Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 11:57:00
Psixoloqdan abituriyentlərə məsləhət:“İxtisası üç şey əsasında seçin”

“Ötən aydan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) yaradılmış psixoloji xidmətə bəzi abituriyentlər və onların valideynləri tərəfindən müraciətlər daxil olur”.

Bunu AzEdu.az-a müsahibəsində DİM-in psixoloji xidmətinin nümayəndəsi, psixoloq Pərviz Kazımov bildirib.

O, abituriyentlərin ixtisas seçimi ilə bağlı nəyə diqqət yetirməsi barədə də fikirlərini bölüşüb.

 - DİM-in psixoloji xidmətinə hansı suallar, hansı formalı zənglər, xahişlər daxil olur? Nə üstünlük təşkil edib? Müraciətlər siz gözlədiyinizdən çox oldumu, az oldumu?

- Mən sizə belə bir şey deyim. Ümumiyyətlə, biz nəzərdə tutmuşuq ki, həm imtahandan əvvəl, həm də sonra xidmət göstərək. Orda da psixoloji məqamlar var. Amma əsasən bizə imtahanlardan əvvəl zənglər gəlir. Stress xarakterli, stressin idarə olunması ilə əlaqədar kömək istəyirlər və təbii ki, bizim psixoloqlar onlara lazımı səviyyədə kansultasiya veriblər. Amma məsələ belədir ki, bəzən stress situativ xarakter daşıya bilər, kəskinləşə bilər. Amma bunun altında ailədə başqa problemlər və yaxud  ciddi problemlər dura bilər. Ona görə bir neçə dəfə müraciətlər olub. Bilavasitə üzbə-üz konsultasiya, daha uzun müddətli konsultasiya üçün müraciət olunub. Hal-hazırda bunu verməyə bizim texniki imkanlarımız yoxdur. Ancaq hazırda internet səhifəsi hazırlayırıq. Bu internet səhifəsi vasitəsi ilə onlayn şəkildə video görüşlər təşkil olunacaq. Psixoloqla konsultasiyaya ehdiyacı olan vətəndaş, abituriyent, tələbə ilə ünsiyyət quracağıq, fiziki olaraq bir yerdən başqa yerə getmədən internet vasitəsi ilə orda konsultasiya keçirə biləcəyik. Bu, geniş yayılmış bir təcrübədir. Bu vasitə ilə daha çox fəaliyyət göstərə biləcəyik və daha çox fayda verə biləcəyik, yardım edə biləcəyik. Hal-hazırda onun proqram təminatı işi gedir.

- Əsasən uşaqların özləri müraciət edirlər, yoxsa onun ətrafındakı qardaş-bacısı, valideynləri?

- Uşaqlar da var, valideynlər də. Hətta olub ki, ikisi bir yerdə müraciət ediblər. Məsələn valideyn zəng vurur, sual verir, biz deyirik ki, uşağa verin telefonu, verirlər və  bu şəkildə gəlir danışır. Ümumiyyətlə, psixologiya barəsində mən bir neçə fikir bildirim. Şox aktual fikirdir. Birincisi əsas problemlərdən biri budur ki, bizim cəmiyyətdə psixoloqa müraciəti ayıb hesab edirlər. Yəni insanlar başa düşməlidirlər ki, psixoloqa müraciət etmək psixiatra müraciət etmək deyil. Ən uğurlu insanların belə, psixoloq konsultantları var. Yəni insanlar bunu nəzərdə saxlasınlar.

İkinci əsas məsələ odur ki, insanlar, xüsusən gənclər başa düşsünlər ki, əgər sizi kimsə məcburiyyətlə psixoloqun yanına aparırsa, psixoloqun sizə kömək etmə ehtimalı çox azdır. Psixoloq sizə kömək etmir. Psixoloq sizə kömək edir ki, siz özünüz özünüzə kömək edəsiniz. Psixoloq sizə sanki təlim verir, təlimləndirir. Siz özünüz öz fikirlərinizi idarə edirsiniz. Yəni psixoloji konsultasiyanın mahiyyəti bundan ibarətdir. Və ən effektif konsultasiya o vaxt baş verir ki, siz özünüz qərar verə biləsiniz ki, mənim hansısa emosianal problemlərim var, əsəbimlə əlaqədar problemlərim var və yaxud da düşüncələrimdə hər hansısa uğursuzluqlar var, mən gedim psixoloq yanına konsultasiyaya. Və bu halda siz həqiqətəndə effektiv olaraq yardım ala bilirsiniz. Əsas məsələ budur.

- Uşaqda hansı əlamətlər olduqda, psixoloqa aparılmalıdır? Yəni şəxsən mənim qızım abituriyentdir. Bu il bizim üçün çox gərgin keçir. Mən şəxsən bu qədər oxuyuram, bu qədər maariflənirəm. Mən heç başa düşə bilmədim psixoloqa müraciət edim, yoxsa nevropatoloqa. Burda bir həkim müdaxiləsi lazımdırmı? Sakitləşdirici içməlidirmi? Yəni mən heç özüm də bilmədim ki, uşağa hansı xarakterli kömək lazımdır. Bunu necə ayırd  etmək olar?

- Çox sadə. Birinci psixoloqa müraciət edin. Əgər psixoloqdan daha ciddi problem varsa , o sizi yönləndirəcək. Yəni dolayısıyla siz mütəxəssiz deyilsiniz, ona görə də müəyyən edə bilmirsiniz. İstənilən halda istəsəniz lap birinci həkimə gedə bilərsiniz. Həkim baxıb deyəcək ki, bunda fiziki problem yoxdur, psixoloqa müraciət edin. Yəni hansısa mütəxəssizə istənilən halda müraciət edin.

 - İndi mən istəyərdim bu imtahanlar, yəni bütün bütün deməzdim, ancaq psixoloji xidməti  yaratmağınızın, maarifləndirmənin də bir əsas məqsəd odur ki, uşaqlar özlərini sərbəst hesab etsinlər və həyacanlı olmasınlar, ancaq sualların cavablarını düşünsünlər. İmtahanların nəticəsi nə göstərir?  Yəni çox pis situasiyaya düşən, həddindən artıq həyacanlanan, imtahandan keçmək nəticəsinə təsir göstərən belə hallar oldumu?

- Bunun kütləvi şəkildə olub-olmamasını deyə bilmərəm, yalnız müraciətlər əsasında deyə bilərəm. Məsələn bir müraciət barəsində danışa bilərəm. Uşaq çox hazırlaşır, ancaq sınaq imtahanlarına gedir yüksək nəticə yığa bilmir, aşağı nəticə göstərir. Valideynlə birlikdə konsultasiyaya gəldi, onun psixoloqunu müəyyən etdik ki, valideyn ilə ayrılıqda konsultasiya etsin, yoxsa birlikdə. Uşağı valideynlə birlikdə  konsultasiya etmişdik və müəyyən olmuşdu ki, valideyn ilə uşaq arasında ünsiyyət problemi var. Uşaq öz üzərində çox ciddi təsir hiss edir. Gərginlik və vicdan əzabı çəkir ki, mənim valideynim mənə bu qədər dəstək verir, mənə maddi yardım edir, o qədər də imkanlı ailə deyilik, ancaq mən birdən onun ümidini doğrultmaram.  Və o ciddi həyəcan və qorxu mərkəzini aktivləşdirir. Qorxu mərkəzinin aktivləşməsi insanın geniş düşünmə qabiliyyətini zəiflədir.  Və ona görə də uşaqla valideyn arasında belə bir konsultasiya olur. İki saatlıq iki dəfə konsultasiya aparıldı və uşağın balında 100 baldan yuxarı fərq oldu. Yəni birinci sınaqla ikinci sınaq arasında kifayət qədər uğurlu nəticə göstərdi. Onlar zəng vurub psixoloqa məlumat veriblər və minnətdarlığını bildiriblər. Yəni belə bir hadisə olmuşdu Ancaq kütləvi şəkildə nə olub, bu barədə məndə məlumat yoxdur.

- Pərviz müəllim, eşitdik ki, imtahanlar zamanı iki nəfər həyacanlanıb, özünü pis hiss edib. Xəbəriniz varmı? 

- Belə hadisələr müntəzəm olur. Amma bizim şəhərin bütün nöqtələrinə “təcili yardım” kimi çatmağa imkanımız yoxdur. Təbii ki, məlumatımız var, ancaq səbəbini araşdırmaq üçün biz ondan müsahibə götürməliyik. Bayaq dediyim kimi, psixloq ancaq o adamlara kömək edir ki,  onlar müraciət etsinlər. Səriştəlilik deyilən bir anlayış var. Səriştəsizlik var, bir də səriştəlilik. Səriştəsizlikdən səriştəliyə gedən yol dörd addımdan keçir. Və onun birinci addımı bunun fərqinə varmaqdır. Tutaq ki, sizin probleminiz var. Siz məsələn, çox kobud bir insansınız. İnsanlarla çox kobud rəftar edirsiniz və bunu normal hesab edirsiniz. Bu halda mənim sizə kömək etməyim, onu düzəltməyim mümkün deyil. Amma elə məqam olur ki, siz başa düşürsünüz ki, yox mən nəyisə düz etmirəm. Siz özünüzə bu sözü dediyiniz halda artıq problemin həlli istiqamətində çox ciddi addım atmış olursunuz.  Və ikinci addım olaraq psixoloqa müraciət edirsiniz və psixoloq sizə lazımı məsləhətləri verir.

- Qarşıda ixtisas seçimi var. Çox uşaq burda da səhv edir, harasa düşə bilməyəndə Allah göstərməsin, intihar halları olur. Bu da psixoloji bir durumdu. Nə məsləhət görərdiniz?. Yəni indi nəyə diqqət yetirməlidilər uşaqlar? İndi müraciət etmirlər, ancaq bizim imkanımız var ki, onlara çatdıraq ki, neynəsinlər, nəyə diqqət etsinlər.

- Təbii ki, hal-hazırda əsas aktual məsələ də budur. İki məsləhət verim. Biri valideynlərə, digəri uşaqlara. Birincisi valideynlər uşaqlarına şərtli sevgi verməsinlər. Sevgi qeyri-şərtsiz olsun. Bu nə deməkdir? Yəni uşaq dəyərini aldığı nəticəyə bağlamamalıdır. Uşaq fikirləşməməlidir ki, mən yüksək nəticə alsam valideynlərim məni sevəcək, dostlarım sevəcək, bacım, qardaşım sevəcək, amma aşağı nəticə alsam məni aşağılayacaqlar. Yox. Uşaq hiss etməlidir ki, mənim nəticəm nə olursa olsun, mən dəyərliyəm. Məni şərtsiz sevən insanlar var. Niyə şərtsiz sevirlər? Çünki mən dəyərliyəm, dünyaya gəlişimin özü bir möcüzədir və insanlar mənim var olduğuma görə xoşbəxtdirlər. Bu proqramla yaşıyan insan əvvəl-axır uğur qazanacaq. Amma insan dəyərini nəticəyə bağlayanda, onda daim insan ətrafındakıları rəqib kimi görməyə başlayır. Yenə də sevdiyim nümunələrdən birini sizə, uşaqlara deyim. Aristotel deyir ki, xoşbəxtliyin dörd səviyyəsi var. Birinci səviyyədə insan kənar obyektlərdən zövq alır, nəyəsə sahib olmaq istəyir. Avtomobilə, evə, yaxşı telefona. İkinci səviyyədə insan özünü başqaları ilə müqayisə edir. Deyir ki, mən ondan ağıllı olum, yaxşı olum, ondan gözəl olum. Bu da müqayisədi. Bu iki səviyyədə insan ilişib qalanda, - yəni bunlar normaldır, hamımızda var - siz ətrafda hamıya rəqib kimi baxırsınız. Rəqib kimi baxmaq o deməkdir ki, həyatınızın hər anında stresslə və qorxu ilə, yəni nə qədər yüksək nəticə alırsınız-alın, deyəcəksiniz ki, filankəs məndən daha yüksək nəticə aldı. Ancaq üçüncü səviyyə çox maraqlı səviyyədir.  Üçüncü səviyyədə insan başqalarına yardım etməkdən xoşbəxt olur. Siz bu səviyyəyə keçə biləndə artıq insanlara rəqib kimi baxmırsınız. Məsələn, Losancelsdə liseylərin birində eksperment keçirirlər. Bir uşaq o birisinə deyir ki, sən kömək et. Sonra bunların beyninə aparat taxırlar və beyindəki aktivliyi müşahidə edirlər. Görürlər ki, ikisinin də beynində müsbət aktivlik başlayır, amma yardım edənin beynində daha çox müsbət aktivlik olur, nəin ki, yardım alanda. Yəni siz başqasından yardım alanda beyin aktivliyi yüksəlir, çoxalmağa başlıyır. Dördüncü səviyyəyə, Transcendental xoşbəxtlik deyirlər, yəni siz mükəmməlləşməkdən zövq alırsınız. Dünya ilə bütünləşmək istəyirsiniz. Dünya ilə bütünləşmək elm yolu ilə ola bilər, incəsənət yolu ilə ola bilər, özünüdərk yolu ilə ola bilər. Bu ən yüksək səviyyədir. Və insanlar həmişə baxsın ki, ixtisas seçərkən mən hansı məqsədlə seçirəm? İxtisasım vasitəsilə başqalarından üstün olmaq istəyirəm, pul qazanmaq üçün istəyirəm, yoxsa başqalarına faydalı olmaq istəyirəm, yoxsa özümü mükəmməlləşdirmək istəyirəm? Dolayısı ilə əgər sizin məqsədiniz özünüzü mükəmməlləşdirməkdirsə və başqalarına yardım etməkdirsə,  sizin qorxularınız azalacaq, sizdə bu gün alınmayıbsa, sabah alınacaq. Məsələn, əgər sizin məqsədiniz insanlara yardım etməkdirsə və siz bu gün istədiyiniz ixtasasa qəbul olmamısınızsa, siz itirməmisiz. Dolayısıyla siz davam edəcəksiniz.  İnsanlara rəqib kimi baxmayacaqsınız. Və rahat şəkildə öz misiyanızı davam edəcəksiniz. Bir də məsələn, kimsə diqqətlidir, kimdəsə daha sürətli alınır. Sadə bir şey deyim də, biz indi araşdırma keçiririk, araşdırmanın ilkin nəticələri gəlib. Araşdırma göstərir ki, ananın təhsili yüksəldikcə evdə uşağın nəticələri yüksəlir. Çünki ana tərbiyədə çox mühüm rol oynayır. İndi siz belə bir şərti vəziyyət təsəvürünüzə gətirin ki, ananız da, atanız da elm adamıdır. Hər gün sizin evinizdə kitab oxunur, televizora az baxılır, ancaq elmi mövzularda söhbət olunur, ritimlər çox sakitdir, hər kəs çox sakitdir və siz bu mühitdə böyümüsünüz. Bir də baxın ki, atanız-ananız kifayət qədər emosianal adamlardır. Yüksək səslə danışırlar, hərdən mübahisə edirlər, evinizdə də belə emosianal bir fəryad səsləri gələn seriallara baxılır, qonşularınız da səs-küylüdür və siz bu mühitdə böyümüsünüz. Nəticədə sizin beyninizdə fərqli ritimlər formalaşıb. Və o ziyalı ailəsində böyümüş uşaq təbii ki, sizdən daha çox oxuyacaq. O, bir saat oxuyanda siz üç saat oxumalısınız. Və bu sizdən asılı deyil. Bu ritimlə formalaşır. Məsələn, Kembric Universitetində belə bir araşdırma keçiriblər. Qatar yolunun yanında yaşayan uşaqlarda çox ciddi diqqət problemi olur. Çünki onlar oturub dərs oxuyanda, iş görəndə hər dəfə qatar keçəndə onların diqqəti yayınır. Araşdırmalar göstərir ki, bu uşaqlar böyüyüb 30 yaşına çatıb, hardasa işləyir və bunlarda səs gəlməyəndə belə refleks formalaşır. Beş dəqiqədən bir başını qaldırıb kənara baxırlar. Yəni insanlar başa düşməlidir ki, bəzən siz elə bilirsiniz ki, anormalsınız, yanınızdakı normaldı. Deyirsiniz ki, mən yəqin zəifəm, problemliyəm. Yox, bu formalışıb. Bu, mühitdə formalaşmış refleksdir. O bir saat vaxt sərf edirsə, siz iki saat vaxt sərf etməlisiniz. Məsələ bundadır. Onun evi, ailəsi bu dəqiqə də sakitdir. Sizdə isə yenədə emosionaldır. Siz özünüzə mühit yaratmalısınız. Çıxın parkda oxuyun. Gözləyin, sakit vaxtlarda oxuyun. Yəni sizin sosial həyatınız daha çətindir. Siz əgər çətinliklərinizi, probemlərinizi idarə etməyi bacarsanız, bir gün gələcək o problemləriniz sizin üstünlüyünüzə çevriləcək. Və bu çətinliklərdən keçərək uğur qazanmış insanlar cəmiyyətə də daha çox fayda verirlər. Bir nümunə də verim. Çox vacib nümunədir. Yenə də Amerikada ştatların birində uzunmüddətli tədqiqat aparılıb. Ştat rəhbərliyi belə bir kvota qoyur ki,  hüquq fakültəsinin 10 faizi mütləq qara dərililərdən ibarət olmalıdır. Qara dərililər isə qəbul ola bilmirlər. Onlar keçid balını salırlar aşağı, yenə də doldura bilmirlər. Axırda qərar qəbul olunur ki, qaradərililər neçə bal yığırsa yığsın, onların ən yüksək bal toplayanlarından o, 10 faizi doldururlar. Və siz təsəvürünüzə gətirin nə baş verir. Yəni bunları tamamilə yararsız balnan qəbul edirlər hüquq fakültəsinə. Hüquq fakültəsində də yüksək ballar qəbul olunur. Sonra bunları dərs müddətində müşahidə edirlər. Görürlər ki, dərsdə də bunlar ağ dərililərdən dala qalırlar. Onlar daha yaxşı oxuyurlar, bunlar zəif oxuyurlar. Amma ali məktəb bitəndən sonra tədqiqat davam edir, bunlar vəkil olur. Bunların vəkillik fəaliyyətini izləyirlər. Görürlər ki, qara dərililər daha çox iş udmağa başlayırlar. Çünki onlar həyatda daha çox əziyyət çəkiblər və ağ dərililər hər problemli işə girmirlər, onlar rahatdırlar, sosial vəziyyətləri də yaxşıdır, iqtisadi vəziyyətləri də. Amma qaradərililər ən problemli işləri götürülər. Onlar qanunları qoyurlar, başlayırlar araşdırmağa, başlıyırlar problemləri həll etməyə və prosesləri udurlar. Və onların problemləri həyatda onlara motivasiya yaradıb. Çünki hüquqşunas olmaq biliklə əlaqəli bir şey deyil, eyni zamanda dəyərlərlə, motivasiya ilə əlaqəli bir şeydir.

- Müsahibəyə görə çox sağ olun. Əgər sizin vacib deyiləsi bir sözünüz varsa, onu da əlavə edin.

- Demək istəyirəm ki, uşaqlar bir neçə amilə fikir versinlər. Yəni ixtisas seçərkən üç şey əsasında ixtisas seçin. İstedad varsa, hansı sahəyə istedad varsa o sahəyə, istedadınız yoxdursa hara marağınız varsa onu götürün, marağınız yoxdursa hara istəyiniz varsa oranı götürün. İstedad, maraq, istək. Bunlara fikir verin həmişə. Bunların əsasında bir də ki,  qəbul olmağı stədiyiniz ixtisası araşdırın. Çünki siz gününüzün səkkiz saatını orda keçirəcəksiniz. Bəzən kənardan hamı sizi təlqin edir, nə bilim prokurorluq işçisi olmaq yaxşıdır, həkim olmaq yaxşıdır. Məsələn, bir psixoloq yuksək balla tibb universitetinə qəbul olub, təsəvürünüzə gətirin ki, ali məktəbi atmaq istəyir və deyir ki, mən əslində indi başa düşmüşəm ki, həkim olmaq istəmirəm. Bundan başqa,  Azərbaycanın ən prestijli universitetlərindən birinin ən yüksək fakültəsinə qəbul olmuş bir oğlan var və o universitetini dördüncü kursda atdı. Yəni bunu bilsinlər insanlar. Belə problemlər də var. Yəni aşağı bal alanın problemi varsa, yuxarı bal alanın da problemi var. Belə nüanslara hər zaman fikir versinlər.

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.