Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 13:33:00
“Tələbə tanıdır” – “Burada tələbələri işləməyə qoymurlar, qaib olanda xaric edirlər”- RUBRİKA

“Xingjian Universitetində dərs deyən müəllimlər həm mehriban,  həm də çox savadlıdırlar.  Əgər yaxşı oxuyan tələbələr olarsa, universitetdə keçirilən hər bir tədbirdə onlara “tədbirnamə” sertifikatı təqdim edilir”.

Bunu AzEdu.az-a müsahibəsində Çində oxuyan gənc  soydaşımız Nail Xəlilov deyir.

Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Çinin Xingjian Universitetində təhsil alan Nail Xəlilov universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Nail Xəlilov  Xingjian  Universitetində  Beynəlxalq  tərcümə  ixtisası üzrə təhsil alıb.

Çinin nüfuzli ali təhsil müəssisələrindən biri də Xingjian Universitetidir. Xingjian  Universitetinin əsası 1924-cu ildə qurulub.   

Yaxşısı budur, universitet haqqında Nail özü bizə məlumat versin:

“Xingjian  Universiteti Çinin ən gözəl kampusa malik olan ali təhsil müəssisələrindən biridir”-deyən Nail böyük sevinclə bu barədə danışır:

“Xingjian  Universiteti Çinin Urumçi şəhərində yerləşir. Şəhərin adı 1954-cü ilə qədər Dihua idi. Bu tarixdən sonra adı Urumçi və indiki vaxtda da “Wurimçi” olaraq dəyişdirilib. Şəhər Çinin qərbə açılan ən mühim yollarından hesab olunur.  

Xingjian Universitetinin binaları 3 korpusdan ibarətdir. Oxuduğum universitetdə hər bir ölkədən gələn əcnəbilər təhsil alır. Burada ən çox, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan vətəndaşları təhsil alır. Amma universitetdə az sayda Almaniya və Rusiya vətəndaşları oxuyur.

Universitetin yataqxanalarında tələbələr üçün hər bir şərait yaradılıb. Yataqxana universitetin ərazisində yerləşir. Həmçinin, orada  yataqxanalar  bir və ya iki otaqlıdır. İkiotaqlı yataqxanalarda əsasən qız tələbələr yaşayır. Onu da qeyd edim ki, yataqxanalarda həm əcnəbi, həm də yerli tələbələr qalır”.

Nail bildirib ki, universitetin kampusu  göl ətrafında yerləşir:

“Universitetin zəngin kitabxanası da mövcuddur. Təhsil alan hər bir tələbə kitabxanadan yararlana bilir. Amma orada tələbələrə iş izni yoxdur. Həmçinin, tələbənin  universitetdə qaib və ya 20 kəsri olduqda  ali təhsil müəssisəsindən xaric edilir.  Xingjian Universitetində dərs deyən müəllimlər həm mehriban, həm də çox yaxşıdırlar.  Əgər yaxşı  oxuyan tələbə olarsa,  universitetdə keçirilən hər bir tədbirdə ona “tədbirnamə” sertifikatı təqdim edilir. Tədbirlərdə müxtəlif ölkələrdən təhsil alan tələbələr məşhur xörək, geyim və rəqslərini nümayiş etdirirlər. Universitetin kampusu da çox yüksək səviyyədədir. Hətta kampusun ətrafında da göl var.  Onu da qeyd edim ki, orada  tələbələrə köməklik göstərənlər də çoxdur. Tələbələr həm universitetin yeməkxanalarında, həm də kafe, restoranlarda qidalana bilər. Çində həm müsəlman kafelər, həm ümumi restoranlar mövcuddur. Əlavə olaraq bildirim ki, universitetin yataqxanaların hər mərtəbəsində xüsusi yeməkxanalar var”.   

Günel Yaşarqızı
Müəllifin digər yazıları