Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 12:12:00
"Şagirdin 150 bal topladığını öyrənəndə, valideyn deyir ki, get, özünü öldür" - Ekspertdən XƏBƏRDARLIQ

"Abituriyentlərin intihar etməsində əsas səbəbkar, məhz valideynlərdir. Ana deyir ki, bala, atanın ürəyi xarabdır. Əgər universitetə qəbul olunmasan, infarkt keçirib öləcək. Ata deyir ki, anan yaman xəstədi, az bal toplasan, dözə bilməyəcək. Beləliklə, şagird imtahana gedəndə tək imtahan stressiylə üz-üzə qalmır. Abituriyentin bildikləri də başında qarışır. Bəzən elə olur ki, imtahanın cavabını belə gözləmədən intihar edirlər"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Adil Vəliyev deyib. Onun sözlərinə görə, hər imtahanda kimsə özünü qatarın altına, yaxud da binadan aşağı atır:

"Qızları qorxudurlar ki, universitetə daxil olmasan, səni 40 yaşlı kişiyə ərə verəcəyik. Bu cür yanaşmalar yanlışdır. Bu il daxil olmadı, gələn il olacaq. Hazırda bacarıqlı maşın ustasına, dərziyə də ehtiyac var. Hökmən deyil ki, övladınız ya müəllim, ya da vəkil olsun. Hər kəs ali təhsilli olacaq deyə qayda yoxdur. Görsəniz ki, övladınız oxuduğunu dərk edə bilmir, məcbur etməyin. Qızdırsa, dərziliyə, tibb bacılığına yönəldin. Övladınızın fikirlərinə önəm verin. Əsas intihar hadisələri məhz, imtahanlardan sonra başlayır. Şagird nəticəsinin 150 bal olduğunu öyrənəndə, valideyn deyir ki, get, özünü öldür. Nəzərə alın ki, qarşınızdakı şəxsin 18 yaşı olsa da, hələ uşaqdır. Hər yaşda inkişaf prosesi fərqli gedir. 

Bir sözlə, valideyn hər şey edər, təki övladı ali məktəbə daxil olsun. Qohumlar soruşanda oğlunun 150 yox, 500 bal topladığını deyəcək. Təki daxil olsun və mənim adımı batırmasın. Çünki filan yerin rəisiyəm, uşağım universitet oxumalıdır"

Xatırladaq ki, bu gün  ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

İmtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 27.225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IV qrup üzrə imtahan verir.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları