Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 14:38:00
Universitetin bombalandığını görən müxbir: “Kamera olmasaydı, güllə gözümü deşəcəkdi”

Cumhur  Çatkaya: “Cənubi Osetiyada universitetlərin bombalandığının canlı şahidi olmuşam”

“Maşınımız  güllə yağışına tutuldu və dostum sağ gözünü itirdi”

Bu gün dünyanın bir çox bölgəsində müharibə şəraiti hökm sürür və insanlar ağır şərtlər altında yaşamağa davam edirlər.

Müharibənin görünməyən tərəflərini, gizli qalan insanlıq faciələrini dünyaya çatdırmaq üçün bu bölgələrə  xüsusi jurnalistlər  ezam olunurlar.

Lakin ağır hərbi əməliyyatların aparıldığı yerlərdən ölkələrinə qayıdan jurnalistlərin həyata baxışı öncəkindən  şübhəsiz ki, fərqlənir.

Savaşın yaddaşında dərin izlər qoyduğu media nümayəndələrindən biri də çoxsaylı müharibələrdə iştirak edən və Türkiyənin NTV Xəbər telekanalında operator kimi çalışan Cumhur  Çatkayadır.

Cumhur Çatkaya şahidi olduğu həqiqətləri və təhsildən tamamilə uzaq qalan uşaqlar barədə acı xatirələrini AzEdu.az-la bölüşüb.

Öz dilindən TƏQDİMAT: “Mən, Cumhur Çatkaya, 2001-ci ildə Əfqanıstan, 2006-cı ildə İsrail-Livan, 2008-ci ildə Gürcüstan – Cənubi Osetiya müharibələrini yaxından izləmişəm. 2011-ci il Liviyada “ərəb baharı” hadisələri, Tunis, eləcə də Misirdə gedən müharibələr iştirak etdiyim hərbi əməliyyatlardan, sadəcə, bir neçəsidir”

Müsahibə üçün “izahlı lüğət”

Cənubi Osetiya - Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı və ABŞ-ın Gürcüstanın ərazisi kimi tanıdığı mübahisəli bölgədir. Bura Nikaraqua və Venesuela istisna olmaqla, bütün dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır.

“Ərəb baharı” - 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir.

“Əlimdə kamera olmasaydı, güllə bir gözümü deşəcəkdi”

-Cumhur bəy, bir çox müharibə bölgəsində fəaliyyət göstərmisiniz. Maraqlıdır, bu qanlı zonalardan hansı, belə desək, kabusunuza çevrilib?

-2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasındakı müharibədə başımıza gələnləri heç vaxt unutmaram. 5 gün davam edən savaşda maşınla hərəkət etdiyimiz zaman nəqliyyat vasitəsi rus və oset əsgərləri tərəfindən güllə yağışına tutuldu.

Haradan gəldiyi bəlli olmayan və öldürmək məqsədilə atılan güllələrin hədəfindəydik. Maşına təxminən, 200-250 güllə tuş gəldi. Nəticədə, bir dostum sağ gözünü itirdi, digəri kürəyindən vuruldu. Əlimdə kameram olmasaydı, güllə bir gözümü deşəcəkdi.

Güllənin biri isə santimetr fərqlə başımın yanından keçdi. Axtarış aparılanda parçalanan maşın şüşələri gözümə batdı. İstanbulda əməliyyat olunmasaydım, mən də bir gözümü itirəcəkdim. Çox şükür ki, o maşından sağ çıxa bildik. Atəş yağışını dayandırmaları üçün “Press, press” deyə qışqırır və o vəziyyətdə soyuqqanlılığımızı qoruyub sakit olmağa çalışırdıq.

Qələm yerinə, tətik tutanlar

-Bu cür yerlərə ezam olunan operatorlar baş verən ən dəhşətli hadisələri belə lentə almaqdan çəkinmirlər. Siz necə, dostunuzun tək gözünü itirməyini də çəkmisiniz?

-Yanımıza gələn rus və oset əsgərləri bizi yerin altında yerləşən xəstəxanaya apardılar. Bəli, onun videosunu çəkmişdim. Dostum gözünün birini itirməyinə və qan içində olmağına baxmayaraq kamerama hər şeyin yaxşı olduğunu və narahatlığa heç bir ehtiyacın olmadığını bütün soyuqqanlılığı ilə söylədi.

Xəstəxanada yaralıları müalicə etdilər. Lakin bir neçə saat kim olduğumuzu izah etməyə məcbur edildik. Xüsusi təcili yardım maşını ayıraraq xəstəxanadakı bütün ağır xəstələri Şimali Osetiyaya göndərdilər. Bir neçə gün sonra bizi də hərbi maşınla buraya yolladılar. Müharibədə olduğumuz müddət ərzində dəfələrlə sorğu-sual edildik. Türkiyə işə qarışandan sonra, 2008-ci ilin 13 avqustunda ölkəmizə qayıtdıq.  

-Savaş müxbirləri müharibənin ən çox uşaqlara zərər verdiyi qənaətindədir. İçində olduğunuz çoxsaylı müharibələrdə uşaqların həyat tərzini necə təsvir edə bilərsiniz?

-Bəzi ölkələrdə doğulan hər uşağa əsgər gözüylə baxırlar. Belə ölkələrdə doğuldunsa, qismətin əsgər olmaqdır. Həmin uşaq əlinə silah alana qədər ona yalnız hərbi dərslər keçirilir. Qələm tutmalı olan əllərin tətik çəkdiyini görmək olduqca bərbad hissdir.

2006-cı ildə Əfqanıstanda İsrail-Livan müharibəsini izləyirdim. Beyrutda qaldığım otel İsrailin mütəmadi olaraq bombaladığı yerə 5 dəqiqəlik məsafədə yerləşirdi. Bombalanma bütün gecə boyu davam etdi. Hər bombadan sonra ağlayan uşaqların səsini eşidəndə onların həyatının bu cür faciəvi olması ilə barışa bilmirdim. Bu uşaqların gələcəkləri hələ körpəlikdən əllərindən alınıb.

Sığıncağa çevrilən məktəb binası

-Məlumdur ki, savaş ölkənin iqtisadi və sosial gücünün məhvinə səbəb olur. Bəs, müharibənin hökm sürdüyü hansı ölkənin təhsil sistemi də tamamilə çökmüş vəziyyətə idi?

-Müharibədə əvvəlcə strateji məntəqələr, şəhərin su şəbəkəsi və elektrik qaynaqları yox edilir.

Şahidi olduğum bütün müharibələrdə insanların ilk istəyinin sadəcə sağ qalmaq olduğunu anladım. Məktəblər, universitetlər belə bombalanmışdı. Bəzi yerlərdə dərslər çadırlarda keçirilirdi. Cənubi Osetiyada universitetlərin bombalandığı anın canlı şahidi olmuşam.

-Çətin və acınacaqlı şəraitə rəğmən, dərslərinə maraq göstərən şagirdlərlə rastlaşmısınız?

-Livanın  mərkəzinə yaxın yerləşən bir məktəb müharibədə evlərini itirən ailələrin sığınacağına çevrilmişdi. Bütün siniflərdə insanlar yaşayırdı. Burada unuda bilmədiyim İbrahim Əli Fadıl adlı uşaqla tanış olduq. Çətin şəraitdə dərslərinə bu qədər həvəslə yanaşmağı diqqətimi çəkdi. Gecələr yata bilmədiyini və yuxularından bomba səsləriylə oyandığını söyləməsi bizə çox təsir etmişdi.

Buradakı uşaqların ən birinci arzusu, evlərinə və ailələrinə qovuşmaqdır. Müharibələrdə acı xatirələrim o qədər çoxdur ki, onları düşünməyərək yaşamağa çalışıram.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları