Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 13:25:00
Nəhəng dünya universitetlərini bitirən, ATƏT-in ən gənc ekspertlərindən biri:  "Azərbaycanı burada  ABŞ-dan  yaxşı  tanıyırlar” - MÜSAHİBƏ  

 

“Azərbaycanla müqayisədə Türkiyənin dövlət orta məktəblərində tədris   zəifdir”

Əksər insanlarımız üçün qeyri-standart görünən bu sözlərin müəllifi  AzEdu.az-ın gənc müsahibi  Turan Qafarlıdır

Turan Qafarlı kimdir?  Elə bu saat təqdim edirik:

Öz dilindən DOSYE: Mən Turan Qafarlı 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimə Tofiq İsmayılov adına 6 nömrəli İntellekt Liseyində başlamışam. Azərbaycanda təhsil aldığım 6 il müddətdə hər il əlaçı şagird kimi fərqlənmişəm. 2008-ci ildə atamın ezamiyyəti ilə əlaqədar Türkiyəyə köçüb, Ankarada “Özəl Yüce İlköğretim Okulu”nda VII və VIII sinif üzrə  təhsilimi davam etdirib, “İlköğretim” diplomu almışam. Daha sonra isə təhsilimi “Özəl Yüce Kolecin”də davam etdirmişəm. “Özəl Yüce Kolecin” də əldə etdiyim “International Baccalaureate” (IB) diplomumun balı üzrə məktəb birincisi olmuşam. Daha sonra “International Baccalaureate” (IB) diplomu ilə İngiltərənin “Queen Mary” Universitetinə imtahansız daxil olmuşan.Queen Mary” Universitetində Tarix və Siyasət  ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışam. Ümumiyyətlə, tarix elminə marağım  atamın mənə  8 yaşımda  hədiyyə etdiyi “Exxon Mobile” Tarix ensiklopediyası ilə başlayıb.  

Təqdimata ƏLAVƏ: Turan Qafarlı 2014-cü ildə  “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin “Queen Mary” Universitetində təhsil alıb. 2017-ci ildə “Queen Mary” Universitetindən şərəf dərəcəsi ilə məzun olub. “Bakı müharibəsi” haqqında yazdığı elmi iş ilə universitetin 132 illik  tarixində tarix fakültəsindən məzun olan ilk azərbaycanlıdır. Təhsilin bakalavr səviyyəsini bitirdikdən sonra London Universitet Kollecinin (UCL) "Transmillilik Təqdiqatları" ixtisasının magistr dərəcəsinə qəbul olub. Hazırda isə Türkiyənin "TRT  World" kanalında araşdırmaçı kimi fəaliyyət göstərir.

Turanı xaricə aparan təhsil yolu...  İngiltərədə oxumağa vadar edən səbəblər

-İlk oxuduğum ali təhsil müəssisəsi “University of London” idi. London Universitetini seçməyimə səbəb tarix və siyasət fənlərinin bir yerdə tədris edən proqramın mövcud olması idi. Mənim də hər iki fakültədə təhsil almaq imkanım var idi. London Universitetinin professor heyəti çox güclü olduğu üçün tədris yüksək səviyyədə keçirilirdi.  Bu universitetdən əldə edilən diplom dünyanın bütün ölkəsində tanındığı üçün orada oxumağa qərar verdim.

İngiltərədə uğurlu təhsil almağın  qızıl qaydaları... İngilis təhsilinin çətinlikləri...

-İngilis dili biliyi  olmayan tələbələr üçün İngiltərədə təhsil almaq çətindir. Onu da bildirim ki, beynəlxalq dil sertifikatı olmayan tələbələr İngiltərə universitetlərində hazırlıq ilində təhsil ala bilərlər. İngiltərədə hazırlıq ilini oxuyan çox azərbaycanlı tələbə görmüşəm.  Tələbələr hazırlıq ilini oxuduqdan sonra İngiltərədə təhsil almaqları asan olur. İngiltərə də ali təhsil ocaqlarına daxil olmaq üçün  tələblər olduqca yüksəkdir.  Tələbələr ilk növbədə ingilis dili üzrə  biliklərini təkmilləşdirməli, yalnız bundan  sonra  həmin ölkədə təhsil almağı hədəfləməlidirlər.

Onu da deyim  ki, tələbələr seçdikləri universitetlərə çox gözəl qəbul məktubları yazmalıdırlar. İngiltərənin nüfuzlu ali təhsil ocaqlarında oxumaq üçün maddiyyat  çox önəmlidir. Çünki, İngiltərə universitetlərində tam təqaüdlü təhsil almaq  mümkün deyil.

 -İngiltərədə təhsil aldığın müddətdə hər hansı problemlərlə qarşılaşdın?  Ümumiyyətlə, İngiltərə vətəndaşlarının əcnəbi tələbəyə münasibəti necədir?  

-İngiltərə təhsil aldığım müddətdə çətinlik yaşasam da, heç vaxt peşman olmadım. Çətinliklər isə maddiyyatla əlaqəli olurdu. Çünki, gözlənilməyən xərclər hər zaman ola bilər. Onu da bildirim ki, İngiltərədə qazanılan təcrübə bütün maddi çətinliklərə dəyər. Əlavə olaraq qeyd edim ki, ingilislər soyuqqanlı millət deyillər. Onlar  hər zaman əcnəbi insanlara kömək etməyə hazırdılar. Həmçinin, ingilislərin əksəriyyəti təvazökardır.

-Maddi çətinliklər yaşadığını vurğuladın,  ümumiyyətlə, İngiltərədə bir tələbənin aylıq yaşayış xərci nə qədərdir? Aldığın təqaüd xərclərini ödəməyə kifayət edirdimi?

-İngiltərədə təhsil aldığım müddətdə verilən təqaüd bəs etmirdi. Həmçinin, 2014-cü ildə verilən təqaüdün  2017-ci ildə də eyni olması heç də ürəkaçıcı deyildi. Çünki ötən illərlə müqayisədə qiymətlər çox qalxmışdı. Xüsusilə brekzit prosesindən sonra qiymət artımı müşahidə olundu. İngiltərədə aylıq yaşayış xərci şəhərlərinə görə fərqlidir. London şəhərində oxuyan tələbənin aylıq yaşayış xərci minimum 1500 funt olur. Amma İngiltərənin başqa şəhərində bu qiymət 1000 funta da enə bilər. Yaşayış xərcləri tələbənin  yaşam standartlarına görə də dəyişir. Onu da bildirim ki, aldığım təqaüd bir çox hallarda mənə bəs etsə də, bir sıra xərclərə   çatmırdı. Yəni kitab almağa və ya teatra getmək üçün verilən təqaüd yetərli səviyyədə deyildi. Ümumiyyətlə, digər şəhərlərlə  müqayisədə London ikiqat bahalı yerdir.

-İngiltərədə oxuyan tələbələrin əksəriyyəti təhsil üçün külli miqdarda pul olmasını da vurğulayırlar...

-İngiltərə universitetlərinin illik təhsil haqqı  xeyli yüksəkdir. Bu səbəbdən, İngiltərədə təqaüdlə təhsil almayan əcnəbilərin 90%-i  imkanlı təbəqəyə məxsusdur. Onu da bildirim ki, Avropa ölkələrindən gələn tələbələr də aylıq xərclərinə qənaət edirdilər. Yəni, onlar çox da  bahalı həyat tərzi yaşamırlar. İngiltərə universitetlərində təhsil alan yerli tələbələr isə həm orta, həm aşağı, həm də yüksək təbəqəyə aid idi. Yəni heç də ingilislərin hamısı varlı təbəqəyə məxsus deyillər.

-Maraqlıdır, ingilislərin mədəniyyəti və həyat tərzində səni qane etməyən, barışa bilmədiyin hər hansı bir xüsusiyyət olubmu?

-İngilislərin özlərinə  məxsus mətbəxi yoxdur. Varsa da, çox zəifdir. Amma London şəhərində hər ölkənin mətbəxinə rast gəlmək mümkündür. Özüm yemək bişirdiyim üçün məndə elə də problem yaranmırdı. İngilis mədəniyyətini sevdiyim üçün orada təhsil almağa qərar verdim. Həqiqətən də çox doğru seçim etdiyimi düşünürəm.

-Orta təhsilini həm Azərbaycan, həm də Türkiyədə almısan. Turan, iki ölkənin orta məktəb təhsil sistemini müqayisə etmisənmi?  

-Azərbaycanla Türkiyənin orta təhsil sistemində fərqlər böyükdür. Onu da bildirim ki, Azərbaycanda dövlət, Türkiyədə isə özəl orta məktəbdə oxumuşdum. Türkiyədə mövcud olan bir çox dövlət orta təhsil müəssisələri zəifdir. Çünki, Türkiyənin dövlət məktəblərində bir sinifdə ən azı 40-45 şagird təhsil alır. Amma Azərbaycanda bu kimi tendensiya mövcud deyil. Onu  da bildirim ki, Türkiyənin dövlət orta təhsil müəssisələrində xarici dil tədrisi çox zəifdir. Amma Bakıda 6 saylı orta məktəbdə təhsil aldığım müddətdə xarici dil fənni çox yaxşı tədris olunurdu.  Türkiyənin özəl orta məktləblərində təhsil almaq daha yaxşıdır. Azərbaycanla müqayisədə Türkiyənin orta məktəb sistemində dərs yükü daha azdır.  

-Bu gün inkişaf  edən təhsilimizdə gənclərimizin tam dünyagörüşlü şəxsiyyət kimi formalaşması üçün başqa hansı işlər görülməlidir? Səncə bizdə nələr çatışmır ki, gənclər xaricdə oxumağa can atırlar?

-Azərbaycan təhsil sistemi xariclə müqayisə edilə bilməz. Çünki Azərbaycan hələ təzəcə  bu sahədə addım atmağa başlayıb. Azərbaycanda sovet sisteminin izləri hələ də silinməyib. Kurikulum kimi metodları tətbiq etməyə çalışsalar da müəllimlər hələlik buna hazır deyillər. Universitetlərdə dərs deyən professorlar sovet mentalitetindən hələ də çıxa bilməyiblər. Azərbaycan Tibb Universitetində mövcud olan bir çox kitablar rus dilində tədris olunur. İlk növbədə kitablara yenidən baxış keçirmək lazımdır. Elə una görə də ADA Universitetini dəstəkləyirəm. Çünki, həqiqətən ADA Universitetinin pedaqoji heyəti Qərbdə çıxan materiallardan istifadə edir. Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universitetində niyə belə şeylər yoxdur?! Bu isə sual altına alınmalıdır.

 Universitetlərimizdəki müəllim heyətindən bir çox tələbələr narazıdır. Azərbaycanda ali təhsil almasam da bilirəm ki, tələbələr cavan müəllimlərin dərs deməyini istəyirlər. Universitetlərdə dərs deyən cavan müəllimlərin olması yaxşı haldır. Amma şəxsən istəməzdim ki, 24-25 yaşında müəllimim olsun. Ümumiyyətlə, önəmli olan müəllimin gənc düşüncəli olmasıdır. Müəllim və  şagirdlər arasında dostluq olmalıdır.

Azərbaycanda mövcud olan kitabxanaların imkanları məhduddur. Ümumiyyətlə, Azərbaycanda kitabxanası düzgün olan neçə universitet var?! Bu kimi proseslər araşdırılmalıdır.

Təəssüf ki, Azərbaycanda bir çox kitablar türkcədən tərcümə olunur. İngilis dilindən tərcümə olunan kitabların sayı çox azdır. Hələ mən, fransız, alman dilindən tərcümələri demirəm... Qeyd etdiyim dillərdə olan müasir elmi yazıların hamısı öyrənməlidir.

 Azərbaycan universitetlərin büdcəsi heç Türkiyə ilə yarışacaq səviyyədə deyil.  Məhz ona görə də gənclərimiz Qərb ölkələrində təhsil almağa maraq atırlar.   Universitetlərdə 100 milyonluq avadanlıq quraşdırıb, xaricdən müəllim gətirsək də yenə faydası olmaz. Çünki, onu tətbiq etmək üçün sahələr lazımdır.  

-Təhsilimizin orta məktəb səviyyəsində görülən işlər təqdirəlayiqdir. Səncə, Azərbaycandakı orta təhsil sistemində islahatlara ehtiyac var?

-Orta təhsil sistemində müəllim və valideynlərin keyfiyyətinin artmasına ehtiyac var. Həmçinin, məktəblərdə tədris olunan tarix kitabları yenilənməlidir. Onu da bildirim ki, Finlandiya təhsil sistemini Azərbaycana tətbiq etsək də yaxşı nəticə verməz. Çünki, öyrənən və öyrədənlər fərqlidir.  Məhz ona görə də şagirdlərin öyrənmə bacarıqlarını artırmaq lazımdır.

Həmçinin, müəllimlər öz fənlərini daha da inkişaf etdirməlidirlər. 50 il bundan öncə universitet bitirən müəllimlər onunla kifayətlənməli deyillər.

-İngiltərənin iki universitetində həm bakalavr, həm də magistr təhsili almısan. Bəs hər iki universitetə müraciət zamanı hansı sənədlər tələb olunurdu?

-“Beynəlxalq bakalvriatı” bitirdiyim üçün məndən dil bilikləri tələb olunmadı. Amma İngiltərədə həm bakalavr, həm magistr səviyyəsində təhsil almaq üçün IELTS sertifikatı tələb olunur. İngiltərədə təhsil almaq istəyənlərin bank hesabında da pul olmalıdır.    

“İngilislər Azərbaycanı ABŞ-dan daha çox tanıyırlar”

-İngiltərədə təhsil almaq bir çox azərbaycanlı gənclərə xəyal kimi görünür. Bəs ingilislər Azərbaycanda təhsil almaqda maraqlıdırmı?  Ümumiyyətlə, ingilislər Azərbaycanı tanıyırmı?  

-İngilislər üçün Azərbaycan maraqlıdır. Çünki bir çox tanıdığım ingilislərin Azərbaycana çox böyük marağı var. Amma onlar təhsilin keyfiyyəti üçün deyil,  daha çox  Şərq  mənzərələrini görmək üçün Azərbaycana gələ bilərlər. Yəni ingilislər ekzotik bir ölkə olaraq Azərbaycana gəlmək istəyərlər. Azsaylı ingilis Azərbaycanı tanıyır. Amma onu  da deyim ki,  ingilislər Azərbaycanı ABŞ-dan daha çox tanıyırlar. Onlar xüsusilə də  Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsindən tanıdıqlarını bildirirlər. 

-İngiltərədə tələbənin universitet divarlarından kənarda istirahətinə vaxt qalırmı?

-Əlbəttə, qalır. Şəxsən hər altıncı gün tələbə dostlarımızla birlikdə futbol oynayırdıq. Amma bunu etməyən tələbə dostlarımız da var idi ki, bütün günü oxumağa həsr edirdilər.

-Hazırda Türkiyənin "TRT  World" kanalında çalışırsan. Burada nə kimi işlər görürsən?

-Türkiyənin "TRT  World" kanalında araşdırmaçı kimi fəaliyyət göstərirəm. Araşdırmaçı olaraq həm məqalə, həm də köşə yazıları yazıram. Həmçinin, ehtiyac olursa, məşğul olduğum mövzularla bağlı canlı yayıma çıxıb siyasi analizlər aparıram.  Yəni baş verən prosesləri şərh edirəm. İndiyədək 6-7 dəfə canlı yayımda olmuşam. Onu da bildirim ki, təhsilimin doktorantura dərəcəsini də oxumağı planlaşdırıram.

-Gənc tarixçi olaraq Dağlıq Qarabağ münaqişəsini dünyada araşdırıb, həqiqətləri çatdırmaq üçün hansı layihələr düşünmüsən?

-Dağlıq Qarabağı münaqişəsinin dünyada araşdırmaq üçün bir sıra layihələr düşünmüşəm. Hazırda ATƏT-in 20 gənc ekspertlərindən biriyəm. 2030-cu ildə ATƏT zonasında güvən və stabillik haqqında layihə hazırlanacaq. Həmin layihəni hazırlayacaq 20 insanlardan biriyəm. Layihə çərçivəsində Dağlıq Qarabağ  mövzusu və ATƏT-in Minsk qrupu haqqında gələcək görüşlərimizlə bağlı irad və təkliflərimi bildirəcəm. Hazırda da o layihəyə davam edirik.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları