https://www.zirve.edu.az/
02.05.2018 12:56
Qüdrətli Şərq və Azərbaycan hökmdarlarını yetişdirən alimlər

 Şərq və onun bir parçası olan Azərbaycan tarixində bir sıra hökmdarlar olub ki, onların yetişməsində,kamilləşməsində dünyagörüşlərinin formalaşmasında dövrün məşhur filosoflarının, mütəfəkkirlərinin böyük xidmətləri olub. Şərq ənənəsinə uyğun olaraq irsən keçici olan hakimiyyətdə hökmdar ata öz varisinin kamil bir rəhbər kimi yetişmişi üçün ən yaxşı müəllimləri, bilgələri saraya dəvət edərdi. Zəmanəsinin ən müdrik şəxslərindən dərs alan gələcək hökmdarlar da bir əlində tutduqları qılıncla yanaşı, o biri əllərindəki qələmə də sayğı ilə yanaşırdılar. Atəbəylər dövlətinin qurucusu Şəmsəddin Eldəgəz oğulluqları Məhəmməd Cahan və Arslana özü müəllimlik edib. Azərbaycan tarixində bu cür faktların sayı az deyil. Amma elə Azərbaycan filosofları olub ki, onlar nəinki bizim dövlətdə, eləcə də başqa nəhəng imperiyalarda dövran əzəmətli hökmdarlarının mənəvi ataları-müəllimləri olublar. Onlardan biri də  Ağ  Şəmsəddindir:

 Ağ Şəmsəddin və Fateh Sultan Mehmet

Osmanlı tarixinin ən güclü sultanlarından olan Fateh Mehmetin kamil bir hökmdar kimi formalaşmasında ağ Şəmsəddinin böyük xidmətləri olub. Fateh 1453-cü ildə İstanbulu fəth edən zaman burada da ona dəyərli məsləhətləri ilə yardım edən müəllimini çox yüksək qiymətləndirir. Əvvəlcə, Ağ Şəmsəddinin saraya necə gəlməsi haqqında danışaq:

 Ağ Şəmsəddin XIV əsrin sonunda 1389-cu ildə dövrünün tanınan elm xadimlərindən olan Məhəmməd Şəmsəddin Həmzənin ailəsində dünyaya gəlib. Onun nəsil şəcərəsi böyük azərbaycanlı böyük sufi, İşraqilik nəzəriyyəsinin banisi Şihabəddin Yəhya Sührəverdiyə gedib çıxır. Bu gün də istər türk, istər ərəb-fars, istərsə də Avropa tədqiqatçıları Şəmsəddinin Azərbaycandan olmasını inkar etmir. Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirməkdən yana Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Gələcəkdə o həm Sultan Fateh Məhmədin birinci və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya və həkim kimi tanınır. Onun böyük tibb alimi kimi yetişməsindən az sonra ətraflı danışacağıq. Hələlik onu deyək ki, bütün dünyada tibb elmində iki böyük nəzəriyyənin banisi kimi xatırlanmaqdadır.

Şəmsəddin gənc yaşlarında Şərqin böyük sufilərindən olan Hacı Bayram Vəlinin ən nüfuzlu müridi olur. Onun başqa tələbələrdən fərqləndirən bir cəhəti də tibb və əczaçılığa az-çox vaqif olması idi. Bunu əvvəlcə atasından, daha sonra isə Göynükdəki mədrəsə ustasından mənimsəmiş, atasının Şamdan gətirdiyi tibb kitablarını əzbərləmişdi. Elə bir gün də Hacı Bayram Vəli ilə söhbətləşərkən bir kişi çox qaçmaqdan təntimiş halda içəri girir. Hacı Bayram kömək elə, obadakı uşaqlar bir-bir qırılır deyə, ağlayır və yeganə kömək ala biləcəyi sufidən də bunu xahiş edir. Məlum olur ki, Ankaranın çox kənar bir yerində oba başçısı olan bu kişi digər obanın başçısı ilə düşmən kəsildiyindən ondan həmişə pislik görüb. Axırda həmin adam bu obanın istifadə etdiyi su quyusunu murdarlayaraq, yəni, ora ölmüş siçan atmaqla ölümcül mikrobu yayıb. Obaya Hacı Bayramla gələn Şəmsəddin uşaqları yoluxduqdan sonra məsələnin ağır olduğunu anlayır. Əczaçılıq qabiliyyətini işə salaraq müxtəlif dərman bitkiləri toplayıb məlhəmlər hazırlayır. Onun əsas işi nəticəni törədən fəsadları, səbəbləri aradan qaldırmaq idi. Şəmsəddin xəstəliyin kökündə duran mikrobun zərərsizləşdirilməsi nəticəsində əsil sağlamlığın formalaşması qənaətinə gəlir. Beləcə o topladığı dərmanı da birbaşa nəticə olan xəstəliyin yox, səbəb olan mikrobun dəfinə yönəldir. Cəmi bircə həftədən sonra bütün kiçik uşaqlar şiddətli qızdırmadan və halsızlıqdan xilas olur. Bu hadisə Şəmsəddində tibbə olan marağı daha da artırır. Təbii ki, o da böyük mənəvi ustadı İbn Sina kimi təsəvvüflə, hikmətlə tibbin ortaq sintezinə meyl edir. Sonradan yazacağı “Kitabül – Tibb”, “Şərhi əhvali Hacı Bayram Vəli” əsərlərində də bu məsələlərdən bəhs edir. Beləliklə, o, axtarışlarını davam etdirərək mikrob nəzəriyyəsinin əsasını qoyur. “Kitabül Tibb”də bunun açıq - aşkar izahını verir. O dövrün Avropası isə mikrob nəzəriyyəsi ilə yalnız XIX əsrdə tanış olur. Lui Paster nisbətən etdiyi cüzi əlavələrlə ondan 400 il əvvəl bunu kəşf edən Ağ Şəmsəddindən yüngül desək oğurluq etmiş olur. Amma “Kitabül Tibb”də ərz olunan mikrob və onu zərərsizləşdirməyin yolları bu gün də öz aktuallığını qoruyub saxlayır. 

Ağ Şəmsəddinin Osmanlı sarayına getməsi və Fateh Mehmete müəllimlik etməsinin qəribə tarixçəsi var: Bir gün Hacı Bayram Vəliyə sultandan namə gəlir. Naməni oxuyan şeyx müridlərinə bildirir ki, Sultan II Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu onun özünə də çox təəccüblü gəlir. Elə saray elçisinə qoşularaq paytaxta gələn Hacı Bayram sultan tərəfindən böyük hörmətlə qarşılanır. Sultan Murad onu bir həftə buraxmır, dayanmadan məsləhətlərini dinləyir. Axırda iş o yerə çatır ki, sultan ona vəzirliyi təklif edir. Ömrünün ahıl yaşına çatan övliya təbii ki, bu təklifi xəfif bir gülümsəmə ilə qarşılayır. Cavab verir ki, könül sultanlığını bu yaşda dünya taxtına dəyişəcək halı yoxdur. “Amma sənə elə bir gövhər verəcəyəm ki, gələcəkdə par-par parlayacaq, indi bizdən uzaqda qalan Konistantinopolu da ələ keçirəcək”, deyir. Sözlərdən sultan təəccüblənir və cavab verir ki, onun bu yaxınlarda bir övladı olacaq. Bütün ruhumla oğlan olacağını və nəhəng İstanbulu fəth edəcəyinə inanıram. Bayram Vəli təmkinini pozmadan: - İstanbulun fəthini nə sən görəcəksən, nə də mən. Onu sənin gövhərin olan sultan oğlunla mənim gövhərim Ağ Şəmsəddin fəth edəcək. Belə də olur. Gənc Şəmsəddin Osmanlının ən güclü sultanlarından olan Fateh Məhmədin müəllimi olur. Vaqif olduğu elmləri ona da öyrədir, gənc Mehmeti əsil idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilir. Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyasını ona Ağ Şəmsəddin verir. O, “bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”-konkret tarixini göstərərək sultan qoşununu və donanmasını təhlükədən xilas edir və qalib gəlməsinə müəssər olur. 

Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq əmri verir və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başlayır. İstanbul səhər saat 8-də fəth edilir. Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyir. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək: “Sultan budur, gülləri ona verin”,- deyirdi. Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi…

Rəvayətə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmet ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə cavab verib: "Sultanım, sən bizim daddığım  ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...”. deyir.

 Rəşidəddin və Qazan Xan

 XIII-XIV əsrlərdə Azərbaycanda dövlətçiliyin inkişaf etməsi, xalqın yaşam səviyyəsinin dirçəlməsində fəal xidmətləri olan şəxslərdən biri də dövrün böyük alim-təbibi Fəzlullah Rəşidəddindir. Sual oluna bilər ki, bir alimin, yaxud bir təbibin ölkənin iqtisadi rifahına bu dərəcədə böyük faydası ola bilərmi? Söhbət Rəşidəddindən gedirsə, bu sualın cavabı birmənalı şəkildə “bəli” olacaq. Hülakülər dövründə Abaqa xanın şəxsi həkimi olan Rəşidəddin onun və ailəsinin böyük hörmətini qazanır. Həkim olmaqla yanaşı  Abaqa xanın  oğlanları Arqun və Keyxatunun təhsil-tərbiyəsi ilə də dərindən maraqlanır, onlara Şərq fəlsəfəsinin sirlərini, antik dünyanın elmi-fəlsəfi dərkini öyrədir. İbn Sina yolunun davamçısı olan Rəşidəddin fəlsəfə ilə tibbi bir müstəvidə götürdüyü üçün bu iki sahənin sintezindən ibarət təlimlə xan övladlarını maarifləndirir. Sonradan nüfuzu bir az da  artan Rəşidədin dövlətin baş vəziri səviyyəsinə qədər qalxır və bu səlahiyyətindən istifadə edərək bütün Şərqin ən ali tədris müəssisəsi olan “Rəbi-Rəşidi” elm məbədini yaradır. Qəzetimizin bundan əvvəlki saylarında həmin elm məbədi barəsində ətraflı bəhs etmişik. İndi isə Rəşidəddin -Qazan xan münasibətlərinə toxunaq: Elxani sülaləsinin yeddinci hökmdarı olan Qazan xan 1295-ci ildə hakimiyyətə gələndə dövlətin iqtisadi və siyasi durumu çox pis vəziyyətdə idi. Həm daxili çəkişmələr, həm də  xarici basqılar Hülakülərin (Elxanilərin) başının üstündə qara duman olub əskilmirdi. Arqun xanın dövründə ölkədən çox zaman ölkədən kənarda yaşayan və bir xristian təəssübkeşi kimi böyüyən Qazan xan vəziyyətdən çıxış üçün nəhəng alim və böyük təcrübə sahibi Rəşidəddini özünə vəzir təyin edir. Onların arasındakı müəllim-tələbə münasibətləri bundan sonra daha da inkişaf edir. Qazan xan Rəşidəddinin məsləhti ilə Elxanilər tarixində yeni mərhələ sayılan “Qazan xanın islahatları”nı hazırlayır. İslahatların hər bəndi müəlliminin tövsiyəsi və redaktəsi ilə yazılır. Fəzlullah Qazan xana İslam dinini qəbul etməsini və Şərq düşüncə tərzinin hakim olduğu cəmiyyəti bununla daha yaxşı idarə edə biləcəyini məsləhət görür. Qazan xan təbii ki, buna əməl edir və səmərəsini də tezliklə görür.

Qazan xan 1304-cü ilə qədər, yəni taxtda olanadək Rəşidəddinlə müəllim–tələbə münasibətlərini qoruyub saxlayır. Elə bunun nəticəsində də bir alimin işıqlı beyninin məhsulu olan ideyalarla böyük dövləti məhv olmaqdan qoruyur.