Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 16:13:00
Məktəblərdəki  vacib rəsmi sənədlər hansılardı?- Diqqətli olun

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktorların işə qəbul müsabiqəsində namizədlərə çox verilən suallardan biri də məktəb sənədlərinin siyahısı, uçotu ilə bağlıdır.

Sual:

Ümumtəhsil müəssisələrinin hansı vacib rəsmi sənədləri var?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Orta ümumtəhsil müəssisələri haqqında nizamnamə ilə tənzimlənir. Nizamnaməyə görə, ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərindən istifadə edilir.

Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.

Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.

Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılması, habelə məktəbə məxsus əmlakın mühafizəsinə görə cavabdeh şəxslər direktorun əmri ilə təyin olunurlar.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada dörd mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələlərindən ibarət müsabiqə yolu ilə keçirilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün isə bu müddət 3 ildir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları