm. Düzü, xüsusi olaraq “səni çox istəyirəm”, “ağllı qızsan” kimi xoş sözləri daha çox eşidirəm. Rektordan xüsusi qayğı görmək qürurverici hissdir və məni çox sevindirir.

Nəzrin Rüstəmova
Aqşin Kərimov

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları