Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 12:21:00
“Abituriyent  nazirliyin, orta məktəbin yox, repetitorun hesabına nəticə qazanır” - Ekspert

“DİM – in “Abituriyent”  jurnalının 12-ci sayında dərc etdiyi informasiya həqiqəti əks etdirmir. Birmənalı şəkildə bu fikirlə razı deyiləm.

Məktəblərdə dərs keçmirlərsə, müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir? Bu gün Azərbaycanda oxuma – yazma bacarığı 100 faizə çatıb. Bu, dünyada ən yüksək nəticələrdən biridir. Məhz bu, orta məktəbin verməli olduğu bilik və bacarıqdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, hazırda orta məktəblər ali məktəblərə abituriyent hazırlamır, cəmiyyətə şəxsiyyət hazırlayır.

“Problem tam başqadır; bizdə valideyn ibtidai sinif şagirdləri ilə bərabər oxuyurlar. Elə ki, məktəbli yuxarı siniflərə qalxdı, proqram çətinləşdi, valideyn o dəqiqə geri çəkilir. Düzdür, bütün evlərdə ziyalı ata-ana yoxdur. Buna baxmayaraq, yuxarı siniflərə də nəzarət mütləqdir, hətta onlar böyüdükcə nəzarət daha da güclənməlidir. Yəni, günahı məktəbdə görməklə heç nə həll olunmur. Hər şey valideyndən asılıdır. Valideynlər istəsələr ki, övladları repetitor yanına getməsin və özü oxuduğu məktəbdə proqrama uyğun hazırlaşsın, onda bu müsbət nəticə verə bilər. Ali məktəblərə qəbul imtahanlarının çətin olması, nəticələrin aşağı olmasının əsas səbəbidir. Abituriyentlərdən qəbul imtahanlarında soruşulan bilik 5-6 il ərzində orta məktəbdə tədris olunmuş məlumatlardır.

DİM – orta məktəblərdə şagirdlərin əldə etdikləri biliklərin mənimsənilmə faizini dəqiq öyrənmək istəyirsə, o biliyi şagirdin oxuduğu sinifdə yoxlasın. Yəni şagirdin 6 – cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda, əlbəttə ki, onun həmin mövzuya cavab vermə reallığı aşağı olacaq. DİM – in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, o repetitor yanında əldə etdikləri biliklərdir. Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biliklər, nəticələr nə Təhsil Nazirliyinin, nə orta məktəbin nəticəsidir. Bu repetitorluğun nəticəsidir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abitruiyent” jurnalının 12-ci sayında ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

Belə ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 47.39, ədəbiyyatdan 49.24, riyaziyyatdan I, II qruplarda 31.31, III, IV qruplarda 34.31, fizikadan 40.31, kimyadan 37.36, biologiyadan 52.54, tarixdən 39.25, Azərbaycan tarixindən 38.32, coğrafiyadan 49.13, ingilis dilindən I qrupda 30.81, II, III qruplarda 37.38%-inə düzgün cavab verib.

Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 52.49, ədəbiyyatdan 49.21, riyaziyyatdan I, II qruplarda 33.52, III, IV qruplarda 35.25, fizikadan 41.52, kimyadan 39.81, biologiyadan 51.27, tarixdən 32.79, Azərbaycan tarixindən 32.42, coğrafiyadan 45.80, ingilis dilindən I qrupda 46.11, II, III qruplarda 50.64%-ni düzgün cavablandırıb. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 30-52 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 48–70%-ni mənimsəmir.