Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 17:10:00
“Şagirdlərimlə aramız çox yaxşı idi, məni sevirdilər” - Müəllimliyi atan jurnalistlər  

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.

Müəllimin məqsədi dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Bu gün ixtisasca müəllim olan, lakin pedaqoji fəaliyyətlə məşğul olmayan bəzi jurnalistlər var. Lakin onların içində bəzən hər iki peşənin öhdəsindən peşəkarlıqla gələn həmkarlarımıza da rast gəlirik. Modern.az-ın əməkdaşı həmkarlarımızdan keçmiş peşələri haqqında kiçik bir açıqlama alıb.

Modern.az-ın əməkdaşı Xalid Vahidoğlu bildirib ki, o, 2000-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub.

"Müəllimlərin durumu və cəmiyyətdə nüfuzu mən fəaliyyətə başladığım ilk dövrə nisbətən artıb. Bu gün müəllim demək olar ki, digər bütün sahələrdən müqayisə edilə biləcək səviyyədə əməkhaqqı ala bilir. Ən azından bir stavka (18 saat) dərs deyən müəllim 450-500 manat əməkhaqqı alır ki, bu da tibb sahəsində həkimlərin aldığı maaşdan bir xeyli çoxdur. Təbii ki, rəsmi əməkhaqqıdan söhbət gedir. Müəllimlərin cəmiyyətdəki nüfuzları da bir xeyli yüksəlib. Bunu biz Müəllimlərin İşə Qəbulu prosesində görə bilirik. Təxminən 5 min vakant yerə 50 min müəllimlik üçün müraciət edən şəxs var.

Təhsilin keyfiyyətində də dəyişiklik hiss edirik. Nə qədər tənqidi yanaşsaq da, bu gün orta məktəbi bitirən şagirdlərin, demək olar ki, xeyli hissəsi ali məktəbə qəbul olub. Bunu da təkcə məktəbin üzərinə qoymaq düzgün deyil, çünki burda repititorların rolu olduqca böyükdür. Amma şagirdlərin repititor yanına getməsinin mənfi cəhətləri də var. Çünki məktəb şagirdlərə yalnız təhsil deyil, ünsiyyət imkanları verir. Məktəbdən kənarda hazırlaşan şagirdlər üçün insanlarla ünsiyyət yaratmaq, cəmiyyətdə yer tapmaq çətin olur".

Xalid Vahidoğlu bildirib ki, müəllimlərin məktəbdə nüfuzunun aşağı salınması halları da baş verir.

"Buna pul yığmaq, müəllim günündə müəllimə bahalı hədiyyələr almaq, süpürgə pulu, pəncərə pulu yığmaq kimi hallar aradan qaldırılmalıdır. Burada müəllimlərin rolu yoxdur deyə bilmərəm, çünki bu neqativ halların baş verməsinə səbəb çox zaman elə müəllimlər özü olur".

CBC Televiziyasının veb-redaktoru və parlament müxbiri Fərəh Sabirqızı da vaxtı ilə müəllim işləyib.

“İxtisasım üzrə iki il ərzində müəllim işləmişəm. Fizika, riyaziyyat, astronomiyadan dərs demişəm. Qısamüddətli təcrübəmə əsaslanaraq deyə bilərəm ki, birmənalı olaraq müəllim olmaq daha çətin və daha məsuliyyətli işdir. İnsandan daha çox səbr, hövsələ istəyir. Müəllim tərəfsiz olmalıdır, bütün şagirdlərinə eyni dərəcədə qayğı ilə yanaşmalıdır. Şagirdlərin diqqətini toplamağa nail olmağı bacarmalıdır. Bəzən evdə öz övladlarımızla məşğul olarkən müəllimlərin ölənlərinə min dəfə rəhmət oxuyuram ki, əgər biz evdə bir uşaqla bu qədər əziyyət çəkiriksə, müəllimlər nə etməlidir”.

Fərəh Sabirqızı bildirib ki, həyatda heç nə istisna deyil, amma gələcəkdə müəllim işləmək kimi hələ ki planı yoxdur:

“İstənilən peşə sahibləri haqqında cəmiyyətdə yaxşı və pis fikirlər səslənir. Yüz minlərlə müəllimin fəaliyyətindən hər kəs eyni dərəcədə razı və ya narazı qala biməz. Amma ümumilikdə götürdükdə, son illərdə müəllimlər barədə cəmiyyətdə daha hörmətlə danışılır. Bunu sosial şəbəkələrdə yazılan statuslar, bir neçə gün öncə dövlət rəhbərliyi səviyyəsində səslənən təbriklər, gözəl sözlərdən də hiss eləmək mümkündür. Əgər əvvəllər müəllimlər barədə daha çox neqativ məqamlar vurğulanırdısa, son illər bu cür halların sayıın nisbətən azaldığı müşahidə olunur. Ümid edirəm ki, gənc nəsli yetişdirən bir peşə sahibi kimi müəllimlərin nüfuzu yaxın illərdə bütün cəmiyyətdə daha da yüksələcək”.

Türkiyədə yaşayan həmkarımız Könül Şamilqızı bildirib ki, ixtisası tam olaraq müəllimlik deyil.

“Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin məzunuyam. Universitetin üçüncü kursunu bitirincə işləmək istədim və coğrafiya müəllimi olan atam dərslərinin mənə verilməsi şərtiylə pensiyaya çıxdı. Amma cəmi iki il dayana bildim. Bakıya diplom müdafiəsinə getdim və bir daha da kəndə, həm də müəllimliyə qayıtmadım. Müəllim işləyərkən şagirdlərimlə aramız çox yaxşı idi, onları sevirdim və məncə, onlar da məni sevirdilər”.

Könül Şamilqızı sonradan müəllimliyin ona görə olmadığını bildirib:

“Müəllimlərə bütün hörmətimlə birlikdə bu işdə qalsam darıxacağımı, mən olmayacağımı düşündüm. Jurnalistikada daha “mən” olacağımı düşündüm və hesab edirəm ki, yanılmamışam. Düzdü, Azərbaycanda müəllimlik də, jurnalistika da urvatsız edilib, amma yenə də müəllimliyi jurnalistikaya dəyişərdim. Çünki mən jurnalistikaya onu urvatsız edənlər kimi baxmıram, daha ciddi, daha məsuliyyətli, daha maraqlı sahə olaraq baxıram”.

Moderator.az-ın əməkdaşı Sultan Laçın da ixtisasca müəllim olsa da, hazırda jurnalist kimi fəaliyyət göstərir: 

“Müəllimlik gözəl sənətdir, amma düşünürəm ki, bizim cəmiyyətdə müəllimə həm maddi, həm mənəvi cəhətdən düzgün qiymət verilmir. Mənim üçün maddi qiymətdən də çox, mənəvi qiymət önəmlidir. Mən 10 ildən çox müəllim işləmişəm. Əvvəllər rus dilindən, daha sonra isə Azərbaycan dili və ədəbiyyatdan dərs demişəm. Bir il də məktəb direktoru işləmişəm. Həmin dönəmlərdə qəzetlərlə əməkdaşlıq da edirdim. Mən 2000-2011-ci illərdə müəllim kimi fəaliyyət göstərirdim və məlumdur ki, həmin dönəmlərdə müəllimlər maddi cəhətdən sıxıntı çəkirdi”. 

Sultan Laçın bildirib ki, onun müəllimlikdən vaz keçməsinə bəzi neqativ hallar səbəb olub. 

“Müəllimlərin şagirdlərə dediyi ilə gerçəklik uyğun gəlmir. Mərhum Bəxtiyar Vahabzadənin “Ləyaqət” adlı poeması var idi. Orda şagirdi haqsız yerə tuturlar, o da dözməyib intihar edir. Orda bir beyt var ki, deyilir: 

Həqiqət gerçəklə qarşılaşanda

Faciə törəyir, dəhşət bundadır. 

Mən müəllimlik üçün çox darıxıram. Yaxşı şərait yaranarsa, ara-sıra müəllim kimi də fəaliyyət göstərə bilərəm, amma jurnalistlikdən də əl çəkmərəm”.