Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 10:49:00
Orta məktəblərdəki dərnəklərin fəaliyyəti necə nizamlanır? - Maliyyə mənbələri, dərs proqramı, şagird sayı

Orta təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin şagirdlərin sosial aktivliyində rolu böyükdür. Belə dərnəklərin fəaliyyətində əsas məqsəd şagirdlərin hərtərəfli inkişafı və asudə vaxtlarının düzgün dəyərləndirilməsidir.

Belə dərnəklər adətən məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərirlər. Müəssisələr isə öz fəaliyyətlərini Təhsil Qanunu, digər qanunvericilik və normativ aktlara, Məktəbdənkənar müəssisələr haqqında Əsasnaməyə müvafiq həyata keçirirlər.

Bəs, belə müəssisələrdə tədris ili nə vaxt başa çatır və olar necə maliyyələşirlər?

AzEdu.az xəbər verir ki, dərnəklərin komplektləşdirilməsi aşağıdakı kimi aparılır:

Avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət dərnəklərində qruplar 8-10 şagirddən, digər birliklərdə isə  birinci tədris ilində ən azı 15, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.

Məşğələlərin müddəti tədris yükü normasından, eləcə də müəssisənin büdcəsinin imkanlarından irəli gələrək müəyyənləşdirilir. İdman, texniki-idman, turizm, xoreoqrafiya, birliklərinə qəbul zamanı şagirdlərin sağlamlığı haqqında həkim rəyi vacibdir. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər.

Dərnəklərin məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq, növbəti ilin may ayının 31-də başa çatır.

Yaşayış yerlərində əlil uşaqlarla fərdi iş aparılır və bunun üçün dərnək rəhbərinə əmək haqqı verilir. Müstəsna hallarda əlil və yaxud xüsusi istedada malik uşaqlarla məşğul olan qruplara daha az şagird cəlb olunmasına icazə verilir.

Birliklərin məşğələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planları və proqramları üzərində qurulur.

Məktəbdənkənar müəssisə digər təlim-tərbiyə müəssisələrinin binalarında, müəssisələrində, uşaqların və gənclərin yaşayış yerlərində birliklər təşkil edə bilərlər.

Müəssisənin ali idarəetmə orqanı kollektivin iclasıdır. O, ildə 2-4 dəfə keçirilir.

Bu birliklərin maddi təminatı müəssisə və təşkilat tərəfindən həyata keçirilir. Məktəbdənkənar müəssisənin maliyyələşdirilməsinin əsas mənbəyi normativlər üzrə müəyyən edilmiş dövlət büdcəsi vəsaitidir. Bundan başqa, bir sıra əlavə vəsait mənbələri də nəzərdə tutulub.

Məktəbdənkənar müəssisənin maddi-texniki bazası özünün balansında olan binalar, torpaq sahəsi idman və hamar səthli tikililər, düşərgələr, turist bazaları, nəqliyyat və üzgüçülük vasitələri, qoşqu nəqliyyatı, maşınlar və avadanlıqlar və digər əmlakdan ibarətdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları