Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 11:21:47
"Bu əsərləri  oxumayana müəllim demək olmaz" – İrad 

“Bir şəxs, “Don Kixot”,  “Dəfinələr adası”,  “Qulliverin səyahəti”,  “Səfillər”,  “Min bir gecə nağılları”nın  uşaqlara aid olan hissələrini oxumayıbsa, ona ibtidai sinif müəllimi demək olmaz”.   

Bunu AzEdu.az-a açıqlamasında nasir, tərcüməçi  Əyyub Qiyas deyib.

O, qeyd edib ki, ibtidai sinif müəllimləri birmənalı şəkildə Azərbaycan folklorunu, şifahi xalq ədəbiyyatını mükəmməl bilməlidirlər: 

“Ümumiyyətlə, dilin formalaşması üçün folklorun – nağıllar, bayatılar, dastanların rolu böyükdür. Həm də müəllimlər bu nümunələri təkcə oxumaqla kifayətlənməməli, müəyyən hissələri əzbər öyrənməlidirlər. Müəllimlər qoşmalardan, gəraylılardan bir neçəsini yadda saxlasalar, yaxşı olar. Bu, onların danışıq qabiliyyətinin formalaşması üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, 1950-ci illərdən sonraki ədəbiyyat nümunələrindən İ.Şıxlının, İ.Əfəndiyevin əsərlərini oxumaları məqsədəuyğundur.  

Mən tərcümə və redaktə işi  ilə məşğul olduqca əksər yazarlarımızın ingilis, rus dillərini təmiz bilmələrinə baxmayaraq,  tərcümələrində qüsurlar yarandığını görürəm. Bunun səbəbi Azərbaycan dilini gözəl bilməmələri və bazanın zəif olmasıdır”.

 

Ə.Qiyas  ibtidai sinif müəllimlərinin tarixlə bağlı ən sadə məlumatlardan xəbərsiz olmasını acınacaqlı hal hesab edir: 

“Düşünürəm,  bu, cəmiyyətin bəlasıdır. Çünki insanlar təəssüf  ki, öz beyinlərini əlavə informasiya ilə doldurmaq istəmirlər. Mühafizəkar kimi çıxış etmək niyyətində deyiləm, lakin deyim ki, sovet dönəmində ümumi bilik səviyyəsi yüksək idi.  Kiminsə riyaziyyatçı, həkim və ya kimyaçı olmasından asılı olmayaraq, orta bilik səviyyəsi var idi. Qəzetlər yoxdur deyə müəllimlər bütün günü saytlarda , hətta məktəbdə dərs prosesində belə internetdəən istifadə edirlər. Hər halda interneti açıb gündəmlə maraqlansalar və hər 5-ci sinifdən etibarən uşaqlara dərsdən əvvəl 15 dəqiqə gündəmlə bağlı məlumat verilsə, yaxşı olardı. Bunun sayəsində biz gələcəkdə yaxşı idarəçilərin yetişməsinə də nail ola bilərik”.

Yazar Qan Turalı isə qeyd edir ki, müəllimlərin bu probleminin həllini pedoqogikaya düzgün yiyələnmələrində görür:

“Bu məsələ təkcə ibtidai sinif müəllilərinin danışıq qabiliyyətinin zəif olması ilə yekunlaşmır. Zənnimcə, bu, ölkəmizdə Azərbaycan dilinin tədrisi ilə bağlıdır. Son dövrlərdə Azərbaycan dilinin öyrənilməsi və öyrədilməsiylə bağlı  Azərbaycanda az-çox işlər görülür. Hər halda, müəyyən vaxtdan sonra hansısa nəticə əldə etmək olacaq. Hər hansı bir dilin öyrənmə fazası 4 mərhələdən ibarət olur- oxumaq, yazmaq, başa düşmək və danışmaq. Azərbaycan dili üçün orta məktəblərdəki problem ondan ibarətdir ki, şifahi dərslər yoxdur. Lakin bu, bütün Avropa ölkələrində, Amerikada tətbiq olunur. Yəni bu dillərin şifahi nitqi də öyrədilir. Müəllim özünü necə ifadə edə bilər, necə danışa bilər- bütün bunlar ixtisaslara uyğun olaraq daha dəqiq tədris olunur. İbtidai sinif müəllimlərinin danışıq qabiliyyətlərinin formalaşdırılması sırf pedoqogika ilə bağlıdır. Orta məktəblərdə, xüsusilə ibtidai sinif müəllimlərin öyrətdikləri ibtidai xarakter daşıyırsa, bu probleminin həllini yalnız pedoqogikaya düzgün yiyələnmələrində görürəm”.