https://www.zirve.edu.az/
13.04.2018 12:09
Müəlliflərin Şah İsmayıl davası: “Bu, diletantlıqdır”
Çap et

Orta əsrlər Azərbaycan Səfəvilərin tarixinə nəzər saldıqda müxtəlif maraqlı məqamlarla qarşılaşırıq.

1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılan dövlətin türkçülüyə verdiyi töhfələrlə yanaşı, bu dövləti türklərin İranda məzlum durumda qalmağının əsas səbəbi hesab edən və ya insanlara bu cür qəbul etdirməyə çalışan tədqiqatçılar da az deyil.

Cənubi azərbaycanlı araşdırmaçı Güntay Gəncalpın “Səfəvilər. Səfəvi kimliyinə fərqli baxış” adlı  kitabının əsas ideyası da belədir: “Səfəvi dövləti totalitar hakimiyyət yaratdı; zor və kütləvi qətllərlə şiəliyin yeganə rəsmi məzhəb olaraq sırınması tolerant dini-düşünsəl ortamı aradan apardı; bu hadisədən ən çox zərər çəkən Türklük oldu; Xomeyni rejiminin tarixi kökləri Səfəvilərə gedib çıxır; günümüz Türklərin İranda məzlum durumda qalmağının əsas səbəblərindən biri də məhz Səfəvilik düşüncəsidir”.

1425447750.jpg

Üstəlik, Güntay Gəncalp bu düşüncədə olan yeganə araşdırmaçı deyil.

Məsələ ilə bağlı tədqiqatçı Ceyhun Bayramlı AzEdu.az-a açıqlamasında bildirib ki, bu düşüncə və fikirlər subyektiv fikirdir və gerçəklikləri əks etdirmir:

“Təkcə o sadə faktı göstərə bilərəm ki, Səfəvi xanədanının ilk hökmdarı sayılan Şah İsmayıl özü şiə olmayıb. Yazdığı heç bir nəzm nümunəsində o, özünü şiə adlandırmayıb. Belə olduğu halda sual yaranır: Özü şiə olmayan biri necə ola bilər ki, zor və kütləvi qətllərlə şiəliyin yeganə məzhəb olmasını təmin etsin? Bu fikri söyləyənlər İslamda məzhəb və təriqət müstəvilərini fərqləndirə bilmirlər. Bu adamlar hələ də anlamır ki, şəriət şiəliyi ilə qızılbaşlığın fərqi nədədir. Şah İsmayıl nə cür şiə idi ki, Mazandaranda ona qarşı üsyan qaldıran 20 min radikal şiəni darmadağın edib?

Totalitar hakimiyyət məfhumunu aparıb orta əsrlərin feodal dövlətlərinə ittiham kimi ünvanlamağın özü də diletantlıq və səthi yanaşmadır. Bu sözü deyən kəslər görəsən barmaqlarını qatlayıb həmin dövrdə dünyanın hər hansı bir nöqtəsində demokratik üsul-idarəyə sahib dövlət nümunə gətirə bilərlərmi? Feodal dövlətlərinin xüsusiyyəti monarxiya ilə əlaqədardır. Hələ bunların totalitar adlandırdığı Şah İsmayıl divanda azərbaycanlıların bütün tayfa və əşirətlərinin öndərlərini, başçılarını, boy bəylərini toplamışdı ki, bu da totalitarizm iddiasını tamamilə alt-üst edir”.

Xomeyni rejiminin tarixi köklərinin guya, Səfəvilərə gedib çıxması fikri də əsassızdır. Bu fikri söyləyənlər bu suallara cavab versinlər ki, hanı bu Xomeyni rejimində Şah İsmayılın Ayini-Cəmləri, hanı Şahın öz fərmanından üstün tutduğu saz sədası, hanı sufi səmahları, hanı Şah İsmayıl irsinin və Səfəvi dövlətçiliyinin İranda təbliği istiqamətində nəşr olunmuş əsərlər, hanı qızılbaşlıq əqidəsində olan müridlərin öndərləri olmuş Şeyx Heydər, Şeyx Cüneyd, Şeyx Səfiəddinin həyat və mübarizəsi tarixi ilə bağlı filmlər və əsərlər? Və ən əsası, nə üçün onda bu Xomeyni rejiminin dövlət dili Şah İsmayılın və sonrakı Səfəvi hökmdarlarının saray dilinə çevirib yüksəyə qaldırdıqları türkcə deyil, farscadır? Əminəm ki, bu suallara həmin diletantlıq nümayiş etdirən kəslərin heç biri qaneedici cavab verə bilməzlər.

ceyhun bayramlı.jpg

“Səfəvilərdən türklük zərər gördü” deyənlər, zəhmət olmasa dönüb orta əsrlərin Osmanlısına baxsınlar, görsünlər ki, bu gün türk dövləti kimi təqdim olunan Osmanlıda türk xalqına necə alçaldıcı nəzərlərə baxırdılar və onlara "ətraki-biidrak" (idraksız türk) deyirdilər”.

Ceyhun Bayramlı deyib ki, Səfəvi-Qızılbaş dövlətinə ləkə atmaq istəyən bir qaragüruh mövcuddur:

“Bu qaragüruhun adı neo-osmanlıçılıq, neo-xilafətçilikdir. Şah İsmayılın təkcə o dövrdə yazdığı nəzm nümunələrinə baxmaq kifayət edir ki, türklük duyğusuna nə qədər önəm verdiyi aşkar olsun: “Getdikcə tükənir ərəbin kuyi-məskəni, Bağdad içində hər necə kim türkmən qopar”.

Yer üzündə yeganə dövlət Osmanlıdır ki, orada bir musiqi alətini camaatın gözü önündə dar ağacına çəkib asıblar. Söhbət türkün milli-tarixi dəyəri olan və Şah İsmayılın böyük önəm verdiyi saz adlı alətdən gedir. Osmanlıda sazı onu çalan aşıqla, ozanla bir yerdə dar ağacından asıblar. Bu, orta əsrlər Osmanlısının gerçək durumudur. Bundan danışmayıb üzərindən sükutla keçən həmin qərəzli insanlar Şah İsmayıl və Səfəvi-Qızılbaşların türklüyə ziyan vurması barədə iddialar irəli sürürlər.

Osmanlı və fars mənbə yazarlarının saxta məlumatları əsasında yazıb ortaya qoymaq elə böyük bir çətinlik törətmir. Necə deyərlər, neo-osmanlıçıların puluna minnət”.

Nəzrin Rüstəmova