https://www.zirve.edu.az/
23.04.2018 16:45
Hazırlıq qruplarına kimlər mane olur? - “Prezidentin sərəncamı var, amma bəziləri...”

“Bu qədər gəncin xaricə getməsinin tərəfdarı deyiləm. Bilmək olmur, gedib kimlərə qoşulurlar”

14 iyun 2017-ci ildə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. Prosesin uzadılmasına  səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə  bağlıdır. Çünki hazırkı qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 yaş arasında olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar  Quliyev bildirib ki,  “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hərbi xidmətdən möhlət hüququ bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara verilir:

“İndi hazırlıq qrupları da ora daxil edilib. Nazirlikdən, komitələrdən hamısından vizalar yığılıb.  Lakin bu dəyişiklik  bu günə qədər həll olunmayıb. Sözsüz ki, buna düzəliş edilməlidir. Bunun üçün də həmin dəyişiklik haqqında təklif Milli Məclisə göndərilməlidir. Orda baxılıb yenidən  cənab prezidentə verməliyik.  Nazirlər Kabineti ilə bir neçə dəfə söhbətlər aparılıb. Hazırlıq qrupları ilə bağlı qanun qüvvəyə minib, amma ora yazılacaq oğlanların hərbi xidmətdən möhlət hüququ haqqında qanun yox. Hazırlıq kursları haqqında mexanizm hazırdır.  Prezident seçkiləri vaxtında Qüdrət Həsənquliyev debatlarda, Milli Məclisdə də iki dəfə çıxış edib bu məsələnin həll olunmadığını bildirib. Hətta əvvəlki baş nazir özü də göstəriş verdi. Lakin bu, şöbədə ilişib qalıb. Məqsəd də nədir anlaya bilmirik. Necə ola bilər ki prezidentin sərəncamı var, amma bəziləri buna elə bil veto qoyub”.

Rektor bildirib ki, belə bir qanun qəbulu əsgərliyə gedənlərin sayına ciddi təsir göstərməyəcək: “Hesablamalar var. Bu əsgərliyə gedənlərə  böyük təsir etmir. Hər universitetə icazə verilməyəcək, əsasən özəllərə aiddir. Müəyyən ixtisaslar üzrə icazə olacaq. Həmin uşaqlar bu qruplarda bir dəfə iştirak edə biləcəklər. O demək deyil ki, bu il keçmədilər, gələn il yenə gəlsinlər. Bir dəfə oxuyacaqlar. Dövlət İmtahan Mərkəzi ikinci dəfə onların sənədlərini qəbul etməyəcək. Mənim hesabımla respublika üzrə 1500-2000 oğlan əsgərlikdən qala bilər. Birinci il qəbul olmasalar əsgər gedəcəklər. Yəni burda böyük itki yoxdur. Burada məqsəd Azərbaycandan xaricə gedən tələbələrin sayını azaltmaqdır. Biri var ki, dövlət xətti ilə gedirlər, bir də var özləri gedib qalırlar oralarda. Xaricdə elə universitetlər var ki, pul ödəyib  10-15 il  orda oxuyurlar. Distant təhsil olur. Amma onlar da geri qayıtmır. Bu gedən tələbələr həmçinin ölkədən xaricə valyuta axınına səbəb olur. Valideynlər onları manatla göndərmir”.

Onun sözlərinə görə, xaricə gedənlərin 35-45%-i  qayıtmır:

“Bu qədər gəncin xaricə getməsinin tərəfdarı deyiləm. Bilmək olmur, gənclərimiz gedib kimlərə qoşulurlar. Elələri var, yaxşı mütəxəssis, alim olur. Özümüz şahidi olmuşuq ki, nə qədər Suriyaya gedən uşaqlar olub. Təhsil adı ilə Türkiyəyə gedib ordan Suriyaya keçirlər. Amma burda oxuyanda uşaqlar nəzarətdə olurlar. Axşam evə gedirlər. Bizə çoxlu valideynlər də müraciət edir. Heç vaxt razı olmaram ki, hansısa gənc vətəni üçün hərbi xidmətə getməsin. Mütləq  getmək lazımdır. Bu, bizim vətəndaşlıq borcumuzdur. İkinci də biz müharibə şəraitində olan ölkəyik. Bizdə şərait varsa burda oxusunlar, lazım olarsa magistraturanı xaricdə oxuya bilərlər. Amma 17-18 yaşlarında gəncləri xaricə göndərməyə razı deyiləm. O yaşda hansısa qruplara qoşula bilir, neqativ hallar başlarına gəlir. Amma formalaşanda 23-24 yaşlarında ali savadlı olurlar, gedib normal oxuyurlar.  Qanuna gəlincə keçən il iyunda verilib, 5 ay da vaxt verilmişdi. Bu noyabrda tamamlanırdı, amma apreldir. 6 ay  keçməsinə baxmayaraq, bu məsələ həllini tapmayıb. Yeni baş nazir Novruz Məmmədov  çox tələbkar bir insandır. Yəqin, yaxın vaxtlarda bu məsələlərə baxar” .

Xəzər Universitetinin təsisçisi, professor  Hamlet İsaxanlı hesab edir ki, bütün variantlardan istifadə edib təhsildə iştirak sayını artırmaq lazımdı:

“Qeyri-adi məsələ deyil. Azərbaycanda təhsildə iştirak deyə bir anlayış var, yəni uyğun yaşda olanların neçə faizi təhsildədir.  Bu göstəriciyə görə,  Azərbaycan qonşu ölkələrdən xeyli geridədir. MDB ölkələrində axırdan ikincidir. Ona görə ali təhsildə iştirakı artırmaq lazımdır. Hazırlıq qrupları da bu yollardan biridir. Bu qruplara marağı artırmaq üçün möhlət hüququ bu işə köməkdir. Əsgərlikdən yayınma tamamilə olmur. Söhbət 1 ildən gedir, 1 il tez, ya gec dünya dəyişmir”.