Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 10:55:00
Şirməmməd Hüseynovun “sağ əli” olan tədqiqatçı – “Deyirdi ki, “xəstələnməyə və ölməyə vaxtım yoxdu”   

AzEdu.az dünən 95 yaşında dünyasını dəyişən ustad tədqiqatçı, böyük maarifçi epoxanın son mogikanlarından sayılan professor Şirməmməd Hüseynovun davamçılarından biri tədqiqatçı Samir Xalidoğlu ilə qısa müsahibəni təqdim edir.

BDU-nun “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi olan Samir Xalidoğlu son 8 ildə professor Şirməmməd Hüseynova klassik irsimizin tədqiqində çox yardımçı olub. Mətbu irsin transliterasiya məsələsində seçilən mütəxəssislərdən olan Samir Xalidoğlu professorun ömrünün son illərində onunla ən çox təmasda olan yetirməsidir:

“Bu xəbərə hazır deyildik”

-Çox təəssüflənirəm... Müəllimin bir çox işləri yarımçıq qaldı. Şirməmməd müəllim əbəs yerə mətbuatımızın ağsaqqalı adlandırılmırdı. O, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə və digər klassiklərimizin mənəvi davamçısı idi. Biz Şirməmməd müəllimin acı xəbərinə hazır deyildik. Ondan yeni araşdırma işləri və kitablar gözləyirdik.

Deyirdi ki, “mənim xəstələnməyə və ölməyə vaxtım yoxdu”

-Son 8 ildə Şirməmməd Hüseynovun bütün tədqiqat işlərində ona yardımçı olmuşunuz. Bəs, onun vəfatı hansı araşdırma məsələlərini, buraxılacaq kitab ideyalarını yarımçıq qoydu?

-Şirməmməd müəllim 2017-ci ildən bu günə kimi “525-ci qəzet” və digər mətbuat orqanlarında gedən yazılarının toplayıb, kitab şəklində nəşr etdirməyi planlaşdırırdı.

Bundan əlavə yeni layihələri də var idi.

Xəstə olduğunu bilirdik. Amma o, neçə dəfə belə xəstəliklərin sınağından çıxmışdı. Özü də həmişə deyirdi ki, “mənim xəstələnməyə və ölməyə vaxtım yoxdu”. Amma təəssüf ki, sözünün üstündə dura bilmədi. Həmişə deyirdi ki, “mən AXC-nin yüz illiyini görməmiş bu dünyadan köçmərəm”. Düzdü, Cümhuriyyətin yüz illiyini gördü, 101 illiyini də, həmçinin. Amma görüləsi işləri hələ çox idi.

İki cildlik kitab hazırlanmalı idi. Bu kitab Azərbaycan mühacirlərinin mətbu irsi ilə bağlı olmalıydı.

Həmin yazılar 2017-ci ildən əsasən “525-ci qəzet”in hər şənbə buraxılışında silsilə şəkilində çıxırdı.

Şirməmməd müəllim deyirdi ki, “gələcəkdə bu işləri həm də sən davam etdirəcəksən”

Şirməmməd Hüseynovla bərabər çalışmaq həm Samir müəllim, həm də böyük tədqiqatçının başqa davamçıları üçün bir məktəb olub.  Samir müəllim bu illər ərzində ondan çox şeylər öyrənib, onun sayəsində sanki klassik maarifçi dünyanın içində olub:

-Şirməmməd müəllimə klassik irsin toplanmasında yardımçı olmağa çalışdıq. Bu işlər arasında M.Ə.Rəsulzadə ilə bağlı kitablar çıxardıq, digər klassiklərlə əlaqəli işlər gördük. Lakin görəcəyimiz işlər hələ çox idi. Şirməmməd müəllimdə dəfələrlə deyirdi ki, “Mirzə Bala Məhəmmədzadə, Xəlil İbrahim və digər Cümhuriyyət qurucularının  publisistik irsi hələ işıq üzü görməyib”. Məsləhət görürdü ki, onları biz işləyib hazırlayaq.

2011-ci ildən bu günə kimi 8 ildir ki, Şirməmməd müəllimlə bərabər çalışırdıq. Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 3, 4, 5-ci cildlərini, “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər” adlı 3 cildlik  kitabı, İstiqlaliyyat məcmuəsinin transliterasiyası, ayrı-ayrı qəzetlərin əlamətdar nömrələrinin çevrilməsi, “Azərbaycan” qəzetinin parlamentin açılışına həsr olunmuş nömrəsi və sonuncu nömrəsinin transliterasiyası və çapı haqqında da düşünürdük.

-Sizcə, Şirməmməd müəllimi milli irsimizin tədqiqi ilə bağlı narahat edən nüanslar nələr idi?

-Şirməmməd müəllimdə həmişə narahatlıqlar var idi. Bu klassik irsə qarşı biganəliklə bağlı olub. O, gördüyü işləri heç bir sifariş olmadan şəxsi təşəbbüsü ilə edir və kitablarını elm adamlarına, müəyyən qurumlara  pulsuz şəkildə paylayırdı.

-Elə buna görə də ömrünün sonunadək, son nəfəsədək yorulmadan çalışdı... Bildiyimizə görə, hətta səhhəti normal olmadığı zamanlarda da mütəmadi olaraq, bu işləri görməyə çalışırdı...

-Bəli, biz 2017-ci ildən dayanmadan “525-ci qəzet“ə məqalələr verirdik. Qəzetin hər şənbə nömrəsində Şirməmməd müəllimin göndərdiyi yazılar çıxırdı. Son iki həftədə yazı getməmişdi. Onun səhhətində problemləri var idi. Xəstəxana şəraitində müalicə alıb, evə köçürülmüşdü. Son günlərini evdə keçirdi. Biz onu ziyarət üçün evlərinə getmişdik. O zaman  özünü sağlam hiss edirdi. Lakin telefonla danışmağımız bir həftə əvvələ təsadüf edir. Çünki biz hər həftənin müəyyən günü dərc olunacaq yazılarla bağlı telefonda danışırdıq. Müəllim telefonla mənə diqtə edirdi. Sonra isə o yazıları mən hazırlayıb, qəzetə göndərirdim.

Deyirdi ki, “mən klassiklərlə mənəvi bağlar qururam və danışıram”

Şirməmməd Hüseynov məktəbinin sonuncu yetirmələrindən olan Samir Xalidoğlu bu illər ərzində Ustaddan öyrəndiyi həyat dərslərini qısaca bu cür xarakterizə edir:

-Şirməmməd müəllimin hamıya bəlli olan məziyyətləri var idi. İnsansevərliyi, zəhmətkeşliyi, işgüzarlığı çox insanlara bəlli idi. Bunu onunla təmasda olan zaman daha yaxından tanıyır. Onda olan klassik mətbu irsə məhəbbət, həyatsevərik, klassiklərlə nəfəs almaq məni valeh edirdi. O deyirdi  “mən klassiklərlə mənəvi bağlar qururam və danışıram”. Klassik mətbuata, mətbuat xadimlərinə və onların irsinə olan məhəbbəti  nəzərə çarpırdı. O,  həmişə deyirdi “Bu dəqiqənin işini o biri dəqiqəyə qoyma”. Bu cəhətdən də çox tələbkar idi. İş vatında görülməli idi. Onunla işəyərkən bu xüsusiyyətləri öyrənmişdim. Elmə məhəbbət Şirməmməd müəllim vasitəsi ilə mənə keçmişdi.

 Şükufə Süleymanlı

Elmin Nuri