Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 16:57:04
Yaşlı müəllimlərə “qırmızı ışıq” – Təhsilimiz itirir, yoxsa qazanır?

Azərbaycanda müəllimlər üçün yaş məhdudiyyəti tətbiq olunur.

Bu, gənc kadrların pedaqoji fəaliyyətə cəlb olunmasına şarəit yaratsa da, bəzən yaşlı müəllimlərin tədrisdən uzaqlaşdırılməsına səbəb olur. Üstəlik, təqaüdə çıxan müəllimlər bəzən diqqətsizlik və laqeydliklə üzləşir, vaxtilə çalışdıqları məktəbdən lazımi qayğını görmürlər. Bəs təhsil adamları təqaüd yaşlı müəllimlərin təcrübəsindən hələ də yararlanmaq üçün hansı üsulları təklif edirlər?

AzEdu.az-a danışan təqaüdə çıxmış xalq artisti Taryiel Qasımlı incəsənət adamlarına yaş məhdudiyyəti qoyulması ilə razılaşmadığını bildirib:


“65 yaşına çatan müəllim təqaüdə çıxır. Düzdür, bu, qanundur. Amma onun kimlərə şamil olunmasına diqqət etmək lazımdır. Aktyor, müəllim və həkimlər yaşa dolduqca daha təcrübəli olur, tələbələri daha yaxşı öyrədə bilirlər. 65-70 yaşı olsa belə, əgər təcrübəli kadrdırsa, onu niyə təqaüdə göndərirsiz?! Əksinə, bu cür adamlardan istifadə etmək lazımdır. Hər halda, 65 yaşa çatan insanların dünyagörüşü, savad, təcrübələri artmış olur. Universiteti yeni bitirib müəllim işləyənlər hələ o dərəcədə deyillər. Amma yaşa dolduqca, insan daha da kamilləşir, həyat təcrübəsi artır. Müəllimlər, həkimlər, incəsənət adamları üçün yaş məhdudiyyəəti qoyulmamalıdır. Onların təcrübəsi böyükdür və bu təcrübədən yetərincə yararlanmaq lazımdır”.

O, məktəbin təqaüdə çıxardığı müəlliminə diqqət göstərməli olduğunu vurğulayıb:

“Əlbəttə, müəllim təqaüdə çıxsa belə, məktəb direktoru ona qayğı, diqqət göstərməlidir. Bu isə məktəb direktorunun öz qabiliyyətindən asılıdır. Müəllimin o məktəbdə nə dərəcədə hörmətli olmasının, savadı, mədəniyyət və insanlığına görə sayılıb-seçilməsinin də rolu var. Yəni, bu, müəyyən qədər insanın özündən də asılıdır. Hər insan hörməti özü qazanır. Müəllim təqaüdə çıxdığı məktəbdə buraxdığı hörmətin müqabilində daim yad edilməlidir. Direktor onu çox təcrübəli insan kimi dəvət etməli, məktəbdəki tədbirlərdə iştirakına şərait yaratmalıdır”.

Müəllimlərin vaxtı çatdıqda təqaüdə çıxmasının tərəfdarı olan filologiya elmləri namizədi, sabiq TQDK sədri Vurğun Əyyub isə onlara verilən təqaüdün kifayət qədər olmadığını bildirib:


“Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, yaşlı müəllimlərin təcrübəsi bizə nə dərəcədə lazımlıdır? Təqaüd yaşına çatan müəllim təqaüdünü almalı, istirahət etməlidir. Bu qədər əziyyət çəkib, niyə hələ də işləməlidir?! Bir yandan deyirik ki, gənc kadrlara yer verək, digər tərəfdən isə təqaüdçülərin təcrübəsindən yararlanmaq istəyirik. Bu hansı məntiqə sığır?! Biz nə danışırıq?! Müəllimə normal təqaüd vermirlər ki, o, aldığı təqaüdlə illərdir çəkdiyi əziyyətin əvəzinə normal yaşasın. Belə olduqda, ortaya da bu tip suallar çıxır. Mən bunun başqa həll yolunu görmürəm. Tək çıxış yolu müəllimə normal təqaüdün verilməsidir. O, bu yaşda öz səhhəti, nəvələri ilə məşğul olmalı, aldığı təqaüdlə dünyanı gəzib görməlidir. Onun vaxtaşırı yad edilməsinə, iştirakına kim qadağa qoya bilər ki?! O, işlədiyi məktəbin müəllimə hörməti deməkdir. Buna kim etiraz edir?!”

Müəllimlərə qoyulan yaş məhdudiyyəti ilə razılaşmayan təhsil məsələləri üzrə mütəxəssis, tanınmış yazıçı-pedaqoq Allahverdi Eminov özünün də təqaüdə çıxarıldığını, vaxtilə dərs dediyi tələbələrin indi onu əvəz etdiyini bildirib:


“Yaşlı müəllimlərin təhsildən uzaqlaşdırılması çox səhv addımdır. Keçmiş təhsil nazirinin bu təşəbbüsü heç də yaxşı deyil. Müəllimlik təcrübəsini beş-on ilə öyrənmirlər. Müəllim illərin təcrübəsi ilə püxtələşir. Müəyyən vaxt keçir, müəllim kimi formalaşır. İllər də bir göz qırpımında gəlib keçir. Mən bunun qəti əleyhinəyəm. Çünki bu, özünü doğrultmayıb. Hazırda təhsilimizin bu vəziyyətə düşməsi elə həmin təşəbbüsün nəticəsidir. Elə müəllimlər var ki, 30-40 yaşı var, amma dərs deyə bilmir, təcrübəsi yoxdur. Bu, formal cəhətdir. O müəllim sağlamdır, auditoriyada dərs deyə bilirsə, vəssalam. Düzdür, ali məktəbdə prezidentin təşəbbüsü ilə bunu tərgidiblər. Amma çarələri olsa, o müəllimləri də silib atarlar. Müəllimə yaş məhdudiyyəti qoymaq düz deyil. İşləyir, uşaqlar onu sevirsə, niyə uzaqlaşdırılır?! Gətirib magistraturanı yeni bitirən müəllimləri ən məsul auditoriyaya salırlar. Bəziləri heç magistratura pilləsini də bitirməyib, yalnız bakalavriat dərəcəsi var. Bu, qəti olmaz.

Mənim özümü də eks nazirin təşəbbüsü ilə işdən çıxardılar ki, Allahverdi müəllimin yaşı keçib, onu təqaüdə göndərmək lazımdır. Vaxtilə dərs dediklərim indi mənim yerimə gəlib. Bu, düzgün siyasət deyil”.

O, həm də vaxtilə təqaüd yaşlı müəllimlərin təcrübəsindən yararlanan qurumun indi ləğv edildiyini vurğulayıb:

“Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutu var idi. Mən uzun illər orada işləmişəm. Müəllimlər gəlib orada süzgəcdən keçirdilər. İxtisaslarını artırıb, yeni ixtisas alırdılar. O institut 75 il fəaliyyət göstərdi. Sonradan kimlərinsə diktəsi ilə bu təhsil müəssisəsi ləğv olundu. Ona çox primitiv ad qoyuldu və bütün strukturu dəyişildi. Biz ora təcrübəli müəllimləri dəvət edirdik. Onlar təcrübələrini bölüşürdülər. Yeganə institut idi ki, 300-dən çox məktəbə xidmət edirdi. Bakıda 40 000-dən artıq müəllim var. Onların hamısını saldılar düzlərə. Hərəsi bir yerdə, bilinmir ki, ixtisaslarını harada artırırlar. Əvvəl bu baza var idi, müəllim tədrisdən kənarlaşdırılmır, onun təcrübəsindən istifadə edilirdi. Onu özləri məhv etdilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları