Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 13:10:00
Adı planetə verilən professorumuz: “Din haqqında artıq-əskik danışan şəxs, yaxşı alim ola bilməz”

“İndi elmi məqalə yazmağı bacaranlar Sovet dövründən qalmış mütəxəssislərdir”

“Marsla Yupiter arasında Azərbaycan “diasporu” formalaşıb”

Bu sözlər Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, professor, Beynəlxalq Astronomiya İttifaqının üzvü Əyyub Quliyevə məxsusdur.

TƏQDİMAT: Əyyub Quliyev 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

1997-2015-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru olub.

Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

1999-cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlandırılıb və müvafiq astronomik kataloqlarda həmin kiçik planet "ayyubguliev" adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Eləcə də, onun təşəbbüsü və vəsatəti ilə daha üç kiçik planetə “Nizami”, “Tusi və Cavid” və “Nəsimi” adı verilib.

Alim 2011-ci ildə Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

AzEdu.az Əyyub Quliyevlə müsahibəni təqdim edir.

-Professor Cəfər Quluzadə müsahibə zamanı kainatın genişlənməsi nəzəriyyəsi ilə razı olmadığını qeyd edib. Bu, aparılan elmi tədqiqatların və əldə edilən nəticələrin inkarı deməkdir. Üstəlik, yalnız Cəfər Quluzadə deyil, bir çox alimlər də bu fikirdədirlər...

-Bugünkü elmimizin səviyyəsi, kainat haqqında bizdə olan məlumatlar onu deməyə əsas verir ki, kainat doğrudan da genişlənir. Bu barədə hər alimin fikri ola bilər, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.

Bu gün kainat genişlənmir söyləmək, əlimizdə olan elmi nailiyyətləri təkzib etmək deməkdir. Hesab edirəm ki, kainat genişlənir. Ola bilər ki, onun genişlənməsində müəyyən təcil var və ya elə vaxt gələr ki, kainat sıxıla da bilər. Bu gün Habbl sabitinə əsasən, kainatın genişlənməsi şübhə doğurmur.

-Alimlərin bir çoxu kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə, ya da Ayda insanın yaşaması üçün süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Ümumiyyətlə, başqa planetlərdə həyat, xüsusilə də ali şüur axtarışları özünü doğrulda bilirmi?

-Mənə elə gəlir ki, doğruldacaq. Lakin bu hadisələrin yaxın müddətdə baş verəcəyini gözləmək mümkünsüzdür. Bu qədər optimist olmaq lazım deyil. Marsa səfər üçün çox böyük hazırlıq işləri getməlidir. Ən vacib məsələlərdən biri insanın həmin şəraitə, mühitə uyğunlaşa bilməsini təmin etməkdir. Marsa hələ təkcə gedib qayıtmaq il yarım, bəzən də iki-üç il vaxt tələb edən prosesdir. Hələ orda koloniya qurmaqdan bəhs etmirəm. Üstəlik, planetdə güclü burulğanlar olur, küləklər əsir. Ona görə də kosmik şirkətlər yerin altında koloniya qurmağı və tədqiqatlar aparmağı planlaşdırırlar. Lakin qeyd etdiyim kimi çox da optimist olmaq düzgün deyil. Öncəliklə insanların özləriylə bağlı məsələlər həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, Marsa uçuşa ən az 1 il vaxt lazımdır. Səfərdə iştirak edəcək insanların hər şeylə təmin olunması vacibdir. Onlardan birinin dişi, birinin başı ağrıya bilər və ya hansısa xəstəlik keçirə bilərlər. İnsanlar 100%  sığorta olunmalıdırlar. Əgər Yerdə bir insanı itiririksə, bu elə də böyük sensassiyaya səbəb olmur. Bir insanın orbitdə və ya başqa planetdə itməsi bəşəriyyət üçün böyük faciədir.

-Həyat axtarışları demişkən, bildiyim qədərilə Yupiterin və Saturnun peyklərində həyat izlərinə rast gəlinib..

-... Günəş sistemində Yerdən başqa alternativ həyatın olduğuna 50-60%  inanıram. İstər Marsda, istər Saturnun və ya Yupiterin peyklərində çox böyük su ehtiyatları var. Son illərdə məlum olub ki, su Günəş sistemində çox geniş yayılıb. Sabah Saturnun peyklərin hansındasa hansısa formada həyatın olduğu aşkarlansa, təəccüblənmərəm. Lakin söhbət ali şüurdan gedirsə, bu, qəliz məsələdir. Antarktikanın özündə belə mənfi yüz dərəcə soyuq olan yerlərdə həyat hansısa formalarda davam edir. Günəş sistemində ikinci həyat mənbəyinin tapılması tamamilə realdır.

-Elmi məqalələrdən birində qeyd olunur ki, Marsda koloniya qurmaq və orada insanların yaşamasını təmin etmək mümkün olarsa, burada doğulacaq uşaqlar bizdən istər fizioloji, istərsə də bioloji cəhətlərinə görə fərqlənəcək...

-Marsda insanların yaşaması üçün şərait yaradılması mümkün olsa, o şərait mütləq Yerə uyğun olmalıdır. Bu səbəbdən də, Marsda uşaq dünyaya gələrsə, o elə Yerdəki insanlara bənzəyəcək.

-Əyyub müəllim, planetlərin asteroidlərin toqquşaraq birləşməsindən əmələ gəldiyinə dair nəzəriyyələr mövcuddur. Siz necə düşünürsünüz, planetlərin yaranmasında hansı nəzəriyyə daha realdır?

- Bəli, müasir elmdə qeyd etdiyiniz nəzəriyyə üstünlük təşkil edir. Qeyd olunur ki, Günəş sisteminin yerində ulduz və onun ətrafında dumanlıq olub. Sonra dumanlıq çökməyə başlayıb, buna da “kollaps” deyirlər. Bunların içərisində sıxlaşmalar əmələ gəlməyə başlayıb ki, təzyiqin və temperaturun müxtəlifliyindən öz aralarında birləşərək planetləri əmələ gətiriblər. Planetlərin daxilində mürəkkəb proseslər gedir. Lakin onların yaranması ilə bağlı başqa ideyalar da var. Fərziyyələrin birində deyilir ki, Günəşdən qopan maddə soyuyaraq kondensasiya olunub və planetləri əmələ gətirib. Bu gün mütəxəssis kimi planetlərin yaranmasını ən yaxşı izah edən nəzəriyyənin Günəş sisteminin yerində ulduzu olması ilə bağlı olduğu fikrindəyəm. Kainatın bir çox yerlərində bunun analogiyası var.

-Bəs günümüzdə yad fəza cisimlərindən, xüsusilə də asteroidlərdən gələcək təhlükələri dəf edəcək texnoloji avadanlıqlara sahibikmi?

-Yer üçün təhlükə yarada bilən asteroidlərin sayı çoxdur. Lakin onların böyük əksəriyyəti elə zonalarda hərəkət edir ki, ancaq bir- birləri ilə toqquşa bilərlər. Potensial təhlükəli asteroidlərin hərəkətləri xüsusi texnikalarla öyrənilir. Belə təhlükə üzə çıxarsa, aradan qaldırmaq üçün texniki imkanlardan istifadə olunacaq.

-Bildiyimiz qədərilə “Naməlum planet” nəzəriyyənizə görə sizə xaricdən bir çox dəvətlər gəlir..

-Bəli, xarici ölkələrdən çoxlu dəvətlər alıram. Sonuncu dəfə Serbiyada, bundan başqa Rusiya və Ukraynada olmuşam. Hər səfərimdə mütləq çıxışlar edirəm. Günəş sistemində naməlum planet haqqında nəzəriyyəmiz artıq başa çatmaq üzrədir. Bu nəzəriyyə 2-3 aya Avropanın elmi jurnallarından birində çap olunacaq.

-Nəzəriyyənin ideya və prinsiplərinin əsasını nə təşkil edir?

-Günəş sisteminin uzaq zonalarında təxminən Yerdən 10 dəfə böyük planet var ki, hələlik məlum deyil. Bu planet komet sistemində müəyyən təlatümlər yaradır. Planetin özünü görməsək də, təlatümləri riyazi yollarla ortaya çıxara bilirik. Bu nəzəriyyə yeni deyil, hardasa 30 ilə yaxındır ki, öyrənilir. Naməlum planet haqqında bir çox nəzəriyyələr var. Amma bizim nəzəriyyəmiz hamısından fərqlənir. Yanaşmamızla dünyanın ön sıralarındakı digər nəzəriyyələrlə baş-başa gələ bilirik. Planet uzaq olduğu üçün teleskoplarımız onu müşahidə edə bilmir. Lakin planetin dəqiq yeri aşkar edilsə, onda onu müşahidə etmək üçün xüsusi avadanlıqlardan istifadə etmək mümkündür. Tək mənim deyil, digər hipotezlərdə də yer dəqiq göstərilmir.

“İndiki gənclər təhsili bitirib yüksək maaşlı yerdə işləmək həvəsindədirlər”

- Xarici ölkələrlə müqayisədə Azərbaycanda elmə münasibəti necə dəyərləndirirsiniz?

- Dünya ölkələrində gənclərin elmə marağı bir-birindən fərqlənir. Bizdə isə o qədər də ürəkaçan qiymətləndirmək olmaz. Bunun əsas səbəblərindən biri elmin mətbuatda, xüsusilə də TV-lərdə zəif təbliğ olunmasıdır.  Lakin buna baxmayaraq yenə də müəyyən qədər maraq var. Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində dərs dediyim uşaqlar var ki, onları həvəsləndirməyim nəticəsində hazırda Avropa təhsili alırlar. Dəstək istəyənlərə professor kimi əlimdən gələni edirəm. Üstəlik, Türkiyədə oxuyub gələnlər də var. Ona görə deyə bilmərəm ki, elmə maraq çox zəifdir. Lakin dünya ölkələriylə müqayisədə təbii ki, böyük deyil.

-Təbliğatın zəifliyi məsələsinə toxundunuz. Yəqin, orta məktəblərdə Astronomiyanın tədrisinin ləğvi də məsələyə təsirsiz ötüşməyib..

-Astronomiya fənninin tədrisi ləğv olunmamalı idi. Tələbəyə deyirəm ki, gəl, elmi işi mənlə bir yerdə yaz, o dəqiqə sual verir ki, maaş nə qədərdir? Məbləği deyən kimi başlayırlar gülməyə. İndiki gənclər təhsili bitirib yüksək maaşlı yerdə işləmək həvəsindədirlər. Bizim elmdə də yüksək maaş yoxdur.

-Elmə marağın azlığı kadr çatışmazlığına səbəb olurmu?

-İndinin özündə də kadr çatışmazlığı hiss olunur. Hazırda elmi məqalə yazmağı bacaranlar Sovet dövründən qalmış mütəxəssislərdir.

Mən uzaq dağ kəndindən gəlmişdim, heç rus dilini də bilmirdim. Daxildə həvəs, məhəbbət olanda, o hər şeyi üstələyir. Bizim gənclərdə praqmatizim artıb, romantizim isə azalıb. Real hadisələrə daha çox önəm verirlər. Biz isə o zaman fikir vermirdik ki, maaş nə qədərdir. Önəmli olan sevdiyimiz işi görmək idi.

Tanrı zaman və qravitasiya ilə bağlı bütün sirləri özündə saxlayıb”

-Zaman-zaman mətbuatda bizə kosmik yeniliklər kimi təqdim olunan elmi nailiyyətlərin utopiya olduğuna dair fikirlər səsləndirilir. Qeyd olunanlara əsasən, bu utopiyaların fundamenti Yuri Qaqarinin kosmosa səyahət etməsi ilə qoyuldu..

- Yuri Qaqarinin  kosmosa səyahəti Amerikaya çox böyük şok yaşatdı. Sovet ittifaqı, maliyyə və texnologiya cəhətdən ABŞ-dan çox geri idi. Birdən-birə sıçrayışın olması ABŞ-ı məcbur etdi ki, böyük miqdarda maliyyə xərcləyib, Aya birinci  adam yollasın. Söhbət çox böyük məbləğdən, yəni 10 milyardlarla dollardan gedir ki, indi Amerika həmin məbləği ayırmaq istəmir. O zaman isə bu, prestij məsələsi idi. 1980-ci illərin sonlarına qədər çoxlu ekspertizalar aparıldı, kosmonavtlar müxtəlif uçuşlarda iştirak etdilər. Mütəxəssis kimi bunların hamısını real hesab edirəm. Başqa söhbətlər tamamilə yalandır.

-Əyyub müəllim, kainatda alimlərimiz üçün gizli qalan məsələlərdən ən başlıcası zaman anlayışıdır. Son illərdə bu anlayışın dərindən öyrənilməsi istiqamətində hansı elmi nəticələr hasil olub?

-Zaman anlayışı kosmologiyada çox ciddi məsələdir. Alim olaraq mənə görə, 2 ciddi mövzu var ki, Tanrı bunların həllini özündə saxlayıb. Onlardan biri zaman, ikincisi isə qravitasiyadır. İnsan qravitasiyanı tam başa düşə bilsə, onda çox böyük sıçrayışlar ola bilər.

-Yəni yaradıcı qüvvəyə inanırsınız..

-Bəli, niyə də inanmayım?!

-Bu mövzuda alimlər arasında dərin fikir ayrılıqları mövcuddur...

-Mən yaradıcı qüvvəyə inanıram,  tanışlarım olub ki, 50-60 il astronomiyaya qulluq edib, nailiyyətlər qazanıblar. Ömrünün son illərini isə monastrlarda rahib kimi keçiriblər. Məşhur dostum Nikolay Çernikin bir sözü var: böyük bilikdə böyük kədər var. İnsan nə qədər çox bilirsə, başa düşür ki, heç nə bilmir. Kimsə hesab edirsə, hər şey bilir, onun psixologiyası yerində deyil. Bu o demək deyil ki, biz heç nəyi öyrənməyə cəhd etməməliyik. Yaradan bizi elə yaradıb ki, ətrafı dərk etməyə çalışaq. Dərk elədikcə görürsən ki, böyük bilikdə böyük kədər var. Öncələr dahilərin bilikləri hazırki universitet tələbələrinin kainat haqqında bilgilərindən az olub. Lakin bu, onları danmalı olduğumuz anlamına gəlmir. Proses bir təkamül mərhələsidir. Nəsrəddin Tusinin ideyaları, Eynşteynin nəzəriyyələri olmasaydı, elm inkişaf edə bilməzdi. Bütün astronomlar qəlbən Tanrıya inanırlar.

Özüm də çoxlu alimlərlə oturub-durmuşam. Onlar deyirlər ki, yaradana mütləq inanmalısan. İnanmasan, yaşamaq mümkün olmaz.

-Bəs alim olaraq dinə münasibətiniz necədir?

-İslam dini bizim mənəvi varlığımızdır. Bu gün ola bilər ki, namaz qılmayım, oruc tutmayım, lakin din mədəniyyətimin, varlığımın bir hissəsidir. Kimsə İslam dini barədə artıq-əskik söhbət edirsə, hesab edirəm ki, o yaxşı alim deyil. Tanrı bizi öyrənmək üçün xəlq edib.

“Planetə Əyyub Quliyevin deyil, Füzulinin adını verə bilərdilər”

-Planetlər adlandırılarkən Yunan və Roma mifologiyasından bəhrələnilib. Gələcəkdə aşkar olunan planetlərə Şərq mifologiyasını təmsil edən qəhrəmanların adlarının verilməsi mümkün ola bilərmi?

-Proses tarixən belə aparılıb. Qədim zamanlarda Merkurinin və Veneranın varlığını bilirdilər. Hazırda planetlərin sayı o qədər artır ki, miflərdəki qəhrəmanlar da kifayət eləmir. 2 il bundan əvvəl konkursa rast gəldim. Planetlərin adlandırılmasında təkcə yunan miflərindən yox, başqa xalqların miflərindən də istifadə etmək lazımdır.Bu bir növ müsabiqə idi. Mən Şərq miflərindən təkliflər verdim. Təbii ki, burada səs çoxluğu əsas rol oynayır. Bu, tarixin yaşadılmasıdır. Keçmişi unutsaq, gələcəkdə uçurama gedib çıxarıq.

-Yeri gəlmişkən, Mars və Yupiterin arasında sizin adınıza kiçik planet də mövcuddur...

-Bu məsələ 2007-ci ildə baş verib. Ukraynadan əməkdaşlarımız bura gəlib-gedirdilər. Rəsədxanada gedən prosesləri xüsusi izləyirdilər və mənə sürpriz edəcəklərini dedilər. Onlar əldə olunan uğurları toplayaraq Beynəlxalq Astronomiya İttifaqında vəsatət qaldırıblar ki,  bir planet Əyyub Quliyev adlandırılsın. Buna da nail olmuşdular. Təbii ki,həmin insanlar hazırda həyatda deyillər. Lakin mən onların ruhu qarşısında baş əyirəm. Ancaq onların yerinə olsaydım, mənim adımı yox, mütəfəkkirlərimizin, məndən də güclü alimlərimizin adlarının verilməsini istəyərdim. Məsələn, Əyyub Quliyevin deyil, Füzulinin adını verə bilərdilər. Astronomlar bu məsələdə şəxsən tanıdıqları insanlara daha çox üstünlük verirlər.

-Eyni zamanda Nəsiminin adının bir planetə verilməsinin təşəbbüskarı da siz olmusunuz..

-Bəzən elə sözlərə rast gəlirəm ki, onları yalnız Nəsimi deyə bilərdi. Nəsiminin yubileyi yaxınlaşan ərəfələrdə bu təşəbbüsü etdim. Nəsimi deyir: “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”. O, həqiqətən də bu cahana sığmadı.

Hazırda Marsla Yupiterin arasında Azərbaycan diasporu formalaşıb. Orda Nizami,Cavid, Nəsimi, Maqomayev, Tusi planetləri var. 11-12 göy cismi var ki, mən onlara “diaspora” deyirəm.

-Azərbaycanda elmə marağın yetəri qədər olmadığını qeyd etdiniz. Bəs xaricə olan səfərlərinizdə kosmik agentliklərdə çalışan həmyerlimizə rast gəlmisiniz?

-Avropa Kosmik Agentliyində olsam da, orda azərbaycanlıya rast gəlməmişəm. NASA-da eşitdiyimə görə var, lakin şəxsi tanışlığım yoxdur. Olduğum böyük rəsədxanaların heç birində azərbaycanlıya rast gəlməmişəm.

Bir gün Hollandiyada konfransda idim. Sona adlı xanım çox gözəl çıxış edərək bütün auditoriyanın diqqətini özünə cəlb etdi. Çıxışı yeni kəşf etdiyi teleskop barədə idi.  Sona xanımla foyedə rastlaşdıq. Ondan tədbirə haradan qatıldığını soruşdum. Cavabında İrandan gəldiyini, fars deyil, cənubi azərbaycanlı olduğunu bildirdi. O xanımın çıxışı , həvəsi, auditoriyanı özünə tabe etməyi bacarması mənə çox maraqlı gəldi. Bu gün hansısa azərbaycanlının da NASA-da çalışa bilməsi qeyri-real hadisə deyil. Texniki bilgilərə yaxşı bələd olan, teleskoplardan istifadə etməyi bacaran və qarşısına məqsəd qoyan şəxslər burada çalışa bilərlər. 

-Bu gün dünyanın siyası arenasında görünən və görünməyən müxtəlif hadisələr baş verir. Bu hadisələri nəzərə alsaq, deyə bilərikmi ki NASA bizdən dünyamızla bağlı bir çox həqiqətləri gizlədir?

-Bu qədər böyük təşkilat hər zaman məxfi tədqiqatlar aparırlar. Dövlət də bu kimi məhdudiyyətlər qoya bilər ki, hansısa gizli bilgilər yayımlanmasın. Lakin hər hansı təhlükənin və yaxud hansısa böyük hadisənin dünyadan gizlədilməsi kimi söyləntilərə inanmıram.

-Bəs deyildiyi qədər dünyamızın yaxın gələcəkdə ciddi təhlükələrlə üzləşməsi, sizcə reallıqdır, yoxsa sadəcə olaraq faktlar bir qədər şişirdilir?

-Dünyanın gələcəyi ilə bağlı bəzi şeyləri çox şişirdirlər. Məsələn, texnogen proseslərin Ozon qatını dağıtması məsələsi buna nümunə ola bilər. Əgər bəşəriyyət istəsə, dünyanı o qədər də böyük təhlükələr gözləmir. Lakin birdən Hitler kimi bir adam ortaya çıxıb bütün dünyaya meydan oxuyacaqsa, bu zaman nəsə demək çətindir. Bu məsələdə hər kəs ehtiyatlı olmalıdır. Çirklənmə proseslərini insanlar törədir. Dünyanın qorunmasında beynəlxalq təşkilatların gücü artmalı, yetişə biləcək diktatorların sayı məhdudlaşdırılmalıdır. Ümumilikdə isə dünyanın sonunu optimist görürəm.

Foto: Şükufə Süleymanlı

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları