Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 13:59:00
Azərbaycan “test sənayesindəki” çatışmazlıqlar – Nöqsanlar və boşluqlar

Testologiya test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir.

Azərbaycanda əksər imtahanlar  Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir və testlərin, tapşırıqların böyük qismi, məhz DİM-in ekspertləri tərəfindən hazırlanır.

Bəs test tapşırıqlarına qoyulan ümumi tələblər, testlərin keyfiyyət göstəriciləri, yeni model qəbul imtahanlarına əlavə olunan tapşırıqların meyarları beynəlxalq standartlara nə dərəcədə uyğundur?

Mövzuyla bağlı təhsil eksperti  Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, testologiyanın vəziyyəti hazırda elə də ürəkaçan deyil:

“Əksər testlər Dövlət İmtahan Mərkəzinin vahid test toplularında yer alıb. Yeni tərtib olunan testlər də öncəkilərə nəzərən hazırlandığına görə oxşarlıq qaçılmaz olur. Bəzən bu oxşarlıq suallarda problem və ikibaşlılıq yaradır. Bu da abituriyenti, şagirdi çaşdırır. Bəzən testi yazan müəllif  hansısa dərslik əsasında sual hazırlayır, amma o dərslikdən başqa bir vəsaitdə həmin sualın əsaslandığı hissə tamam fərqli formada təqdim olunur.

Belə suallar problemli suallardır və onlarda əsasən, iki və bəzən üç düzgün cavab vermək mümkündür.

Elçin Əfəndi qeyd edib ki, artıq 5 variantlı deyil, 4 variantlı suallardan istifadə olunmalıdır:

“Daha çox məntiqi suallardan yararlanmaq lazımdır. Testlərin sayını tədricən azaldaraq qəbul zamanı daha çox açıq tipli suallardan istifadə olunmalıdır. Ümumiyyətlə, bu problem təkcə ali məktəblərə bakalavr səviyyəsi üzrə qəbulda deyil, həm kolleclərə, həm magistraturaya, həm rezidenturaya, həm də dövlət qulluğuna qəbulda özünü göstərir. Dövlət İmtahan Mərkəzi müntəzəm olaraq bu prosesləri izləyir. Təəssüf ki, müəyyən təşkilat və ya müəlliflər tərəfindən sualların oxşarı hazırlanır, məsələ ümumi kontekstdən çıxarılır. Yaxşı olardı ki, bu məsələyə də xüsusi diqqət ayrılsın”.

Təhsil eksperti Adil Vəliyev vurğulayıb ki, beynəlxalq imtahanların demək olar, hamısında qapalı və açıq tipli suallardan istifadə olunur:

“Məqsəd imtahanda qayda pozuntusu və əzbərçiliyin qarşısının alınmasıdır. Bizdə də bu cür imtahanların tətbiqi müsbət addımdır, ancaq bu addımın yenilik üçün atıldığını düşünmürəm. Məncə, son illərdə 600-dən yüksək bal toplayanların çox olmasını və ictimai qınaqları nəzərə alıb yeni metoda keçməyi qərara aldılar. Ancaq hər hansı yeniliyə başlayanda mütləq infrastruktur olmalıdır. 1 il ərzində və qəflətən yeni metoda keçirsənsə, problemlərin üzə çıxması qaçılmaz olur”.

Adil Vəliyevin bu ilə qədər 200 balla dövlət sifarişli yerə qəbul olunan hansısa abituriyenti görmədiyini söyləyib:

“Onu da qeyd edim ki, yeniliyə məktəb müəllimlərindən başlamalıyıq. Məktəblərdə dərslər ənənəvi sistemlə keçirilir, kurslarda isə yeni təhsil sistemi ilə. Beləliklə, bütün yük şagirdin üzərində qalır. Əgər hansısa yeniliyi tətbiq ediriksə, buna əvvəlcə müəllimdən başlamalıyıq. Ən az 2 il şagirdlərə öyrətməli daha sonra qəbul və buraxılış imtahanlarında tətbiq etməliyik”.

Xatırladaq ki, DİM tərəfindən bütün test tapşırıqlarına qoyulan ümumi tələblər aşağıdakılardır:

-Test tapşırıqları analoqları ilə birlikdə yazılıb təqdim edilməlidir;

-Şərt qısa, dəqiq, aydın və birmənalı olmalıdır;

-Doğru cavablar dəqiq və birmənalı olmalıdır;

-Testlərin həlli böyük həcmli hesablama tələb etməməlidir;

-Qapalı tipli test tapşırıqlarında düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır;

-Hər bir tapşırığın şərh hissəsində onun aid olduğu mövzu və bu mövzunun hansı dərslikdə əhatə olunduğu göstərilməlidir;

-Test tapşırıqları orijinal olmalı, yəni heç bir nəşrdə təkrar olunmamalıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları