Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-20 14:40:00
Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu- VİDEO

Aprelin 19-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun və “Zəfər” Şəhid ailələrinə dəstək İctimai birliyinin təşkilati dəstəyi ilə Şərif Ağayarın “Komandir” romanının təqdimat mərasimi keçirilib.

Aprel şəhidi, əfsanəvi kəşfiyyatçı,  polkovnik-leytenant Raquf Orucova həsr olunmuş kitab real faktlar əsasında qələmə alınıb. Əsərdə Raquf Orucovun həyatı və 25 illik hərbi fəaliyyətinin bir qismi öz əksini tapıb.

 Tədbirin əvvəlində Raquf Orucovun hərbi fəaliyyətini, Murov istiqamətində xidmət etdiyi uğurlu kəşfiyyat əməliyyatlarını əks etdirən və Vətən uğrunda şəhid olan qəhramanlarımızın xatirəsinə həsr edilmiş qısa sənədli film nümayiş olunub.

 Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aqil Abbas və Fazil Mustafa həyatlarını Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsinin qoruyub saxlamasının vacibliyindən danışdılar.

 Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Vətəni canından artıq sevən qəhrəmanın ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək hesab etdiyini söyləyib. Milli Məclisin deputatı Qənirə Paşayeva, kitabın redaktoru İlham Tumas və digər qonaqlar Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söhbət açıb. Deputat Qənirə Paşayeva bölgələrimizdə kitabın imza günlərinin keçirilməsi, “Komandir” kitabı əsasında film hazırlanması üçün çağırışlar edib. O, eyni zamanda kitabın ən yaxşı təbliğatçılarından biri olacağına söz verib.

 Kitabın müəllifi Şərif Ağayar bildirib ki, roman dörd hissədən ibarətdir. Romanın birinci hissəsində polkovnik-leytenant Raquf Orucovun uşaqlığı, gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər əks olunub. İkinci və üçüncü hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğrundakı döyüşlər haqqındadır.