Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 16:40:36
 Abituriyentlər bu kitabları mütləq oxumalıdır – Tövsiyələr

Bədii ədəbiyyat insan dünyagörüşünə, psixologiyasına ən çox  təsir edən amillərdən biridir.  İnsan hər yaş dövründə, xüsusən də  orta məktəb illərində bədii ədəbiyyat nümunələrini bu səbəbdən, mütləq mütaliə etməlidir.

Lakin orta məktəbin son siniflərində oxuyan abituriyentlər demək olar, ümumiyyətlə, bədii ədəbiyyatı mütaliə etmirlər.  Ali təhsil müəssisələrinə hazırlaşdıqları üçün ancaq uyğun ixtisas qrupuna aid fənləri oxuyurlar. Bədii ədəbiyyat oxuduqlarını soruşduqda əksəriyyətinin  cavabı isə “vaxtım yoxdur” olur.

Bəs universitetə hazırlaşan gələcəyin müəllimi, həkimi, hər hansı bir sahə üzrə mütəxəssisinin bədii dünyagörüşü hansı səviyyədə olur? Bunun üçün onlara doğru seçim lazımdır.

Ekspertlər abituriyentlərə bu istiqamətdə  hansı kitabları tövsiyə edirlər?

AzEdu.az-a açıqlama verən ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, onlar həm milli, həm də dünya ədəbiyyatından  yaşlarına, bilik səviyyəsinə uyğun olan nümunələri oxumalıdırlar:

 “Məsələn, Koroğlu, Dədə Qorqud dastanları, Azərbayacan xalq nağılları, qəhrəmanlıq dastanlarından başlanmalıdır.

Klassik ədəbiyyat nümunələrindən Füzulinin “Leyli və Məcnun” dastanının nəsr dili ilə sadələşdirilmiş variantda oxusunlar; bu, versiya   məşhur füzulişünas Sabir Əliyevə aiddir.

Həmçinin, digər dastanların da müasir, daha rahat başa düşülən variantını oxuya bilərlər.

Abituriyentlər bir sıra nəsr və nəzm əsərlərimizi  -  poemalar, şeirlər, romanları oxusalar daha yaxşı olar. İsmayıl Şıxlının “Dəli Kür” , Mirzə İbrahimovun “Gələcək gün”, İlyas Əfəndiyevin “Geriyə baxma qoca”, Elçinin” “Mahmud və Məryəm” romanlarını oxuya bilərlər. Milli ədəbiyyatla yanaşı, həm də müasir dünya ədəbiyyatını da oxusalar yaxşı olar. Çünki qlobal bir dünyada yaşayırıq. Buna görə, dünyanın bir sıra yazıçılarının əsərləri  dilimizə tərcümə olunub. Yaş səviyyələrinə uyğun  onlarla da tanış ola bilərlər. Məsələn, Viktor Hüqonun “Səfillər” romanı həcmcə çox böyükdür. Onun uşaqlar üçün ixtisar edilmiş forması var. Servantesin “Don Kixot” romanı da onun kimi...

C Sviftin “Qulliverin səyahəti” də maraqlıdır. Daniel Defonun “Robinzon Kruzo” romanını məsləhət görərdim ki, oxusunlar”.

 Ə.Cavanşir bildirib ki, onların dünyagörüşünə, məntiqinin , təfəkkürünün inkişafına kömək edən bir sıra psixoloji, fəlsəfi istiqamətdə ümumi  kitablar da oxuya bilərlər:

“Hesab edirəm ki, xüsusən də gənc oğlanlar  Stiv Şekmanın “ Biz kişilər” kitabını oxumağa ehtiyac var.  Bu, onların həm mənəvi, həm fiziki cəhətdən inkişafına müdrik bir adamın tövsiyələridir. Belə tövsiyə xarakterli kitablardan bizim Şərq ədəbiyyat nümunəsi olan “Qobusnamə” ni  də göstərə bilərəm. Bir qədər tarixlə, siyasətlə maraqlanan gənclər Nizamilmülkün “Siyasətnamə” əsərini oxumağı çox məsləhət görərdim. Bu, onların ümumi dünyagörüşünə təsir edə bilər.

Müasir dünya siyasətini, onun idarə edilməsi, qanuna uyğunluqlarını başa düşmək üçün Koelmanın  “300 komitə” -ni oxumağı məsləhət görərdim. Mən o kitabı təxminən 10 il əvvəl oxudum, abituriyent deyildim, amma mən yaşda bir insana bu dərəcə geniş dünyagörüşü verirsə, təsəvvür edin  17-18 yaşlı gəncə necə dünya görüşünə malik olmasına kömək edə bilər.

Azad Mirzəcanzadənin kitablarını oxumağı tövsiyə edirəm. Elm öyrənmək, insanın həm texniki , həm də humanitar elmləri sevənlər “ “İxtisasa giriş” adlanan kitabı oxusalar yaxşıdır. Sovetlər vaxtında bu tip kitablar “Fəzilət və qəbahət” kitabı var idi. Gənclərə ümumi fəlsəfi dünya görüşü verirdi.  Etik istiqamətli Nurəddin Babanlının “Qızlar, sözüm sizədir” kitabı var idi. İndi onları tapa bilməzlər, kiril əlifbasıyladır. Kim kirilcə oxumağı bacarırsa, o kitabları da tapıb oxuya bilərlər. Cəmiyyətdəki davranış qaydaları, ümumi fəlsəfi baxış istiqamətində bu kitablar  onlara materiallar verə bilər. Hər bir elmin əsasında fəlsəfə durur. İstər humanitar, istərsə də dəqiq elmlər olsun. Ən böyük problemlərimizdən biri fəlsəfi ədəbiyyatın yoxluğudur. Son dövrlərdə tərcümə edilir,  amma bunlar o qədər keyfiyyətsizdir ki, onu orta məktəbin  yuxarı sinfində oxuyan gənc  də çətin başa düşə bilər. Əlisa Nicatın bütün dünya filosoflarından  ixtisar edilən, xüsusən də antik yunan filosoflarından tərcümələri var. Onları oxumaqla  fəlsəfi dünyagörüşünün əsası qoyula bilər. Oxuduqları fənni  hansı elmə aid olsa da daha yaxşı  dərk edərlər.  Bu onlarda fəlsəfəyə maraq oyadar, sonralar  geniş şəkildə  o filosoflarla tanış ola bilərlər. Əlisa Nicatın fəlsəfə sahəsindəki  tərcümələrini əldə edib oxusunlar. İlk ağlıma gələnlər bunlar idi. Bir də dostlar arasındakı münasibətdə, praktik  təfəkkürlərinin inkişafında  Deyl Karneginin “Dostu necə qazanmalı”  kitabını məsləhət görərdim”.

 “Müəyyən əsərlər şagirdlərə məktəb proqramı əsasında keçirilir.  Buna ədəbiyyat müəllimləri, psixoloqlar birbaşa cavabdehdirlər” -bunları Kəmalə Abıyeva deyib.

Onun sözlərinə görə, əsərin təhlili çox vacibdir. Bunun üçün müəllim özü də dünyada məşhur psixoloqları, psixoloji əsərləri oxumalıdır:

 “Məsələn, “Leyli və Məcnun”u  keçəndə o dövrlə indinin psixologiyasına təsirini müqayisə edib, uşaqlara sevgi, gözəllik yaradan, yaşamağa sövq edən duyğu kimi aşılana bilər. Bu, əslində, müəllimin gücündən, əsəri necə təqdim etməyindən asılıdır. Bizdə kitabı oxuyub, ancaq məzmunu  deyirlər. Bununla da kifayətlənirlər.  Məsələn, mən Z. Freydi oxumalarını məsləhət görərdim. Onda müəyyən təzadlar var. Amma  çox əhəmiyyətlidir. Bundan başqa Stenli Xolu, Makarinka, Oşo çox maraqlıdır. Psixoloji yanaşmaları var. Aysel Əlizadə Oşonu tərcümə edib, orada  yeniyetmələr üçün maraqlı hissələr var. Tollinin tərcüməsiylə məşğuldur. Orda da eqoyla mübarizə o qədər gözəl verilib ki. Dünyada məşhur ekspert Lorens Steynberq var. O, yetkinlik dövrü ilə bağlı kitab yazıb. Tomas Armstronq isə 40 il müəllim işləyib. “Sən düşündüyündən artıq edə bilərsən” adlı əsəri var. Saydıqlarım rus dilindədir. Azərbaycan dilinə  tərcüməsi var, ya yox bilmirəm. Mehmet Şənoğulun da çox gözəl kitabları var. Onu hamı oxumalıdır. Ayca Mayrokun “Niyə mən” , Rayanın “Adətlərimizi dəyişirik” əsəri də eynilə çox maraqlıdır.  Bu kitabları tövsiyə edərdim. Bir də Leontivi oxusunlar”.

 “Psixologiya elminə aid Azərbaycan dilində fundamental kitablar azdır. Azərbaycanda  bu elm çox az inkişaf edib” - bu sözləri isə yazıçı, psixoloq  İlqar Kamil deyib:

 “Hərdən bununla bağlı kitabları tərcümə etməyi düşünürəm.  Fəaliyyət dairəsi o qədər çoxdur çatdıra bilmirəm. Amma ciddi sahələrdən biridir. Düşünürəm ki Karl Qustav Yunq, A. Adlerin əsərləri tərcümə olunmalıdır. Və gənclər bunları oxumalıdır. Bunlar fundamentdir. Psixologiyada onların yazdığı hər bir əsər ciddi hesab olunur. Bunları tövsiyə edərdim”.