Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 10:45:00
Bölgələrdə valideyn və şagirdləri təəccübləndirən müəllim jestləri – Qrant möcüzələri

“Alqoritmik istedad Allah vergisidir. Necə ki, şair üçün şeir yazmaq Allah vergisidir, eyni zamanda alqoritmik istedad da verilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında “Məktəbli proqramçılar dərnəyi” layihəsi ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqənin qalibi Rövşən Zamanov deyib.

Müsahibimiz Quba rayonu R.O.Məmmədov  adına Alikseyevka kənd tam orta məktəbində informatika fənnini tədris edir.

O, layihənin təfərrüatları haqqında fikirlərini bölüşüb:

“Dərnəkdə iki proqram tədris olunur: Bunlardan biri 3D dizayn, digəri isə kompüter proqramlarının alqoritmlərini öyrənməyə köklənib.

İdeyamız məktəblilər arasında maraqla qarşılandı. Dərs prosesindən  sonra isə onların həvəsləri daha da artmağa başladı.

Alqoritmik dili  öyrənməklə proqramçı və kompüter mühəndisi olmaq istəyən  uşaqlar bu istiqamətdə biliklərini inkişaf etdirəcəklər.  Çünki biz burada proqramlaşdırmanın ilkin bazasını öyrədirik. Digər dizayn proqramında isə  dizayner olmaq istəyənlərə  praktik üsulları mənimsədirik.

Dərnəkdə 0-dan başlayan uşaqlar da olub. Bu  normal haldır. Müddətimiz az olsa da,  40 faizlik  nəticəni əldə etdik.

Hər proqram üzrə 20 nəfər olmaqla ümumilikdə layihəmizə 40 nəfər cəlb olunub.

Onlar arasında istedadlı olanları ortaya çıxardıq. Çünki 40  uşağın 40-ı da istedadlı ola bilməz. Hər proqramda    iki-üç istedadlı uşaq olur. Lakin onların hamısı nəsə öyrənməyə çalışırlar.

Alqoritmik istedad Allah vergisidir. Necə ki, şair üçün şeir yazmaq Allah vergisidir, eyni zamanda alqoritmik istedad da Allah tərəfindən verilir. Yəni hər insan proqramçı ola bilmir. Bəzi insanlar  humanitar meyilli olurlar. Biz  həmin uşaqlar  arasından seçim edərək istedadlıları seçirik.

İlk başlarda şagirdlər üçün dərnəkdə olmaq çətinlik yaradırdı. Çünki onların informatika dərsləri həftədə bir dəfə tədris olunur. Həftədə bir dəfə və 45 dəqiqə müddətində  proqramçılığı şagirdlərə mənimsətmək olmur. Bizim dəslərimizin  məsafəsi isə çox və həftədə iki-üç dəfə tədris edilir. Müddəti də 90 dəqiqə təşkil edir.

Biz uşaqları testlər əsasında seçirik. Əvvəlcə elan verir, sonra isə   şagirdlər  arasında seçim aparırıq. Bizə 85 nəfərə yaxın uşaq müraciət etmişdi və onlar arasında  yüksək nəticə toplayan 40 nəfər olub.

Testlərdə alqoritmi tapmaq tipli suallar verilir. Həmçinin, şagirdlərin dizayn biliklərini yoxlamaq və  əl qabiliyyətlərini bilmək üçün şəkil tipli tapşırıqlar veririk”.

Fiziki imkanları məhdud  uşaqlardan elələri   çıxır ki, onlar  sağlam insanlardan daha gözəl düşüncəyə  və istedada malik olurlar”.

Bu sözlər isə “Ürəklərə gedən yol” layihəsi ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqənin qalibi Rəsidə Məmmədova deyib.

O, Lənkəran şəhər 9 saylı məktəbdə coğrafiya fənnini tədris edir. Lakin layihəni Haftonu qəsəbə tam orta məktəbindən təqdim edib:

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant   müsabiqəsində   6 kateqoriya var idi. Mən sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi  şəraitin yaradılması kateqoriyasını seçdim.

Sağlamlıq imkanları məhdud qız uşaqlarının iş imkanlarının artırılması istiqamətində layihə həyata keçirdim. Düşündüm ki, onların xalçaçılıq sənətini öyrənməsi gələcəkdə özlərinə böyük kömək edəcək. Keçən il rayonumuzda xalçaçılıq zavodu fəaliyyətə başlayıb. Bu ideya məndə o zamandan formalaşdı. Sağlamlıq imkanları məhdud qız uşaqlarını  axtardıq, evdə təhsil alan 5 belə uşaq seçdik. Əlbəttə,  istəyərdim ki, onların sayı çox olsun. Lakin maliyyə şərtlərinə görə yalnız 5 uşaq seçib, ailələrindən  razılıq aldıq.

Rayonumuzda peşə liseyi fəaliyyət göstərir. Onlarla  əməkdaşlığa başladım. Bizə məlumat verdilər ki,   onlarda xalça ustaları və bu sənəti tədris edən fakültə var. Onlar dedilər ki, bizə kömək edə bilərlər.  5 xalça dəzgahı sifariş verdim  və xalça ustaları ilə danışdım. Sapları və alətləri isə  gedib qonşu ölkə İrandan gətirdim.

Allaha şükürlər olsun ki, layihəmiz uğurla davam edir. İnşallah yanvar ayında onu başa çatdıracayıq.Həmin uşaqlarla  həftədə  iki dəfə müəllim  məşğul olur və onları öyrədirlər.Artıq tədris prosesinin yarısına çatıblar və kiçik mini xalçalar toxuyurlar. Yanvarın sonuna yaxın  bağlanış tədbiri və uşaqların sərgisi olacaq.

Bu uşaqlar özlərini  cəmiyyətdən təcrid olunmuş şəkildə hiss etməməlidilər. Onlar evdə oturub həm faydalı işlə məşğul olur, həm də  özləri  üçün qazanc yeri yaradırlar.

Layihəni  gələcəkdə də davam etdirəcəyik. Hazırda layihə Təhsil Nazirliyinin xətti ilə həyata keçirilir. Mənə  rayonumuzun  kurs rəhbərləri və digər sponsorlar müraciət edirlər. Onlar bizim layihəyə dəstək olmaq istəyirlər.

Bu tip uşaqların  üzə çıxmasında Təhsil Şöbəsi mənə yaxından kömək edib. Rayonumuzun sakinləri  dövlətimizin təhsilə bu qədər qayğı göstərməsinə inana bilmirlər. Valideynləri  güclə inandırdım ki,   təmənnasız  müəllim və  dəzgah verməklə uşaqlarınızı öyrədəcəyik. Onlara  qəribə gəldi ki, bu necə ola bilər.

Mən sağlamlıq imkanları məhdud  övladlarını cəmiyyətdən gizlədən insanlara demək istəyirəm ki,  uşaqlarınızın hüquqlarını əllərindən almayın. Fiziki qüsurundan asılı olmayaraq, heç bir valideyn övladını cəmiyyətdən gizlətməməlidir. Fiziki imkanları məhdud  uşaqlardan elələri   çıxır ki, onlar  sağlam insanlardan daha gözəl düşüncəyə  və istedada malik olurlar. Bizim vəzifəmiz də onları aşkar etməkdir”.

Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanılıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları