Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 12:09:00
Müəllim namizədlərə müsahibədə hava-su kimi lazım olacaq  tövsiyələr – “Bu sözü işlətməsinlər”

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 41. 288 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

“Müsahibə mərhələsində sualları cavablandıran namizədlər loru dildə, ləhcə ilə danışmamalıdır”

Bu sözləri AzEdu.az-a təlimçi Günel Əliyeva deyib.

Onun sözlərinə görə MİQ müsabiqəsinin müsahibə  mərhələsindən uğurla keçmək istəyən müəllim namizədlərin aydın nitqi, dünyagörüşü  və gözəl təqdimatı olmalıdır:

“Müəllim namizədləri müsabiqənin müsahibə mərhələsinə getdiyi zaman düzgün geyim seçimi etməlidirlər. Müsahibə mərhələsində iştirak edəcək müəllim namizədləri bər-bəzəkli paltar geymələri məsləhət görülmür. Ümumiyyətlə, müsahibə mərhələsində iştirak edəcək namizədlərin ağ-qara paltar geymələri şərt deyil. Lakin sakit rəng tonlarının kombinasiyasından ibarət olan kostyum müəllim namizədlərin geyim seçimi ola bilər.  Çünki müəllim namizədləri unutmamalıdırlar ki, gözəl təqdimat geyim mədəniyyətindən başlayır.

Müsahibə mərhələsində iştirak edəcək ekspertlər müəllim namizədlərin geyimlərinə də fikir verəcəklər. Ekspertlər üçün maraqlıdır ki, müəllim namizədləri müsahibə mərhələsinə nə dərəcədə səliqəli, zövqlü geyiniblər. Çünki şagird qarşısında dərs deyən müəllim səliqəli olmalıdır.

Müsahibə mərhələsində iştirak edəcək müəllim namizədləri rahat ayaqqabı geyinsinlər. Çünki ayaqqabının səsi belə müəllim namizədlərin fikrini yayındıra bilər”.

Günel Əliyeva bildirib ki, MİQ müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçmək istəyənlər ilk növbədə özünəinamlı olmalıdırlar:

“Yaradılmış ekspertlər qrupu tərəfindən dünyagörüş, psixoloji, ixtisas və kurikulum bilikləri ilə bağlı suallar müəllim namizədlərinə ünvanlanır.

Dünyagörüşü suallarına mühüm tarixi hadisələr, ölkə əhəmiyyətli layihələr, ictimai- siyasi xadimlər haqqında məlumatlar daxildir. Həmçinin, dünyagörüşüylə bağlı suallarda namizədlərin teatr, kino, mədəniyyət sahələri ilə bağlı bilikləri də yoxlanılır.  

Müsahibə mərhələsində psixoloji suallar müəllim namizədlərin psixoloji durumu və səbrini yoxlamağa xidmət edir.

Kurikulum suallarına isə fəal dərsin mərhələləri, dərsin necə qurulması haqqında suallar müəllim namizədlərinə ünvanlanır. Həmçinin kurikuluma aid vacib məlumatlar da soruşulur”.

Təlimçi MİQ müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçmək istəyən müəllim namizədlərinə tövsiyələrini də bildirib:

“Bəzən namizədlər düşünür ki, müsahibə mərhələsində hansısa sualı bilməsəm pis vəziyyətə düşüb, həyəcanlanaram.  Elə buna görə də müsahibə mərhələsindən uğurla keçmək üçün müəllim namizədlərinə qızıl qaydalarımı ümumiləşdirilmiş formada təqdim edirəm: Müsahibə iştirak edəcək müəllim namizədləri ilk növbədə sərbəst və təvazökar olmalıdırlar. Onlar səmimi cavabları ilə ekspertləri təəccübləndirməyi də bacarmalıdırlar. Müəllim namizədləri danışdıqları zaman səs tonunun eşidilməyəcək qədər zəif, qulaq batıracaq qədər möhkəm olmasına diqqət etməlidirlər. Müsahibə mərhələsində sualları cavablandıran namizədlər loru dildə, ləhcə ilə danışmamalıdırlar.

Onlar danışdıqları zaman ədəbi dilin normalarına riayət etməlidirlər.  Onu da bildirim ki, müsahibə mərhələsində müəllim namizədləri ürəyindən keçən cavabı verməli, lakin məntiqi cəhətdən əsaslandırmalıdırlar.

 Müəllim namizədlərə tövsiyəm budur ki, qətiyyən " bilmirəm" ifadəsini işlətməsinlər. Çünki hər kəsin bilmədiyi və ya yadından çıxan sual ola bilər. Elə buna görə də bildiyiniz digər məlumatları ətraflı danışın ki,  bilmədiyiniz sualı sizə "bağışlasınlar". Həmçinin, münsiflər heyətinin suala verdikləri cavabı müəllim namizədləri özü bitirməməlidir. Münsifləri heyəti "kifayətdir" deməyənə qədər müəllim namizədləri mövzu haqqında ətraflı danışmalıdırlar. Onu da bildirim ki, müəllim namizədləri bütün cavabları elmi şəkildə əsaslandırmalıdır. Məsələn, fikrinizcə, sinifdə şagirdlərlə hansı mühit qurulmalıdır, bürokratik ciddi rejim, yoxsa sərbəstlik? “Məncə, əsl müəllim mülayimliklə ciddiliyi uzlaşdırmalıdır. Uşaqların sərbəstliyi məhdudlaşdırılmamalıdır. Lakin nə qədər səmimi sosial- psixoloji mühit varsa, bir o qədər də ciddilik gözlənilməlidir. Əsl müəllim uşaqlarla "etməlisən", "olmalısan" kimi ağır, çətin görünən sözlərlə deyil, "etsən yaxşı olar" şəklində danışmalıdır”,- deyə müəllim namizədləri cavablandırmalıdırlar”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları