https://www.zirve.edu.az/
27.04.2018 11:05
“Hədəf diplom alan yox, diplom verən olmalıdır” - Müəllimlərin işə qəbul qaydalarına etiraz

Xəbər verdiyimiz kimi, 26 apreldə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlandığını, qaydalarda yeniliklərin tətbiq olunduğunu deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq.

E.Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub.

Bəs direktor və müəllimlərin işə qəbulunda edilən dəyişikliklər nə kimi yeniliklər yaradacaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, müəllimlərin işə qəbul qaydaları son 15 ildə bəlkə də 15 dəfəyə qədər dəyişdirilib:

“İstəsək də, istəməsək də açıq etiraf etməliyik ki, ölkəmizdə müəllimlərin işlə təmin olunmasında ciddi problemlər yaşanır. Müəllimlərin sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu"nun yarandığı haqda dəfələrlə yazılıb, müvafiq fikirlər bildirilib. Problem cəmiyyətdə də ciddi narazılıq yaradıb.

Sovet dövründə müəllimlərin işə qəbulu məsələsi birbaşa təyinatla həyata keçirilirdi. Yəni, tələb-təklif prinsipi var idi. Müvafiq təklifə əsasən bütün yerlərdə vakansiyalar öyrənilirdi və bunlar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiyaya uyğun ali məktəbi bitirənlər birbaşa təyinat ilə yerlərə göndərilirdi. O vaxt bu məsələ öz həllini tapmışdı.

1990-cı illərdə müəllimlərin işə qəbulu məsələsi rayon təhsil şöbələrinə həvalə olunmuşdu. Bütün müəllimlər rayon təhsil şöbəsi tərəfindən işlə təyin olunurdu. Bütün məktəblər vakansiyaları "Azərbaycan müəllimi" qəzetində dərc edirdilər. Hər məktəbin qabağında o vakansiyalar yerləşdirilirdi. Məktəbdə 9-11 nəfərdən ibarət xüsusi komissiya fəaliyyət göstərirdi. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müəllimin namizədliyini rayon təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra rayon təhsil şöbəsi əmr verirdi. Sonradan bütün prinsiplər arxivə göndərildi və müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçməyə başladı. Hazırda bu qaydalar da dəfələrlə dəyişilib. İlkin olaraq müəllimlərin işə qəbulu qaydaları 70 maddədən ibarət idi. Bu, müəyyən problemlər yaratdı. Bir müddət sonra qaydalar nisbətən yüngülləşdirildi və 35 maddəyə salındı. İndi  üçpilləli mərhələdir. Burada ziddiyyətlər mövcuddur və onlar zaman-zaman müzakirə obyektinə çevrilib. Bu qaydalar müəllimlərin işə qəbulunda lazımi şəffaflığı, obyektivliyi təmin etmədiyindən haqlı narazılıqlarla müşayət olunub, hətta, “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli qərarında müvafiq dəyişikliklərin edilməsinə baxmayaraq, xüsusilə də regionlarda vakant yerlərin doldurulması üçün effektiv və işlək mexanizm rolunu oynaya bilməyib. Halbuki, bizdə pedaqoji kadrların sayı normadan 2 dəfə yarımdan da artıqdır.

2014-cü ildə qəbul edilən "Azərbaycan Respublikası Pedaqoji kadrlarının yerdəyişməsi və qaydaları"nda da yer alan qəliz, çoxpilləli müsahibələr və müsabiqələrdir ki, onların mürəkkəb və ziddiyyətli olduğu bir daha ortaya çıxdığından son olaraq  2017-ci ilin mayında ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib və Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri qüvvədən düşmüş hesab edilib”.

Ekspert deyir ki, Təhsil Nazirliyi yetkililərinin son açıqlamalarında müəllimlərin işə qəbulunun yerlərə verilməsi və məktəb direktorlarının da işə təyinatının yerli təhsil şöbəsi tərəfindən aparılması məsələsi istiqamətində iş getdiyi barədə fikirlər səsləndirilir:

“Direktorların işəqəbulu məsələsini daha da təkmilləşdirmək məqsədilə məktəb direktorlarının işə qəbulu ilə bağlı məzmunda əsaslı dəyişikliklər aparılacağı, yeni məzmunda direktor olmaq istəyən namizədlərin işləyən direktorların yanında təcrübə toplamağa göndəriləcəyi barədə açıqlamalar verilir. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, 2000-ci ildən üzü bu yana, təkcə məktəb direktorlarının vəzifəyə təyin olunması ilə bağlı 10-dan artıq nomenklatur dəyişikliyi edilib. Təhsildə qaydalar dəyişilə bilər, cəmiyyət daim inkişafdadır. Problemə baxış və tendensiyalar yeniləşir. Bunu danmaq ədalətsizlik olardı”.

N.İsrafilov əlavə edib ki, təhsilimizin məqsəd və vəzifələri dəyişmədiyi təqdirdə, mənasız dəyişikliklərin hansı məqsədlərə xidmət etdiyi bəlli olmur:

“Qaydaları tez-tez dəyşməklə nəyə nail oluruq?! Nə vaxta qədər müəllimlərin ixtisas və peşə hazırlığı cəhətdən “yararsızlığını”, diplomlarına inamsızlığını səbəb gətirərək onları imtahana çəkməyin yolları barədə fikirləşəcək, çıxış yolunu qaydaları dəyişməkdə görəcəyik? Bəlkə, hədəfi diplom alana yox, diplom verənə yönəltməyin vaxtı çatıb...?

Son olaraq, müəllimlərin və direktorların işə qəbulu ilə bağlı yeni qaydalar ictimailəşdikdən sonra daha dəqiq və konkret fikir söyləmək olar”.