Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 13:58:00
Olimpiada qızılını alan məcburi köçkün məktəblisi: “5 yaşımda IX sinif kitabını əzbərləmişdim” – MÜSAHİBƏ

Rəşad Təhməzli: “700 bal toplamaq intellektual olmağın göstəricisi deyil”

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki  qonağı ADA Universitetində Biznesin İdarəedilməsi fakültəsində təhsil alan Rəşad Təhməzlidir.

O, Tərtərdə yerləşən Kəlbəcər rayon 36 saylı orta məktəbin məzunudur. R. Təhməzli 2017-ci ildə keçirilən qəbul imtahanlarında 676 ballıq nəticə göstərib.

Öz dilindən TƏQDİMAT: 2000-ci ildə müvəqqəti məskunlaşdığımız Tərtər şəhərində dünyaya gəlmişəm. Məcburi köçkün məktəblərində təhsil alan şagirdlər  həyata  şəhər məktəblərinin şagirdlərindən bir addım geridə başlayırlar. Bu, öz doğma yurdlarından didərgin düşmüş insanların həyata sıfırdan başlaması ilə əlaqədardır. Bununla belə, bir çox hallarda məcburi köçkün ailələlərində böyüyən uşaqlar həyatda daha çox uğura can atmağa meyillidirlər.

Təhsil aldığım müddətdə bütün diqqətimi və vaxtımı təhsilə ayıraraq, yalnız bu sahədə uğurlu olmağı qarşıma məqsəd qoymuşam. Məktəbə getmədən, təxminən, 3-4 yaşımda yazıb oxumağı öyrənmişəm. 5 yaşımda IX sinif Coğrafiya kitabını əzbərləmişdim. Bu illər ərzində orta məktəb dərslərimi yüksək qiymətlərlə oxudum və IX sinifdən etibarən, Coğrafiya üzrə fənn olimpiadalarına qatıldım. İlk dəfə IX sinifdə Coğrafiya fənn olimpiadalarının hər üç mərhələsindən (rayon, bölgə, respublika) uğurla keçərək, Respublika ikincisi oldum. XI sinifdə isə Coğrafiya üzrə Respublika birincisi olmağı bacardım. Bu medal Kəlbəcər rayonunun işğaldan sonrakı zamanlarda şagirdlərin qazandığı ilk və hələ ki, yeganə qızıl medaldır.

Eyni zamanda, peşəkar intellektual oyunların iştirakçısıyam. İctimai Televiziyada yayımlanan “Breyn Ring” intellektual verilişində və ADA Universiteti komandasının heyətində çıxış edirəm.

X sinifdə Təhsil Nazirliyi və Azərbaycan Televiziyasının ortaq layihəsi olan məktəblilərarası “Əlaçı” intellektual verilişinin qalibi olmuşam. XI sinfi bitirəndə Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görüldüm. ADA-da keçən semestr fakültədə təhsil alan ən yaxşı 20% tələbənin arasında yer aldım.

-Rəşad, ADA Universitetində sıradan hər hansı dərs gününü təsvir et..

-“ADA” hazırda ölkəmizin ən müasir təhsil standartlarına malik universitetlərindən biridir. Dərslər nisbətən ağır olsa da, keyfiyyətli tələbə həyatı bunu çox da hiss etdirmir. Kampusun ərazisində gəzərkən əylənən, dərs oxuyan və fərqli məşğuliyyətlərlə məşğul olan tələbələrə rast gələ bilərsiniz. Dərsdənkənar fəaliyyətlər dərs gününü daha maraqlı edir.

-Məlum məsələdir ki, “ADA”-da təhsil haqqı digər universitetlərimizlə müqayisədə yüksəkdir. Bəs, universitetiniz həmin pulun qarşılığını layiqincə ödəyə bilirmi?

-Keyfiyyətli təhsilə xərclənən pul nə vaxtsa insana geri qayıdır. Avropada və dünyada da tələbələr bu prinsiplə təhsil alırlar. Bunları nəzərə alaraq, ADA-nın tələbələrə verdiyi təhsil bu pulun əvəzini ödəyir deyə düşünürəm. Onu da qeyd edim ki, məcburi köçkün olduğum üçün təhsil haqqından azadam və yalnız  “student fee” (tələbə xərclərini) ödəyirəm.  

-Qazandığın uğurları sadaladın. 700 bal toplamaq necə, məqsədlərinin arasında olubmu?

-700 balı toplamaq heç də asan iş olmasa da, mümkünsüz də deyil. Əsas məqsədim 700 toplaya bilməsəm də, yüksək nəticə göstərməyim idi. Bunu da qazandığım üçün məqsədimə çatmış sayılıram. Mənə görə 700 bal toplamaq hərtərəfli, dünyagörüşlü və intellektual olmağın göstəricisi deyil. Bütün bunlar 5 fəndən yox, baxdığınız filmlərdən, oxuduğunuz kitablardan, dinlədiyiniz musiqilərdən və öyrəndiyiniz əlavə ensiklopedik fakt və biliklərdən asılıdır.

-Hələ I kursda təhsil almağına baxmayaraq, yəqin ki, tələbə həyatının ümumi məzmunu ilə tanışsan. Səncə, günümüzdə tələbənin ən böyük problemi nədir?

-Bugünkü ali məktəb təhsil sistemində tələbələrin ən çox şikayət etdiyi məsələlərdən biri təcrübəyə yox, nəzəriyyəyə üstünlük verilməsidir.  Eyni zamanda, müasir Avropa təhsil sisteminin ölkəmizdəki bir çox ali təhsil müəssisələrində tətbiq olunmaması da tələbələr üçün problem olaraq qalır.

-Cəmiyyətdə səni narahat edən və tələbələrə də təsirsiz ötüşməyən hansı faktorlarla rastlaşmısan?

-Hazırda tələbə və şagirdlərə mənfi təsir göstərən əsas faktorlardan biri valideyn və ətrafındakı digər şəxslərin öz istədikləri uğurları qazanmaq üçün onlara təzyiq göstərmələridir. Bu təzyiq də sonradan intihar  və s. kimi faciəvi nəticələrlə yekunlaşır. Valideyn və müəllimlər tələbənin seçiminə hörmətlə yanaşmalı, onların arzu və istəklərinə müdaxilə etməməlidirlər.  Özünü işdə və həyatda özünü xoşbəxt hiss etməyin də səbəbi, məhz bundan qaynaqlanır.

-Təhsilimizin inkişafı və dünya təhsil sisteminə inteqrasiyası prosesini sürətləndirmək üçün nələri təklif edərdin?

-Gənclərin təhsilə marağının artırılması ilə bağlı daha təsirli və innovativ layihələrin sayının artırılmağını təklif edərdim. Tələbə olmaq istəyən gənclərə isə tövsiyəm budur ki, yalnız hazırlaşdıqları fənlərlə kifayətlənməsinlər, daha geniş intellektual bazaya malik olmaq üçün dünyagörüşlərini artırmağa çalışsınlar.

-Biliyin düzgün qiymətləndirilməsi üçün imtahan sistemində hansı dəyişikliyin edilməsini istəyərdin?

-Tələbələri yekun nəticə ilə deyil, çəkdikləri əziyyətə və göstərdikləri səyə görə qiymətləndirən sistemin olması daha yaxşı olar.

-Sənə qeyri-adi görünən, lakin ideal hesab etdiyin hansısa məqsədin varmı?

-Məqsədim xaricdə təhsil alacağım müddətdə həm təhsil almaq, həm də dünya səyahətinə çıxmaqdır. Bu qeyri-real görünsə də, səyahətlərə və yeni nələrsə kəşf etməyə olan böyük marağımdan irəli gəlir.

-Azərbaycanlı tələbə xarici mühitə düşərsə....?

-...Əgər həmin tələbə açıqfikirli deyilsə, oradakı mədəniyyətə uyğunlaşa bilməyəcək. Ora hansı məqsədlə getdiyini dərk edən tələbə isə həm yaşadığı cəmiyyətə  asanlıqla inteqrasiya olunacaq, həm də geri dönərkən əldə etdiyi bilik və bacarıqları ölkəmizdə də uğurla tətbiq edəcək.

-Səncə, tələbənin şəxsi inkişafına ən çox kömək edən vasitələr hansılardır?

-Açıqfikirli olmaq, öyrənmək istəyi, praktiki təcrübə və əlbəttə ki, uyğun şərait. Göz açandan ailədə gördüyün mühit də önəmlidir. Bu barədə bəxtimin gətirdiyini deyə bilərəm. Valideynlərimin hər ikisi müəllimdir və özümdən böyük qardaş-bacılarım yüksək göstəricilərlə təhsil alıblar.

-Rəşad, ali məktəbə yüksək balla qəbul olunan tələbələr arasında belə bir deyim var ki, kəsrsiz tələbə əsl tələbə sayılmır. Bu fikrə münasibətin necədir?

-Əlbəttə ki, bəli! Dərsləri yaxşı oxumaq və yaxşı qiymətlər əldə etmək heç də qeyri-adi bir şey deyil.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları