https://www.zirve.edu.az/
13.12.2019 15:13
Məktəb kitabxanalarına bərbad münasibət:" Şagirdlər oranın yerini belə tanımır"
Çap et

Bugünkü yetkin nəslin əksər nümayəndəsinin bədii ədəbiyyatla tanışlığı illər əvvəl oxuduğu orta məktəbin bir otağına sığınmış yarıqaranlıq kitabxanada olub.

Elə bu gün də orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən kitabxanalar şagirdlərin mütaliə, özünüifadəsinə birbaşa təsir göstərir. Amma bəzi məktəb kitabxanalarının fəaliyyəti tədris ili başlananda şagirdlərə kitab paylayıb, il sonunda onu təhvil almaqdan ibarətdir. Şagirdlərin kitabla dostlaşmasına xidmət edəcək tədbirlər isə kölgədə qalıb.

“Bəzi məktəblərdə kitabxana  direktorun gəlir yeridir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli rəhbərlik etdiyi ümumtəhsil müəssisəsində belə bir problemin olmadığını bildirsə də, kitaba marağın az olmasından gileylənib:

“Məktəbimizdə mütaliə etmək istəyən hər kəsə kitab verilir. Bu məktəbdə təhsil almayan kənd sakininə belə, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə kitab veririk. Kitabxanaçı hər gün buradadır. Sadəcə yaşadığımız yerdə təhsilə meyl azdır. Şagirdlər deyirlər, öz dərslərimizi güclə oxuyuruq, əlavə kitab üçün necə vaxt tapaq?

Amma əksər rayonlarda kitabxanaların yalnız adı var. Bəzi məktəblərdə kitabxana  direktorun gəlir yeridir. Direktor qohumunun  adını kitabxanaçı kimi yazdırıb. Kitabxanaçı işə gəlmir. Özləri ilin əvvəlində kitab paylayır, sonunda isə təhvil alırlar. İşləri yalnız bundan ibarətdir”.

Direktor şagirdlərdə kitaba maraq yaratmaq üçün gördüyü tədbirlərdən də söz açıb:

“Şagirdlər arasında yarışma keçirib, onlara kitab hədiyyə etdik. Hədiyyə alanlara isə demişəm ki, həmin kitabları oxuyun, onlarla bağlı yarış keçirəcəm”.

“Kitab oxumaq həvəsimiz azdır”

Kitaba marağın  az olmasına gəlincə isə Nemət müəllim belə cavab verib:

“Bizim rayonda bu, əhalinin iş rejimi ilə bağlıdır. Sakinlərin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur, övladlarını istismar edirlər. Təsərrüfat işlərində valideyninə kömək edən şagird dərslərini güclə çatdırır. Fikrimcə, buradakı ailələrin normal gəlirləri olsa, övladlarını sərbəst buraxar, vaxtlarını səmərəli keçirmələrinə şərait yaradarlar.

 “Şagirdlərin əksəriyyəti heç kitabxana üzü görmür”

Şair, pedaqoq Kəmalə Abıyeva isə müəllimlərin kitabxanaçılarla birgə işləməsini təklif edib:

“Təmirli məktəblərdə Prezidentin göstərişi ilə yaxşı kitabxanalar fəaliyyət göstərir. Bəzi dərsləri kitabxanada keçmək olar. Şagird ayaq üstə qalsa, yer olmasa belə, heç olmasa, kitabxananın ab-havasını duyar. Dərsliyi belə  şagird təhvil almır, onu müəllim özü götürüb paylayır. Şagirdlərin əksəriyyəti heç kitabxana üzü görmür. Şərait yaratmaq lazımdır ki, məktəbli ən azından məktəbdə olan kitabları görsün.

Məktəbimizin kitabxanaçısı bizimlə dava edər, deyərdi ki, niyə tədbir olanda məni çağırmırsız? Çox vaxt kitabxanaçıları tədbirlərə çağırmırlar. Onlar məktəbdə hansısa ədəbiyyat gecəsinin keçirilməsindən xəbərsiz olurlar. İstənilən tədbirdə kitabxanaçı məktəbin dərsdənkənar tədbirlərinin fəal iştirakçısı olmalı, mütaliəni təbliğ etməlidir.

Kitabxanaçı ilə sinif rəhbərlərinin birgə işi yoxdur”.

“Ədəbiyyat müəllimlərinin özlərinin müasir ədəbiyyatdan xəbərləri yoxdur”

Kəmalə xanım, bu məsələni valideyn amili ilə də əlaqələndirib:

“Əvvəl valideyn uşağın dərsi ilə maraqlanardı. İnşalar yazardıq. İndiki qəbul imtahanlarının testlə olması da bu prosesi ləngidir. Əvvəl, keçdiyimiz yazıçının başqa əsərlərini oxuyar, yaradıcılığı ilə maraqlanardıq. İndiki kitablardakı 2-3 cümlə məni şagird kimi qane etməzdi. Təbii ki, belə şagird dünyagörüşsüz olacaq.

Təsəvvür eidn, şagird Fizika dərsində cümlə qura bilmir. Neçəsinə dmeişəm ki,  get kitabı üzündən oxu. Şəkilçilərin birini gələcək, birini kemiş zamanda deyir, zamanı belə uzlaşdıra bilmirlər. Onlar gələcəyin valideynləridirlər. Təhsil yalnız oxuyub gün ötürmək üçün deyil. Belə oxumaqla, hansı şəxsiyyəti yetişdirəcəksiniz? Savadsızlığa doğru gedirik. Özü oxuyan valideyn övladında kitaba maraq oyadır.

Müəllimin rolu da danılmazdır. Ədəbiyyat müəllimlərinin özlərinin müasir ədəbiyyatdan xəbərləri yoxdur. Bəzən müəllimlər otağında hansı əsəri oxumaları ilə bağlı sual verirəm. Çox az müəllim cavab verə bilir. Hətta sualım bəzilərinə qribə gəlir. Düşünürülər, sizin nəyinizə lazımdır?

Summativlər də  özünüifadəyə çox mane olur. Şagirddən gündəlik dərs soruşmuruq. İl ərzində bir neçə dəfə test imtahanı keçiririk. Şagird də düşünür ki, ilin sonunda ondan – bundan köçürməklə qiymət alacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları