Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 14:42:23
"Türkiyədə itkin düşən tələbəylə bağlı məsələ Konsulluğumuzun nəzarətindədir" - XİN RƏSMİSİ

“Fevralın 12-dən Türkiyədə itkin düşən 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov barədə məsələ Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun nəzarəti altındadır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. XİN rəsmisinin sözlərinə görə, məsələ Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən araşdırılır:

“29 mart tarixində itkin düşən Abduləvval Orucovun valideyni Afət Bəşirova müvafiq ərizə ilə Konsulluğa müraciət edib. Həmin tarixədək itkin düşən şəxsin valideynləri Türkiyənin 3 polis mərkəzinə də müvafiq müraciətlər ediblər. Bununla bağlı ölkəmizin İstanbuldakı Konsulluğu tərəfindən müraciət edilən polis mərkəzləri ilə yazışmalar aparılıb. Konsulluğa daxil olan cavablardan birində məsələnin Türkiyə polisi tərəfindən araşdırıldığı və əlavə məlumat olacağı təqdirdə Azərbaycan Konsulluğuna göndəriləcəyi qeyd olunub.

Məsələ Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun nəzarəti altındadır. Yeni məlumat əldə olunacağı təqdirdə bunlar Konsulluğa təqdim olunacaq”.

Xatırladaq ki, fevralın 12-dən Türkiyədə 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov itkin düşüb.

A.Orucov bir neçə gün öncə anasına “Vatsap” üzərindən zəng edib. Anası Afət Bəşirova bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb. 
 
Polis anaya axtarışı İnterpol-un həyata keçirəcəyini deyib. Yenidən mərkəzlə əlaqə saxlayan valdeynə A.Orucovun terror örgütlərinin birinin əlində olduğu bildirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları