Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 14:15:00
Hər bir gəncin oxumaq istədiyi Almaniya universitetləri – Təhsil liderləri

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır.

Son zamanlar gənclər Almaniyada təhsil almağa üstünlük verir.

AzEdu.az  budəfəki, yazısında Almaniya universitetləri barədə məlumatları təqdim edir:

Təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır.Hazırda Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır.Ölkədə 376 ali məktəb var: bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir.

İndi isə ən yaxşı universitetləri barədə:

Almaniyanın ən nüfuzlu  ali təhsil müəssisələrindən biri də Münhen Texniki Universitetidir. Universitetin əsası 1868-ci ildə qoyulub. Ali təhsil müəssisəsi Bavariyanın Münhen şəhərində yerləşir. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik olan Münhen Texniki Universiteti Bavariyanın texniki sahə üzrə yeganə ali məktəbidir. Universitet əsasən dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Həmçinin, ali təhsil müəssisəsi  Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.

Berlin Humboldt Universiteti Almaniyanın məşhur ali təhsil müəssisələrindən biridir. Universitet 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. Ali təhsil müəssisəsi 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetin  məzunları arasında  Henrix Heyne, Lüdviq Feyerbax, Otto fon Bismark, Karl Marks, Karl Libknext və başqa tanınmışlar olub.

Almaniyanın ən tanınmış elmi-tədqiqat mərkəzlərindən biri də Münhen Lüdviq-Maksimilian Universitetidir. Ali təhsil müəssisəsi Almaniyanın Münhen Universitetində yerləşir. Universitet  fəaliyyətində əsasən şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir.Münhen Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib. İlk olaraq təhsil ocağının tərkibində İncəsənət (hazırkı Fəlsəfə fakültəsi), Tibb, Hüquq və İlahiyyat fakültələri fəalliyyət göstərib.Hazırda universitetdə 18 fakültə və 41 tədqiqat mərkəzi mövcuddur.

Almaniyanın ən qədim ali təhsil müəssisəsiHeydelberq Universitetidir.Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranan dördüncü universitetdir. Universitetin əsası 1386-cı ildə Heydelberqdə qurulub.Heydelberq Universitetinin məzunları sırasında dünyanın bir çox məşhurları da mövcuddur.

Karlsruhe UniversitetiAlmaniyanın qədim texniki  ali təhsil müəssisələrindən biridir. Universitet  1825-ci ildə bir neçə məktəbin bazasında yaradılıb.Ali təhsil müəssisəsi 1902-ci ildən etibarən Hersoq Fridrixin adını daşıyırdı. Daha sonra1967-ci ildə bu təhsil müəssisəsinin adı dəyişdirilərək Karlsruhe olub. Almaniyada ilk kimya mühəndisliyi fakültəsi 1969-cu ildə Karlsruhe Unversitetində yaradılıb. Həmçinin,  ilk informatika fakültəsi isə 1972-ci ildə məhz bu universitetdə yaradılıb.Universitetin kompüter mərkəzi Alman ali təhsil müəssisələri sırasında ən böyükdür.Təhsil müəssisəsinin ümumi işçi heyətinin sayı isə təqribən 4 minə yaxındır.Burada təhsil alan əcnəbilər isə ümumi tələbə kollektivinin 20%-ni təşkil edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları