Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 16:30:00
“Çernobılın zərərlərini həddən artıq şişirdirlər” - AKADEMİK

“Çernobıl qəzası nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv izotoplar yayılıb, nüvə materialları atılıb və bunların çoxunun yarımparçalanma mərhələsi min illər çəkir. Bu səbəblə, oranın tam sağlamlaşması haqda söz demək bir az çətindir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında kimya elmləri doktoru, akademik Adil Qəribov deyib. Akademik əlavə edib ki, keçən 32 il ərzində müxtəlif izotopların yarımparçalanma dövrü keçib və onların radiasiyası 2 dəfə aşağı düşüb:

“Ona görə də, bu gün orada yüksək radiasiya fonu əvvəlkinə nisbətən aşağı səviyyədədir. Çernobıl ciddi qəzadır. Bu qəza nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv izotoplar yayılıb, nüvə materialları atılıb və bunların çoxusunun yarımparçalanma mərhələsi min illər çəkir. Bu səbəblə, oranın tam sağlamlaşması məsələsi haqqında söz demək bir az çətindir. Çünki həmin izotoplar təbii şəkildə yuyulmalı və haradasa cəmlənməlidir. Bu sahədə müxtəlif işlər aparılır-həmin ərazidə yerləşən hissələrə müxtəlif  toplama kanalları çəkilir, sistemlər vasitəsilə təmizlənmə işləri gedir. Ciddi işlər görülməsinə baxmayaraq, hələlik tam sağlamlaşma mühiti əldə edilməyib”.

Akademik deyir ki, Çernobıl qəzasında yalnız 186 nəfər həlak olub, amma  bu faciənin zərərini çəkənlərin sayı həddindən artıq şişirdirlər:

“Həlak olanların çox kiçik bir hissəsi yüksək radioaktiv şüalanma xəstəliyindən dünyasının dəyişib. Odur ki, Çernobılın insan faktoruna zərərlərini həddən artıq şişirdirlər, amma, məncə, bu qədər böyütməyə dəyməz. Bu söz-söhbətlər başa düşülən haldır, hər-halda Çernobıl nəticəsindən asılı olmayaq, böyük qəza və problemdir. Bu qəza, o dövrdə Sovet İttifaqının idarəetmə sisteminin nəticəsi idi. Burada reaktorun heç bir günahı yoxdur, çünki müsbət əmsallı reaktorla bu cür təcrübələrin aparılmasına icazə verilməməlidir. Buna icazə verdilər, nəticəsi də belə oldu. Orada hər 10 dərəcə temperaturun qalxması gücün 25 dəfə artımına səbəb olur. Ona görə, belə reaktorlarda təcrübə aparmaq mümkün deyil”.

Onun sözlərinə görə, hadisə baş verəndən sonra Çernobılın 10 illiyində xərçəng xəstəliyinin geniş yayılması gözlənilirdi:

“Sevindirici haldır ki, bu müşahidə özünü doğrultmadı. Elə radiologiya elmləri də hadisələr qarşısında acizdir. Bu məsələ hazırda tibb alimlərini düşündürür”.

Qeyd edək ki, bu gün Çernobıl faciəsindən 32 il ötür. Bu faciə, 26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verib. Qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alınıb. Faciəvi hadisə bütün şəhəri xarabalığa, ətrafdakı zonaları isə yüksək radioaktiv ərazilərə çevirib. Çernobıl qəzasını Fukusima-1 AES-da baş verən qəzadan yalnız bir şey fərqləndirirdi: Çernobıl insanların səhvi,  Fukusima-1 isə təbiətin şıltaqlığı nəticəsində baş verib. Çernobıl qəzası nəticəsində yaranan radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olub.