Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-13 16:20:47
ABŞ-da rəhbər işdə çalışan soydaşımız: “Burada 90 nəfərin işini görürəm” -MÜSAHİBƏ  

Teymur Əlixanov:“Təəssüf ki, Azərbaycanda gənc kadrların pul qazanması üçün  şərait yaradılmır. Ölkəmizdə  xeyli ağıllı, istedadlı gənclərimiz işsiz qalıb...Məhz ona görə də xaricdə təhsil alan azərbaycanlılar ölkəyə qayıtmır”.

DOSYE: Teymur Əlixanov 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı şəhərində yerləşən 160 nömrəli orta məktəbi bitirərək Həştərxan Dövlət Universitetinə qəbul olunub. 2009-2014-cü illərdə həmin universitetdə Dünya iqtisadiyyatı və idarəçilik, eyni zamanda Hüquqşünaslıq ixtisaslarına yiyələnib.

2014-cü ildə Həştərxan Dövlət Universitetinin ABŞ-ın Klark Universiteti ilə birgə həyata keçirdiyi iki illik magistratura təhsili proqramına müraciət edərək,tələbə adını qazanıb. Bir il sonra akademik məzuniyyət götürərək, Bakıya qayıdıb. Azərbaycanda Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində iki ay beynəlxalq əlaqələr şöbəsində mütəxəssis işləyib, sonra isə "Azstandartinform" dövlət şirkətinin rəhbəri olub və həmin sahədə Azərbaycanı BMT-də təmsil edib .

2017-ci ildə ABŞ-a gəlib. Bir il Massaçusets Klark Universitetində təhsilini davam etdirərək "Humanresources" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya ştatının Los Anceles şəhərində sığorta şirkətlərindən birində kadrlar şöbəsinə rəhbərlik edir.

AzEdu.az Teymur Əlixanov ilə müsahibəni təqdim edir:

“Sovet zamanında təhsil və səhiyyə çox güclü olub”. 

-Rusiyanın Həştərxan Dövlət Universitetində təhsil almısınız. Maraqlıdır,  məhz Rusiyada oxumanızın səbəbləri nələr idi?

-2009-cu ildə Bakıda 160 nömrəli klassik gimnaziyanı bitirdikdən sonra, təhsil almaq üçün Rusiyaya getdim. Sovet dönəmini görməsəm də,o dövr haqqında çox maraqlanmışam.  Apardığım  araşdırmaların  nəticəsində belə qənaətə gəldim ki, sovet zamanında təhsil və səhiyyə çox güclü olub.  Rusiyada da təhsil sistemi sanki sovet  dönəmindən qalmadır. Rusiyada təhsil aldığım müddətdə dərslərimiz daha çox praktiki, tətbiqi olub.

-Bəs, Rusiya təhsil sisteminin bəyənib-bəyənmədiyiniz cəhətləri nələrdir?  

-Rusiya təhsil sistemi olduqca maraqlıdır. Orada  müəllimlər  çalışırdı ki, tələbələrə dərsləri praktiki və tətbiqi olaraq başa salsın. Həmçinin, müəllimlər  ev tapşırığı  üçün də az material verirdilər. Çünki, dərs zamanı  öyrətmək daha faydalı və produktivdir. Rusiya təhsil sisteminin bəyəndiyim cəhətləri çoxdur, xoşlamadıqlarım isə deməl olar ki, olmayıb.  Çünki, Rusiyaya  təhsil almaq üçün gedəndə hər şeyi öncədən düşünmüşdüm.  Yəni, öncədən bilirdim ki,  hər şey asan yox, çox çətin olacaq.

-Bəzi gənclərə ABŞ universitetlərində təhsil almaq xəyal kimi görünür. Bu yanaşmaya münasibətiniz necədir? 

-ABŞ  nə qədər mükəmməl ölkə olsa da, yaşayışüçün çox çətindir.  Həmçinin, ABŞ universitetlərində təhsil almaq asan deyil. Lakin oxumaq istəyənlərin  məqsədi və ona nail olmaq üçün iradəsi  olsa,  hər şey asan başa gələr.Ümumiyyətlə, ABŞ mükəmməl təhsil sisteminə  və super yaşayış imkanına sahibdir. 

-ABŞ-ın Massaçusets Klark Universitetində  təhsil almısız.Mümkünsə, universitetə qəbul qaydalarından danışardınız: hansı proseduralardan keçdiniz?

-2014-cu ildə Həştərxan  Dövlət Universitetini bitirdim. Daha sonra  Həştərxan Dövlət Universiteti və Amerikanın Klark Universitetinin birgəlik proqramında təhsil almağa başladım. Proqramın  birinci ilini Rusiyada oxudum. O zaman bizə  rus və amerikan müəllimləri dərs keçirdi.  İkinci ili isə “MassachusettsWorcester” şəhərində yerləşən  Klark Universitetində oxudum. Qəbul prosedurası isə mənə çox asan gəldi. Universitetə qəbul üçün TOEFL imtahan sertifikatı, bakalavr diplomu, pasporttələb olunurdu. Təhsil haqqını da ödədikdən sonra “Skype”la müsahibə  oldu.

 -Gənclər xaricdə təhsil üçün təqaüd proqramlarına üstünlük verirlər. Bəs ABŞ-da təqaüd proqramları  mövcuddurmu?

-Amerika Birləşmiş Ştatlarında da  tələbələr üçün təqaüd proqramları məşhur və vacibdir. Çünki, universitetlərdə illik təhsil  haqqı çox bahadır. ABŞ universitetlərində minimum illik təhsil haqqı 30-40 min dollar civarındadır. Burada tələbə təqaüdün adı “scholarship”dir. Amma  tələbə təqaüdünə  nail olmaq çox çətindir. Amma “scholarship” qazanan tələbə yataqxana ilə təmin olunur. Eyni zamanda təqaüd proqramını qazanan tələbələrə universitetdə gündə 3 dəfə ödənişsiz yemək də verilir.  Təqaüd proqramı ilə təhsil almaq istəyənlər daha ətraflı məlumat üçün  https://www.scholarships.com saytına daxil ola bilərlər.

 -ABŞ bahalı ölkələrdən hesab olunur. Maraqlıdır, burada bir tələbə üçün aylıq minumum və maksimum xərclər nə qədərdir?

-ABŞ-da yaşayış xərcləri tələbələrə görə dəyişilə bilər. Amerikada 2 tələbə yoldaşımla birlikdə  3 yataq otağı olan kirayə ev tutmuşduq. Hər birimiz evin kirayəsi üçün 400 dollar ödəyirdik.  Amma hazırda belə ucuz qiymətə olan kirayə evi Amerikada tapmaq qeyri mümkündür. Onu da qeyd edim ki, qidalanmada qənaət etməmişəm. Əlavə olaraq bildirim ki, hər həftə qidalanmaya 150 dollara yaxın xərcim çıxırdı. Həmçinin kommunal xərclərə  100dollar, internet isə  75 dollar ödəyirdim.  Yaşadığım şəhər tələbə şəhərciyi idi. Təkrar olaraq vurğulayım ki, burada bir aylıq yaşayış xərcləri tələbədən-tələbəyə dəyişə bilər. Təxmini qeyd edə bilərəm ki,  bir tələbə üçün aylıq minimum 2000 dollar maksimum 4000dollar xərc çıxır.

-Teymur bəy,ABŞ-da Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var? 

-Təəssüf ki, ABŞ vətəndaşlarının 80%-i ölkəmizi tanımır.   Digər 20%-i isə sadəcə ölkəmizin adını eşidiblər.Amma İnşəAllah biz tanıdarıq…(gülür) Vətənimizi ABŞ-da tanıtmaq  üçün əlimizdən gələni edirik və fikrimcə düz yolu tutmuşuq. Allah qoysa ölkəmizi tanıyarlar…(gülür)

-ABŞ  təhsil sistemini necə qiymətləndirirsiniz?

-ABŞ təhsil sistemi çox gözəl və çətindir. Ölkədəki təhsil sistemi əsl əziyyəti sevən insanlar üçündür.  Amma burada oxumaq üçün əziyyət çəkilsə də nəticədə gözəl bəhrəsini  görmək olur. Hələ ki, özümü də əziyyət çəkənlərin sırasına daxil edirəm.   Klark Universitetində oxuduğum müddətdə hər  həftə imtahan əvəzi  proyektlər hazırlayıb  onu auditoriyaya təqdim edirdik. Həmçinin,  çox maraqlı materiallar  oxuyurduq.  Kitab oxumağımın ən böyük müsbət cəhəti  o olub ki,  ingilis dilini  asanlıqla  mükəmmələşdirirdim. Çünki, bəzi sözləri “google”da  tərcümə edərək əzbərləyirdim.

-Bəs Azərbaycan təhsilini…

-Azərbaycan təhsil sistemindən heçnə deyə bilmərəm. Çünki, yalnız orta  məktəb təhsil sistemini  görmüşəm. Amma eşitdiyimə görə, vətəndə təhsil sistemi  irəliləyir  buna da  inanmaq istəyərdik.  Amma hər bir halda Amerika təhsil sistemini  heç bir ölkə ilə müqayisə edə  bilmərəm. Çünki, Amerikadakı təhsil sistemi bir sözlə mükəmməldir.

“Amerikada heç vaxt müəllim konspekti götürərək  tələbələrə iki saat  mühazirə oxumayıb”

-Sizcə, Azərbaycan təhsilində  nələrin dəyişməsinə ehtiyac var?

-Universitetlərdə  2 saatlıq leksiyaları götürərək çoxlu  təcrübə  keçib, proyektlər üzərində işləmək lazımdır.  Amerikada heç bir zaman müəllim konspekti götürərək  tələbələrə iki saat  mühazirə oxumayıb. Tələbələrə müzahirələr “powerpointda” təqdimat olunurdu.  Məhz bu formada da keçirilən mövzu daha yaxşı yaddaşımızda qalırdı.  Azərbaycanda təhsili tələbələrə maraqlı etməyi arzulayıram.

“Təəssüf ki, Azərbaycanda gənc kadrların pul qazanması üçün  şərait yaradılmır”

-Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb Azərbaycana gəlmək istəmirlər. Sizcə, bu nə ilə əlaqəlidir?

-Xaricdə tələbələrin pul qazanması üçün daha çox şərait var. Təəssüf ki, Azərbaycanda gənc kadrların pul qazanması üçün  şərait yaradılmır.Ölkəmizdənə qədər ağıllı, istedadlı gənclərimiz işsiz qalıb... Məhz ona görə də xaricdə təhsil alan azərbaycanlılar ölkəyə qayıtmır. Amerikaya keçmiş sovet ölkələrindən gələn tələbələrin 70-80%-i çox istedadlı gənclərdir. Bir növ bura bir döyüşdür və hamı qalib çıxmaq istəyir.  Gün ərzində 5 saat yatıram və həftənin 7 günü işləyirəm. Burada hər saat puldur və ona görə də vaxtımızı boşa xərcləmək istəmirik. Hazırda  Amerikada işsizlik 5%-dir. Ölkədə işsizlik səviyyəsinin aşağı olması keçmiş prezident Barak Obamanın nailiyyətidir. Statistikaya əsasən son 50 ildə Amerikada  belə uğur olmayıb. Amma bir şeyi də vurğulayım ki, azərbaycanlı gənclər amerikan cavanlarındandaha zirəngdir. Amerikan gəncləri isə bir az tənbəldir.

-Kaliforniya ştatında sığorta şirkətlərin birində kadrlar şöbəsinə rəhbərlik edirsiniz.Hazırda nə kimi işlər görürsünüz?

-Hazırda siğorta şirkətində 90 nəfərin işini görürəm.  Əsasən məzuniyyət, xəstəlik, ərizələrini, onların benefit və siğortalarını və s. hazırlayıram.

-Bəzi gənclər uğurlu karyera və ya təhsili  şansla əlaqələndirirlər. Bununla bağlı nə kimi fikirlər bildirə bilərsiniz?

-Uğurlu karyera və təhsili şansla əlaqələndirməzdim. Çünki, uğurlu təhsil və ya karyera üçün ilk növbədə əziyyət çəkmək tələb olunur. Heç bir uğur asanlıqla əldə olunmur. Gözləmək lazım deyil ki, hər şey asanlıqla əldə olunacaq. Hər bir işdə uğur əldə etmək üçün ilk növbədə öz üzərində işləmək lazımdır. Ümumiyyətlə, qarşıya məqsəd qoyaraq ona doğru irəliləmək vacibdir. Biz gəncik  yüz dəfə uğurumuz və məğlubiyyətimiz ola da bilər. Bu halda məğlubiyyətin  nədən və ya haradan yarandığını yox , həllini tapmaq lazımdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları