Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 09:06:15
“Vaxt var idi, Vahabzadəni Lütfi Zadədən də çox tanıyırdılar, indi isə…” - Humanitar elmlərin qürubu

MADDİYYƏT MƏNƏVİYYATI, DƏQİQ ELMLƏR İSƏ HUMANİTARI ÜSTƏLƏYİB

Son dövrlər dəqiq, texniki və təbiət  elmlərinə maraq artıb. Xüsusilə də  xaricdə təhsil məqsədi alan gənclər dəqiq elmlərə üstünlük verirlər. Digər ölkələrdə də texniki biliklərlə iş bazarına çıxmaq imkanı daha çoxdur. Çünki hazırda dünyanın “texniki” və “dəqiq” beyinlərə daha çox ehtiyacı var və həmin sektorun inkişafı dünya elminə böyük töhfələr verə bilir. Amma hesab olunur ki, bu, yaxın gələcəkdə humanitar sahələrdə müəyyən boşluqların yaranmasına səbəb ola bilər.

Ümumiyyətlə, bizdə humanitar elmlərin dünya çapında faydalı iş əmsalının zəif olmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AzEDU.az-a danışan professor Elçin İsgəndərzadə dünyanın məhz texniki sahələrdə yarışmasının səbəblərini izah edib: “Bəlkə bunu təəssüf hissi ilə demək lazımdır, bəlkə də  dünyanın reallığı budur. İndi hər şey maddiləşib. Elm də müəyyən gəlirə, iqtisadi səmərəyə xidmət edir. Bütün dünyada belədir. Hazırda kompüter texnologiyaları Lütfi Zadənin elmi üzərində qurulub. Texniki elmlər ona görə bu qədər məşhurlaşıb ki, dünya bundan çoxlu gəlir qazanır. Elmin yeni texnologiyanın yaranmasında böyük rolu var. Bu, iqtisadiyyata da xeyli təsir göstərir. Məsələn, mən son altı ayda iki dəfə Massaçusets Texnologiya İnstitutunda olub, “İphone”nin proqram təminatını yaradan Veb adlı gənc professorla görüşdüm. Hazırda Amerikanın ən zəngin insanlarından biridir. Bilavasitə texnologiya, istehsala böyük investisiya gətirən elmlər hazırda dünyada daha aktualdır”.

10151757_10204216786072608_2618119834509545926_n.jpg

O, bir vaxtlar humanitar dünya insanlarının, konkret olaraq şairlərin alimlərdən daha çox tanındığını xatırladıb: “Mən həm də şair, filologiya elmləri sahəsində professoram. Səmimi etiraf edim ki, əvvəllər mənəvi məsələlərə önəm verilir, filologiya texnikadan öndə idi. O vaxtlar mənim müəllimim olan Bəxtiyar Vahabzadə Lütfi Zadədən də məşhur idi. Görkəmli şairlərimiz elm adamlarından daha çox tanınırdı. İndi kainat qloballaşır və kürəsəlləşir. Dünya ölkələri nə ilə nəfəs alırsa, biz də onunla nəfəs almaq məcburiyyətindəyik. Təbii ki, hazırda ədəbiyyat, humanitar sahələr də lazımdır. Yenə də mən düşünürəm ki, mənəviyyat maddiyyatın üstündə durmalıdır. Dünyanın aparıcı elm ölkələri ilə əməkdaşlıq etdikdə də maddiyyat ön planda olur. Yeni texnologiyalar, yeni elm sahələri yaratmaq və onların səmərəsindən istifadə etmək dövrüdür.

Mən Azərbaycana yeni ölçmə texnologiyası gətirmişəm. Koordinat meterologiyası adlanır və ənənəvi ölçmələrdən daha müasirdir. Bu, Azərbaycanda hərbi sənaye və ya neft-qaz sektorunda və  digər yüksək dəqiqlikli ölçmələrin lazım olduğu sahələrdə böyük rezonans yaradıb”.

Professor bir vaxtların xaricdə təhsil proqramından yararlanan tələbələrin humanitar sahələri seçmədiklərini qeyd edib: “2007-2015-ci illərdə xaricdə təhsil dövlət proqramından çox gənclər yararlanıb. Bildiyim qədəri ilə həmin proqram vasitəsilə xaricə gedən tələbələrin arasında filosof və ya filoloq yox idi. Hamısı texnika, iqtisadiyyatın idarə edilməsi, az bir qismi isə tibbi seçmişdi. Bu dünyanın tələbi olduğuna görə biz də uyğunlaşmalıyıq. Amma humanitar tərəfi də unutmaq olmaz. O, mənəvi qidadır. Təəssüf ki, bu gün humanitar elmlər bir qədər arxa planda qalır”.

O, texniki sahənin əsas çatışmazlıqlarını dilə gətirib: “Azərbaycanda texniki sahənin müəyyən çatışmazlıqları var. Məsələn, bu gün ölkəmizdəki elmi müəssisələr, universitetlər tədqiqat mərkəzinə çevrilməlidir. Bazanın olmaması da digər bir problemdir. Biz onu yeni formalaşdırırıq. Ölkədə yaradılan texnoparklar texniki elmlərin dünya bazarına çıxmasına çox böyük təkan verib. Məsələn, Azərbaycan Texniki Universitetində 2-3 kafedrada  müasir avadanlıqları var, amma bu çox azdır. Bir çiçəklə bahar olmaz. Ən böyük çətinliyi ölkəmizdə maddi bazanın olmamasında görürəm. Bizdə Sabah qrupları yaradıldı. Mən də onlara dərs deyirəm. Görürəm ki, biz də xaricdəki səviyyədə dərslər keçirilir. Amma praktikaya gəldikdə texniki baxımdan baza zəifdir. Gərək tələbələr öyrəndiklərini müasir cihazlarda icra etsinlər.

İkinci məsələ isə xarici dil biliyidir. Dünyaya çıxış üçün ingilis dili bacarığı olmalıdır. Gənclər bu vəziyyəti gördüklərinə görə əksəriyyəti dil öyrənir, 30 yaşa qədər olan elmi işçilərdə ingilis dili problemi o qədər də deyil. Amma 60 yaşlı savadlı  alimlərimiz var ki, xarici dili problemləri var. Söhbət təbii ki, texniki ingilis dilindən gedir. Texniki əcnəbi dil bilikləri bizdə zəif olaraq qalır. Ona görə də dünya ilə rəqabətdə müəyyən çətinliklər yaranır”.

Bu tendensiyanın əsas səbəblərini açıqlayan BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev dünyada tanınan humanitar sahə, konkret olaraq hüquqşünas alimlərimizin sayının azlığı fikri ilə razılaşmadığını bildirib: “Əvvəla, texniki və humanitar sahələrdəki jurnanalların sayı eyni deyil. Aralarında kəskin fərq var. Dəqiq elmlər sahəsində olan jurnalların sayı humanitarınkından qat-qat çoxdur. İkincisi, uzun müddət dövründə yaşadığımız Sovet dövləti hüquq sahəsində elmi biliklərimizin formalaşmasına çox qısqanclıqla yanaşıb. O dövrlər demək olar ki, kadr hazırlığına fikir verilməyib. Amma dəqiq elmlər sahəsində artıq bu sistem formalaşmışdı. Mən düşünmürəm ki, humanitar yöndə dünyada tanınanlar azdır. Sadəcə, hansı dairədə yayılma xüsusiyyətlərinə baxır. Məsələn, hüquq sahəsində bizim məqalələrimiz çıxır. Hüquq fakültəsinin “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı bir jurnalı var. İngilis dilində nəşr olunur və biz müraciət etmişik ki, o, indeksli jurnallar siyahısına daxil edilsin.

Emir Eliyev.jpg

Keçən il hüquq mütəxəssislərimizin beynəlxalq jurnallarda xeyli məqalələri çıxıb. Ola bilər ki, çox yüksək jurnallarda nəşr olunmayıb, amma  müəyyən reytinqli jurnallarda çap olunub. Əlbəttə, hüquq sahəsindəki yeniliklər, elmi biliklər yenicə başlandığından hesab edirəm ki, bu istiqamətdə maliyyə nisbətən az olub. Amma xeyli irəliləyiş də olub.

Hüquqşünaslığın elmi  istiqamətləri özü də dünya təcrübəsinə əsaslanmalıdır. 2011-ci ilə qədər bizdə magistraturada cəmi altı  ixtisaslaşma var idi. Amma son beş il ərzində ora  on bir ixtisaslaşma daxil etmişik. Məsələn, tibbi hüquq yeni sahədir. Sovet dövründə heç onun adını da tutmaq olmurdu. İdman, turizm, əqli mülkiyyət, dəniz, hüququ və s ixtisaslar açılıb.  Hesab edirəm ki, artıq bizdə yeni istiqamətlər başlayıb. Amma bunlar təzə qurulub. Bu istiqamətdə tez bir müddətdə beynəlxalq arenaya yüksək səviyyədə çıxmaq  mümkün deyil. Azərbaycan hüquqşünas alimlərinin xaricdə hüquqi istiqamətdə böyük tədqiqatları olub. Artıq bizdə ingilis dilində böyük baza var. 6 ixtisasda təhsil sırf ingilis dilində gedir. Bu istiqamətdə iş gedir və yaxın müddətdə müəyyən irəliləyişlər olcaq”.

usw4W9HMMFKM.jpg

Yazıçı Rasim Qaraca isə məsələyə bir qədər başqa səpkidən yanaşıb: “Ümumiyyətlə, dəqiq elmlərin adı ona görə “dəqiq”dir ki, burada nəticələr dəqiq hesablamalara əsaslanır, həqiqi elmi dərəcəsi olan hər bir insan, milliyyətindən, irqindən asılı olmayaraq bu sahədə potensial olaraq “dünyaya çıxa” bilər və uğur qazana bilər. Təəssüf ki, texniki sahədə Azərbaycan alimlərinin dünyaya çıxma statistikası ilə tanış deyiləm, lakin mənim tanıdığım insanlar arasında başqa ölkələrdə dəqiq elmlər sahəsində uğur qazananları var. Dəqiq olmayan elm sahələrində də xaricdə elmi dərəcə alan azərbaycanlıları tanıyıram. Bütün hallarda istər dəqiq, istər humanitar elm sahələrinin inkişafı üçün ölkəmizdə alimlərin fəaliyyəti tədqiq edilməlidir. 250-300 manat həcmində alim maaşıyla hər hansı inkişafa nail olmaq olmaz”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları