Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 13:55:00
"Azərbaycanlı tələbələrin prioritet saydığı bu universitetin yataqxana şəraiti normal deyil" - RUBRİKA

“Təhsili aldığım universitetin 31000 aktiv tələbəsi  ümumi şəhər əhalisinin 25%-ni təşkil edir”.

Bunu AzEdu.az-a müsahibəsində Macarıstanda oxuyan gənc  soydaşımız İbad Bayramov deyir.

Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam  əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Macarıstanın Szeged Universitetində təhsil alan İbad Bayramov  universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

İbad Bayramov Szeged Universitetində Biznes idarəedilməsi ixtisası üzrə bakalavr təhsili alır:

Macarıstanın Szeged Universiteti müxtəlif reytinq cədvəllərinə əsasən ölkənin ən yaxşı ali təhsil müəssisələrindən hesab edilir. “Academic Ranking of World Universities” reytinq cədvəlinə görə isə “University of Szeged” dünyanın top 500 universitetindən biridir.

Yaxşısı budur, universitet haqqında İbad özü bizə məlumat versin:

“Szeged Universitetinin kitabxanasında olan yüksək şərait tələbələrə pozitiv aura bəxş edir”- deyən İbad bəh-bəhlə bu barədə danışır:

“Təhsil aldığım Szeged Universitetinin əsası 1581-ci ildə qurulub. Eyni zamanda Szeged Universiteti Macarıstanın ən qədim ali təhsil müəssisələrindən biridir.  Universitet xüsusilə XX əsrin əvvəllərində tədqiqat məsələlərinə önəm verib və bunun nəticəsi olaraq  ali məktəbin professoru Albert Szent  1937-ci ildə Nobel mükafatına layiq görülüb. Hazırda buranın 31.000 aktiv tələbəsi ümumi şəhər əhalisinin 25%-ni təşkil edir. Təsadüfü deyil ki, Szeged tələbə şəhərciyi adlandırılır.

Universitetdə müasir dövrün tələblərinə cavab verən kitabxana mövcuddur.  Kitabxanada yaradılan yüksək  şərait tələbələrə pozitiv aura verir.  Buranın Avropa universitetlərinin kitabxanaları siyahısında ilk 50-likdə yer alması təsadüfi deyil".

İbadın etirafı: “Yataqxanada yaradılan şəraiti yetərli hesab etmək olmaz”

“Szeged Universitetinin yataqxana ilə bağlı başlıca 2 problemi var: Fakültə binasından uzaq yerləşməsi və internet... Nəzərə alın ki, hər ikisi tələbə üçün çox əhəmiyyətlidir. Həmçinin, yataqxana şəraitinin yetərli səviyyədə olmadığını da demək olar. Lakin bu o demək deyil ki, yataqxana bərbad vəziyyətdədir. Sadəcə Avropada bir çox universitetin yataqxanalarında mövcud olan başlıca problemləri burada da müşahidə etmək mümkündür.

Szeged Universitetində imtahanların keçirilmə qaydası da fərqlidir. Çünki,burada tələbələr üçün çeşidlər boldur. Təhsilalanlar həm açıq tipli, həm test, həm də kompüterlər vasitəsilə  imtahanları verirlər.  

Universitetdə beynəlxalq tədbirlər də keçirilir. Bu tədbirlərdə müxtəlif ölkədən iştirak edən tələbələrin öz  adət-ənənələrini  əcnəbilərə nümayiş etdirməsi üçün möhtəşəm fürsət yaranır. Azərbaycanlı tələbələr də  bu imkandan maksimum dərəcədə istifadə edərək xaricilərə öz mədəniyyətimizi ən gözəl şəkildə təqdim edirlər”.

İbad Bayramov Macarıstanda tələbələrə edilən endirimlərdən də bəhs edib:

“Szeged Universitetində minimum təhsil haqqı, təxminən 4500-5000 dollar arasındadır. Universitetin ən yüksək inkişaf etmiş tibb ixtisaslarında isə məbləğ tam fərqlidir. Əczaçılıq ixtisasında təhsil haqqı 10.000, tibbdə 16.000 ,Stomotologiyada isə 17.000 dollardır.

Açıq etiraf edim ki, tələbələrə universitet tərəfindən olmasa da, hökumət tərəfindən böyük güzəştlər edilir.  Avtobus və qatar biletlərinin qiymətində tələbələrə xüsusi endirimlər olur.  

Szeged Universiteti xüsusilə son illərdə Azərbaycanlı tələbələrin ali məktəb seçimi etdiyi zaman prioritet kimi qiymətləndirdikləri yerlərdən biridir. Bunu buradakı tələbələrimizin sayından da müşahidə etmək mümkündür. Bakalavr, magistr və doktorantura daxil olmaqla təqribən 100-ə yaxın Azərbaycanlı tələbə burada təhsil alır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları