Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 16:30:00
Nə yeyib, nə içməlisiniz? - Abituriyentlər mütləq oxusun!

“Ölkə olaraq antidepresan adı gələn kimi qorxuruq.  Halbuki, serotonin  ifrazını artıran bəzi yüngül antidepresanlar abituriyentlərin imtahan stressindən xilas olmasına kömək edə bilər”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış həkim-dietoloq, ölkədə ilk diet kitablarının müəllifi Leyla Zülfüqarova abituriyentlərin qida rasionundan danışarkən deyib. Onun sözlərinə görə, abituriyentlər imtahan öncəsi xüsusi hazırlanmalıdırlar: 

“Bu proses iki istiqamətlidir. Fiziki aktivliyi artırmaq üçün insanın immun sistemi gücləndirilməlidir. Zehni aktivliyi artırmaq üçün isə vacib yağ turşuları -“Omega-3”, “Omega-9” tərkibli qidalar yesinlər. Balıq əti və çərəzlərdən istifadə etsinlər. Bu insanlar ay ərzində hər gün bir ovuc qoz,  badam və ya digər çərəzlərdən yeməlidirlər. Eyni gündə çərəzlərin qarışıq yeyilməsi məsləhət deyil. Meyvə yedikdən sonra süd içmək orqanizmi lazimi maddələrlə təmin edir. Elə bilin ki, şagird döyüşə gedir və siz  şagirdin müdafiə sistemini gücləndirərək onu döyüşə hazır vəziyyətə gətirirsiniz”.

Leyla Zülfüqarova qeyd edib ki, imtahan stressinə görə nevrozun yüngül formalarından əziyyət çəkənlər olur:

“Bu insanlar psixoterapevtlərə müraciət edirlər. Antioksidantlarla orqonizmi gücləndirmək lazımdır ki, bir dəfə imtahana girib çıxdıqdan sonra onu bir illik müşahidə edəcək nevrozu qazanmasın. Londonda ən çox istifadə olunan bir molekul var. Bu molekul antidepresan qrupuna aiddir. Orqanizmə daxil olanda serotonin ifrazatını artırır. Çox yüngül dozadadır və Londonda bir ilə iki milyondan çox istifadə olunur. Bu cür molekullardan istifadə etmək olar. Melisa çayı mütləq içilməlidir. Açıq, təzə dəmlənmiş melisa çayı gün ərzində 3-4 dəfə qəbul edilməlidir. Güclü sakitləşdirici təsirə malikdir. “Vitamin E”, “Vitamin D” qəbulu da əsasdır. Yorğunluq, halsızlık kimi əlamətləri özündə daşıyan şagirdin gələcəkdə sağlam tələbə olma ehtimalı azdır. Onun zehni fəaliyyəti də aktiv olmur. Bu zaman abituriyentin motivasiyasında problem axtarmaq lazım deyil. Abituriyentlər imtahan günündən qabaqkı həftə günəşli və açıq havada dərs oxusunlar. Belə havada həm “vitamin D” var, həm də serotonin ifrazını artırır”.

Qeyd etdiyimiz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən may ayının 13-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə bu ilin ilk qəbul imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları