Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 17:00:00
“Xalq əmanəti”nə dönən müdriklik - Vazeh irsi ilə salamlaşma-FOTOLAR

 

 Xalq Bankın 16-cı mərtəbəsi... Sərgi və konfrans zalının yerləşdiyi qat...  Budəfəki ab-hava nisbətən fərqlidir... Salonu gəzdikcə qoca Şərqin müdrikliyi ilə Qərb rasionalizminin baş-başa verərək, uzun illərin ayrılığından sonra bir-birilə görüşən iki yaxın kimi söhbətləşdiyini görürük. Xüsusi lövhələrdə Qoca Şərqi bütün həyatı, düşüncəsi, qiyafəsi, müdrikliyi ilə özünə hopduran bir gəncəli dühanın vaxtilə bütün Avropada şirin nəğmə kimi səslənən misralarını, beytlərini görürük... Miniatür rəsmlər də gözdən qaçmır... Sehirli Şərqin sirli insanı burada da öz böyük missiyasını yerinə yetirməkdədir. Gəncə müdriki burada da Şərq irrasionalizmi ilə Qərb rasionalizmini uzun əsrlərin ayrılığından sonra qucaqlaşdırmaqda, bir-birinə simsarlaşdırmaqda davam edir...

Xalq Bankın sərgi və konfrans zalının yerləşdiyi 16-cı qatında da həmin Gəncə müdriki əsrlərə sığmayan böyük missiyasını davam etdirir: Qoca Şərqin müdrik ruhunu misraları ilə Qərbin praqmatik düşüncəsi ilə  dostlaşdırır...

 Gəncə müdriki

 Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehin (1794-1852) yaradıcılıq irsinə həsr olunub. “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulub. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənən Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanır. Gənc şair yazdığı əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh qələmindən çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olmuşdur. Lakin şairin yaradıcılığı, onun tədris və maarifçilik sahəsində səyləri din xadimlərinin ürəyincə deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. Eyni zamanda Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını yazır və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" tərtib edir (İ.Qriqoryevlə birgə).

 “Görüş məkanı”na qayıdaq

 Artıq söhbətin kimdən getdiyini hər birimiz bildik. Bu, bütün Avropanı öz misraları ilə sehirləyən, beytləri “nəğməyə” çevrilərək bütün Qərbi dolaşan böyük şair, mütəfəkkir, Gəncə müdiriki Mirzə Şəfi Vazehdir. “Xalq Əmanəti” layihəsi bu dəfə Mirzə Şəfi Vazehin timsalında bütün Avropanı silkələyən Şərq müdrikliyini insanların görüşünə gətirdi.  Bu görüş üzərində 5 ildən çox işlənən Mirzə Şəfi Vazeh –Bütün əsərləri adlı mükəmməl kitab vasitəsilə baş tutdu... Görüş məkanı isə yuxarıda dediyimiz, içində olduğumuz o salon idi ki, orada Mirzə Şəfi yenə də Şərq ruhu ilə Qərb beynini dostlaşdıraraq, söhbətləşirirdi.

 Konfrans zalı isə Vazehin  həmin anda da davam etdirdiyi bu böyük missiya qarşısında heyranlığını gizlətmirdi. Kitabla bağlı danışanlar şüuraltı şəkildə də olsa bu məsələyə eyham vururdular. Bir neçəsinə diqqət edək:

 Səlim Babullaoğlu (layihənin redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi):

 “Dahi Azərbaycan mütəfəkkiri Mirzə Şəfi Vazehin bütün əsərlərinin ilk dəfə olaraq  yer aldığı bu kitab  bizə 170 illik  tarixi göstərir.

Nəşrdə klassik və müasir tərcümələr yer alsa da, orada yalnız tərcümə işi görülməyib, həm də  tədqiqat aparılıb.

Burada Vazehi tədqiq etmiş tədqiqatçıların adı da çəkilib. Onların sırasında Salman Mümtaz, Akif Bayramov da yer alıb. Bu kitab həmin insanların işinin nəticəsidir.

Nəşrin ərsəyə gəlməsində təbii ki, tərcüməçilərin də böyük rolu olub. Onlardan Pünhan Əzimli, Azad Yaşar, Yusif Savalanı misal göstərmək olar.

Kitab almancadan azərbaycancaya, həm də azərbaycancadan almancaya tərcümə olunub. Yusif Savalanın tərcümə işlərində böyük rolu olub. 

Həmçinin, Almaniyada yaşayan Orxan Aras  nəşrin ərsəyə gəlməsində böyük səy göstərib. O, Almaniyadakı kitabxanalarla əlaqə yaradılmasında, nəşrlə bağlı materialların toplanmasında iştirak edib. Vazehin əski alman əlifbasında olan irsinin yeni alman əlifbasına köçürülməsində  köməyi olub. Vazehin bəzi şeirlərini isə almancaya tərcümə edib.

 Kitab paleoqrafiya və çap sisteminin ən yüksək səviyyəsini özündə əks etdirir. Bu gün bizim aldığımız Mirzə Şəfi Vazeh kitabı  Xalq Bankın Azərbaycan elminə, ictimai fikrinə çox böyük hədiyyəsidir. Bu bir nümunədir.Ümid edirəm ki, bu çür təbliğatların ardı gələcək”.

 İsa Həbibbəyli ( akademik, AMEA-nın vitse-prezidenti, millət vəkili):

 “Biz bu kitaba qədər Mirzə Şəfi Vazeh haqqında çox şey bilmirdik. Mən AMEA-ya yeni gələndə professor  Fəxrəddin Veysəlli (nəşrin ekspertlərindən biri –red.)  bir ay Almaniyada Vazeh irsini araşdırdı.  Buna baxmayaraq, o istədiyi məlumatları əldə edə bilmədi. Bu gün isə Xalq Bank mümkün olan hər şey ilə bizi təmin etdi. Mirzə Şəfi Vazehin  dünyanın müxtəlif ölkələrində olan əlyazmalarını tapmaqda bizə yardımçı oldu.

Bu günə qədər Mirzə Şəfi Vazehin bu həcmdə  kitabı olmamışdı. Mirzə Şəfi Vazehin indiyə kimi ən çox 50-60 şeiri əlimizdə olub. Bu kitabın həcmindən də görsənir ki, burada Vazehin kifayər qədər çox əsəri var”.

Nizami Cəfərov, (akademik, millət vəkili, Atatürk Mərkəzinin sədri):

“Nizami Gəncəvidən sonra 700 il Gəncə poeziyasında sükut oldu. Sonra isə  dahi Mirzə Şəfi Vazeh dünyaya gəldi. XIX əsrin birinci yarısı Mirzə Şəfi dövrü kimi qiymətləndirilir. Bu dövrdə poeziya və ədəbiyyat sahəsində mistik bir irəliləyiş baş verdi.

Uzun illər ədəbiyyatşünaslar arasında Mirzə Şəfi Vazehin əsərlərinin ortaya çıxması gözlənilirdi Mənə elə gəlir ki, bu məsələ öz həllini indi tapdı. Amma inanıram ki,Vazehin yaradıcılığının öyrənilməyən məqamları çoxdur. Mirzə Şəfinin miqyasını göstərmək lazımdır”.

Rafael Hüseynov (akademik, millət vəkili)

 “Bu kitab mədəni həyatımıza və ədəbiyyatımıza verilən töhfədi. Azərbaycan ədəbiyyatının müxtəlif simaları haqqında çoxlu kitablar çap olunub. Düşünürəm ki, bu nəcib və faydalı addım gələcəkdə də davam etdiriləcək. Rafiq Həşimovun bu istiqamətdəki işləri diqqətə və təşəkkürə layiqdir. Bu işləri görmək üçün ətrafa faydalı və səmərəli insanlar yığılıb. Bütün bunlar təşəbbüskar və iş bacaran insanların səyi nəticəsində baş verib.

Mirzə Şəfi Vazehin  əsərləri olduqca qiymətləndirməyə layiqdir.

Bu gün Nizami Gəncəvi, İmadəddin Nəsimini də öz yazıçısı olaraq adına çıxaran bir çox xalqlar var. Əslində isə onlar bütün dünyanın şairləridir. Bu sözlər Mirzə Şəfi Vazehə də aiddir”.

Nəşr haqqında əlavə bir neçə söz

 Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olub. Vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, Bodenştedt isə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə “Şərqdə min bir gün” adlı kitabını dərc elətdirir və həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır.  Kitab böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilir. 23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi  Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı.

 Mirzə Şəfi Vazehin “Bütün əsərləri” Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Beş ildən çox müddət ərzində üzərində müxtəlif  ölkələrin çoxsaylı külliyyatın  Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.

 Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin  yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 90-ı ötməyib.

 Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri (tərcümələri) ilə tutuşduruldu və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirildi. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlandı. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi - Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlandı.

 Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. A.Bayram, prof. F.Veysəlli, V.Hacıyev, Y.Savalan yaxından iştirak etmişlər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçirimiş və alman dilində bədii tərcümələri hazırlamış, görkəmli rus şairi Mixail Sinelnikov, istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çevirmişlər. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb.

 EPİLOQ

“Sonsuz qüvvələri peyda eyləyən

Bəşər taleyini vəsf edirəm mən”

 Mirzə Şəfi Vazehə aiddir bu misralar. Adıçəkilən nəşrdə ilk dəfə təqdim edilib. Poetik tərcüməsi də Aslan Aslanova məxsusdur. Amma burada başqa bir detala diqqət çəkək: Qoca Şərqin sonsuzluq ruhu ilə, düşüncəli Qərbin məntiq dünyasını bir-birilə qovuşduran və bəşər taleyini beləcə vəsf edən şəxs nə yaxşı ki,  başqası yox, məhz gəncəli bir müdrikdir....

 Elmin Nuri

Şükufə Süleymanlı