Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 09:54:00
Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidini tərk edərək Yerə qayıdır

Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə missiyasını başa vuraraq noyabrın 12-də Yerə doğru hərəkətə başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb.

Yerdən təqribən 300 milyon kilometr məsafədə yerləşən Ryuqu (yapon dilində “Əjdaha sarayı”) asteroidinə il yarım davam edən səfər zamanı missiya uğurla həyata keçirilib. Belə ki, iki dəfə asteroidin üzərinə enməyə nail olan zond buradan süxur nümunələri götürüb.

JAXA-dan bildirildiyinə görə, zond ilk beş gündə saniyədə 10 santimetr sürətlə hərəkət edərək asteroidin fotolarını çəkəcək. Noyabrın 19-dan dekabrın 2-dək isə ion mühərrikinin sınaqları olacaq. Əgər həmin dövrdə problem aşkar edilməzsə, dekabrın 3-də mühərrik tam gücü ilə işə salınacaq.

Kosmik zondun Yerə qayıdışı üçün təqribən bir il vaxt lazım gələcəyi gözlənilir ki, bu da onun gələn ilin dekabrında evə dönəcəyini deməyə əsas verir.

Alimlərin rəyinə görə, zondun asteroidə enişi zamanı əldə edilən və xüsusi kapsula yerləşdirilən nümunələr böyük elmi əhəmiyyətə malikdir.

Bundan əlavə, kosmik zond Ryuqu asteroidinin çoxsaylı fotolarını və videolarını çəkib, onun relyefini öyrənmək üçün üzərinə bir neçə robot göndərib.(AZƏRTAC)