https://www.zirve.edu.az/
12.04.2018 11:10
“Bu məsələdə DİM Təhsil Nazirliyini, nazirlik də DİM-i günahlandırır”- Ekspertdən həyəcan təbili
Çap et

Bəzən, orta məktəbdə yüksək nəticə göstərən, “əlaçı” olan şagirdlər Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında 200 bal belə toplaya bilmir. Bəzi mütəxəssislər isə tam əksinə, qəbul imtahanlarında maksimum nəticə göstərən şagirdləri “əzbərçi” adlandırırlar.

Problemin nədən qaynaqlandığını öyrənmək üçün təhsil eksperti Nadir İsrafilov ilə əlaqə saxladıq.

Ekspert AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda optimal vahid qiymətləndirmə sisteminə əməl olunmur: “Qiymətləndirmə təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sənəddə qeyd olunub ki, bu işlər qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək. Bundan başqa həmin sənəddə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da planlaşdırılıb. Növbəti iki ili əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə həvalə olunub. Etiraf etməliyik ki, təhsilimizdə biliyin qiymətləndirilməsi sahəsində vəziyyət o qədər də ürəkaçan deyil.

Təhsilin ayrı-ayrı pillələrində qiymətləndirilmənin “5”, “10 ”, “100 ”, “700” ballıq şkalalarından istifadə edilir. Hətta bir müddət eksperiment qaydasında “9” ballıq şkaladan da istifadə olunub. Şkala bildiyinin bilməli olduğuna nisbətini əks etdirir. Qəbul imtahanlarında tətbiq olunan “700” ballıq şkalanın nəzəri və pedaqoji aspektləri kifayət qədər əsaslandırılmadığından orta məktəbdə tətbiq olunan “5” ballıq şkala arasında kəskin uyğunsuzluqlar əmələ gəlir. “700” ballıq şkalada bizim klassik “4” qiyməti- 560, “3”- 420, “2” - 280-dır.

412144535.jpg

Qiymətləndirmədə ayrı-ayrı ölkələr üzrə mənimsəmənin minimal həddi müəyyən edilir. ABŞ-da mənimsəmə həddi hardasa 80 faizdir. 80 faizdən aşağı mənimsəmə qeyri-kafi hesab olunur. Keçmiş SSRİ-də bu hədd 60 faiz, yəni “3” idi. Bu, 700 ballıq dolaşıqlıq sayəsində biz neçə illər ərzində 150, bəzi ixtisaslara isə hətta 100 balla, yəni “0”-la  tələbə qəbul etmişik. Yalnız ötən iki ildir, keçid balı  200-ə qaldırılıb ki, bu da klassik qiymətləndirmədə elə “2” qiyməti deməkdir. Belə halda 250 bal toplayanların sevinc hissini başa düşmək o qədər də çətin deyil.

Digər bir fəsad çox zaman orta məktəblə, qəbul imtahanı arasında yaranan fərqdir. Orta məktəbdə “5” alan şagird qəbul imtahanında gedib “2” alır. “3” alan isə gedib “5” alır. Bu məsələdə TQDK (DİM) günahı Təhsil Nazirliyinin üzərinə atır və ittiham edir ki, orta məktəb obyektiv imtahan keçirmir. Təhsil Nazirliyi isə tamam əks arqumentlər gətirməklə DİM-i günahlandırır. Və ya necə olur ki, orta məktəb üzrə 250-300 civarında medalçılardan qəbul imtahanlarında ən çox halda 10-12, elə olsun cəmi 15 nəfəri 700 bal toplayır?

Nadir İsrafilovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanları ilə bağlı yeni modeli açıqlayanda orada yer alan müddəalar, 700 balın orta məktəbin göstəriciləri ilə bölüşdürülməsi məsələsində  ümumi ictimaiyyət arasında müzakirələrə səbəb olan maraqlı məqam ortaya çıxıb:

“Bu məqam hər iki imtahan üçün bölüşdürələcək ballardır. Eyni zamanda hər iki imtahandan yığılacaq balların hesablanması bir qədər qaranlıq qalıb. Son olaraq məsələnin ciddiliyinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər, tələbələr, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlərin iştirak etdiyi növbəti dinləməsində də diqqət çəkilərək əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda məruzəsi ətrafında geniş müzakirələr aparılıb”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları