https://www.zirve.edu.az/
16.04.2018 10:29
"Azərbaycanda qadın arxeoloqların sayı artır” – İnstitutun direktor müavini
Çap et
"Son illər arxeologiya sahəsinə müraciət edənlərin çoxu qızlardır”. 
Bunu AzEDU.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmlər doktoru Nəcəf Müseyibli deyib.
 
Onun sözlərinə görə, bu sahə daha çox çöl tədqiqatları ilə bağlı olduğundan adətən oğlanlar məşğul olurdu, lakin son illər tendensiya dəyişib: 
 
“Arxeologiya və Etnoqrafiya İnstitutu bilavasitə ekspedisiya, çöl tədqiqatları ilə bağlıdır. Burada daha çox oğlanların işləməsi uyğun gəlir. Qızlarda müəyyən çətinliklər ola bilər, amma bununla belə, institutumuzda bərabərsizlik yoxdur. Son illər bizim sahəmizə müraciət edənlərin çoxu qızlardır. Onlar da həm ekspedisiyalar, həm konfrans, həm də elmi işlərin yazılmasında fəal iştirak edirlər”. 
Direktor müavini daha sonra institutdakı gənc kadrların dil bilgilərinin səviyyəsi, xarici mənbələrdən yararlanma bacarıqlarına da toxunub.
 
Onun sözlərinə görə, gənclərin dil bilgisi qənaətbəxşdir. Son illər Avropa dillərinə daha çox üstünlük verilir: 
 
“İnstitutumuzdakı gənc alim və mütəxəssislər rus dilində yazılan elmi ədəbiyyatlardan da istifadə edə bilirlər. Onların ingilis dilinə daha çox meyl etməsinin səbəbi dünya elmi səviyyəsində Azərbaycana aid tədqiqatların olması ilə bağlıdır. 
 
Biz 70 ilə yaxın müddətdə SSRİ tərkibində olmuşuq. Ölkəmizin tarixinə, arxeologiya, etnoqrafiyasına dair əsərlərin böyük hissəsi rus dilindədir. Təqdirəlayiq haldır ki, rus dilini tam bilirlər. Amma rus dilində ünsiyyətdə çətinlik çəkən gənclər də elmi ədəbiyyatdan istifadə edirlər. İnstitutun elmi əməkdaşları onlara bu istiqamətdə köməklik göstərirlər. Bu barədə problemimiz yoxdur. Ümumiyyətlə, üstünlük daha çox ingilis dilinə verilir. Eyni zamanda, türk dilində elmi ədəbiyyatlardan da geniş istifadə edilir. Əməkdaşlarımızın əsərləri türk dilində də çap olunur”. 
 
N.Müseyibli arxeologiya ilə bağlı daha bir maraqlı məqama toxunub: dünyanın bir çox yerlərində çox nadir arxeoloji qazıntıları aşkarlayan tədqiqatçı birbaşa elmi dərəcəyə layiq görülür. Bəs, bizdə necə, bu ənənə varmı? Kiməsə nadir tapıntıya görə, elmi dərəcə verilibmi? 
 
Alim deyir ki, hər hansı vacib tapıntıya görə elmi dərəcə verilmir, amma bu tapıntı elmin tarixində qalır: 
 
“Elmi dərəcə almaq üçün həmin tapıntılar üzərində araşdırma aparıb dissertasiya yazmaq lazımdır. Yalnız o dissertasiyanın müdafiəsindən sonra elmi dərəcə verilir. Dissertasiya mövzuları, ümumiyyətlə, institutun apardığı elmi tədqiqat işlərinin tərkib hissəsidir. Bu mövzular elmin aktual məsələləri ilə bağlı seçilir, aparılan çöl tədqiqat işləri zamanı əldə edilən materiallar əsasında müəyyənləşir. Aşkar edilən yeni materiallar, abidələr, etnoqrafiyada yeni faktlar - bütün bunlar dissertasiya mövzularının əsasını təşkil edir. Elmimizdə bu vaxtadək işlənməmiş, təhlil edilməmiş, yeni problemlər üzərində qurulur”. 
 
Bu il həm də “Xalq Cümhuriyyəti” ilidir. Cümhuriyyət qurulmazdan əvvəl, həmçinin, qurulduqdan sonra baş verən bəzi qanlı soyqırımlar zamanı ölən soydaşlarımızın da nəşlərinin qalıqlarının tapılmasında bu institutun böyük rolu olub. Lakin direktor müavini bildirib ki, soyqırımılar bilavasitə institutun elmi tədqiqat istiqamətlərinə daxil deyil:
 
“Amma Azərbaycan xalqının tarixində ən faciəli bir dövrlərdir. Buna görə istənilən Azərbaycan ziyalısı, vətəndaşı bunu həmişə yaddaşına həkk etməlidir. Bilməlidirlər ki, bunları bizə qarşı kimlər törədib, onlar tariximizdə olduğu kimi öz əksini tapmalıdır. Quba soyqırımı məzarlığını nümunə göstərə bilərəm. Bu məzarlığın tədqiq edilməsi bizim institutun fəaliyyətinin nəticəsidir. 2007-2008-ci illərdə institutumuz  Quba soyqırımı məzarlığında geniş ekspedisiya aparıb. Orada vaxtilə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi insanların qalıqları aşkar edilib. İndi də bu məzarlıqda böyük kompleks yaradılıb, abidə ucaldılıb. Bu dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. İnsan sümüklərinin araşdırılıb çıxarılması arxeoloqun fəaliyyəti ilə bağlıdır. Amma arxeoloji dövr deyil. Bir neçə etnoqraf alimimiz də dövr üzrə işlər aparır. Elmi problemlə bağlı bəzi araşdırmalar var. Daha geniş şəkildə bunlar bizim tədqiqatlara aid deyil”. 
 
Əsmər Qabil
Bu bölməyə aid digər xəbərlər
29.06.2020 | 17:31
25.06.2020 | 12:51
27.05.2020 | 11:12
09.05.2020 | 14:51
27.04.2020 | 15:45
25.04.2020 | 16:00
15.04.2020 | 12:11
04.03.2020 | 12:26
22.02.2020 | 09:49
10.02.2020 | 15:30