Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-07 07:28:03
4 universitetə eyni vaxtda qəbul olunan gəncin inanılmaz təhsil uğurları: “Harvarddan cavab alanda şok yaşadıq”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı dünyanın dörd nüfuzlu ali təhsil ocağına eyni vaxtda qəbul olunub. O, Harvard Universitetində bakalavriat səviyyəsində təhsil alma şansı qazanan yeganə azərbaycanlıdır. Qeyd edək ki, İ.Bayramlı topladığı balla buradan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles Universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb. Hələ orta məktəbdən məzun olmamış tələbə adını qazanan məktəbli Harvard Universitetini seçəcəyini bildirib.

AzEdu.az saytı bu istedadlı gələcək Harvard tələbəsi ilə  müsahibəni təqdim edir:

- Əvvəlcə sizi tanıyaq:

- Adım İlkindir. On yeddi yaşım var. 93 saylı məktəbdə oxuyuram. İndiyədək qiymətlərim həmişə əla olub.

- Bu günəcən başqa hansı uğurlara imza atmısız? Ümumiyyətlə, bundan öncəki fəaliyyətiniz haqda məlumat verərdiniz?

- Bu yay Yale Universitetində keçirilən siyasət, hüquq və iqtisadiyyat üzrə akademik proqrama qəbul olundum. Bildiyim qədəri ilə orada iştirak edən yeganə azərbaycanlı idim. Bu zaman dünyanın ən güclü professorlarının mühazirələrini dinləmək şansı qazandım. Həmin proqramın mənim həyatıma böyük təsiri oldu. Çoxsaylı amerikanla ünsiyyət qurdum. Onlar Amerikanın ən güclü oxuyan təbəqəsi hesab olunurdular. Proqram müddətində onlarla ayaqlaşmağa çalışdım. Proqramı başa vurduqdan sonra öz zəif nöqtələrimi gördüm və üzərimdə daha ciddi çalışmağa başladım.

Məsələn, vətənə qayıdandan sonra Azərbaycanda “Politikon” adlı bir platformanın olduğunu öyrəndim. Orada yazıçılar öz elmi-akademik yazılarını paylaşırlar. Burada fəaliyyət göstərməyə başladım. Dünya problemləri haqda üç analitik məqaləm çıxdı. İki məqaləm Myanmarda olan insan hüquqları problemi haqqında idi. Bakı-Tbilisi-Ceyhan qaz kəmərinin Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqaza gətirdiyi iqtisadi faydalar haqqında da analitik məqaləm var. İki müstəqil elmi araşdırmam, həmin platformada yayımlanan elmi esselərim var.Bundan əlavə iki dəfə tarix fənnindən olimpiadaçı olmuşam. 2016-cı ildə finala yüksəldim. 2017-ci ildə isə gümüş medal qazana bildim. Son iki ilim ingilis dili biliklərimin üzərində işləməklə keçib. Çünki dünya universitetlərinə sənəd verirsənsə, ingilis dilini ana dili səviyyəsində bilən insanlarla rəqabətə girirsən. İngilis dilini öyrənmək üçün uzun müddət zəhmət çəkmişdim. 

Boş vaxtlarımda məktəb proqramına salınmayan kitablar oxuyuram. Onlar haqqında da qəbul prosesində yazmışdım. Yalnız məktəb proqramında sıxılıb qalan insanları sevmirəm. Məktəbdənkənar intellektual maraqlara da fikir verirəm. Seminarlarda iştirak edirəm. Oikos adlı bir təşkilat var. Onların ekoloji seminarlarında, Model BMT-də iştirak edirəm. Dərslərimi də oxuyuram. Amma çox vaxtım dərsdən kənar materiallar oxumağa gedir.

002-06.04.2018-2.jpg

- Bu proqramdan sonra öz zəif nöqtələrinizi görüb üzərinizdə işlədiyinizi qeyd etdiz. Maraqlıdır, nələrdə zəif idiniz?

- Amerika dünyanın ən güclü təhsil sistemlərindən birinə sahibdir. Onların 200 illik təhsil təcrübəsi varsa, bizdə bu cəmi 20 ilə yaxındır. Ona görə də təbii ki, müəyyən aspektlərdə onlar təhsil baxımından bizdən xeyli irəlidədirlər. Məsələn, dediyim proqramdan sonra kompüterdə daha çox işləməyə başladım. Bizdə dərslər əsasən kitabdan keçirilir. Amma gördüm ki, onlar kompüter texnologiyalarına üstünlük verirlər. Amerikadakı proqramda bizə bir araşdırma proyekti vermişdilər. “XIX əsrdə Hindistanda təhsilin müstəmləkə silahı kimi istifadə olunması” mövzusunda araşdırma aparmışdıq. Təkcə mən yox, bir neçə nəfər idik. Mən onda həyatımda ilk dəfə araşdırma etdim və gördüm ki, bundan ləzzət alıram. Sonra isə gəlib burada da həmin işi davam etdirdim. Görürdüm ki, oradakı uşaqların dünya görüşü mənimkindən çoxdur. Müxtəlif ərazilərdə intellektual maraqları var idi. Məsələn, mən gələndən sonra məktəb proqramından kənar kitablar oxumağa, müxtəlif ərazilər ilə maraqlanmağa başladım. Onlardan bir növ dünya görüşü öyrəndim. Təhsilə yanaşma tərzim dəyişdi.

- Məktəb dərsliklərindən kənar olan hansı kitablara üstünlük verirsiniz?

- Mən iqtisadiyyat sahəsinə getmək istəyirəm. Boş vaxtlarımda Amerikanın iqtisadiyyat kitablarından oxuyuram. Çünki bunlar məktəblilərin fənni sayılmır. İqtisadiyyat, beynəlxalq əlaqələr universitetdə tədris olunur. Mən isə onları oxuyuram. Bu sahələrdə məndən qat-qat bilgili olan əcnəbi dostlarım var. Mən onlardan ilhamlanaraq bu fənnləri araşdırmağa başladım. İnternetdə siyasi fəlsəfə ilə bağlı mühazirələri izləyirəm. Riyaziyyatı da müəyyən qədər oxuyuram. Amma bu, məktəbdə keçiriləndən üstün səviyyədə olan riyaziyyatdır.

Əslində, mən humanitar meyilli insan olmuşam. Amma dünyada texniki sahəyə üstünlük verildiyi üçün riyaziyyata meyil etdim. Xarici universitetlərdə oxuyan dostlarım daha çox texniki tətbiqi olan ixtisasları sevirlər. Məsələn, iqtisadiyyatın texniki və humanitar qolları var. Texniki yönümlü iqtisadiyyat ilə daha çox iş bazarına girmək olar. Bu isə ondan irəli gəlir ki, texniki sahələrin tətbiqi daha çoxdur. Riyaziyyat yönümlü iqtisadiyyatı ya modelləşdirir, ya dünya ilə bağlı problemləri riyazi modellərlə həll edirlər. Amma, məsələn, iqtisadi fəlsəfənin ona köməyi olmur. Dünyada texniki fənlərə tələb daha çoxdur.

- İngilis dilini son iki ildə öyrəndiyinizi qeyd dediniz. Bunun üçün hansı üsullardan, metodlardan istifadə etmisiniz? Hansısa kursun köməyindən yararlanmısınız?

- Dil öyrənmək üçün onunla çox təmasda olmaq lazımdır. Məsələn, mən iki il bundan əvvəl öz maraqlarımın arxasınca ingilis dilində getməyə başladım. Yutubda baxdığım videoları artıq ingilis dilində izləyirdim. İmtahanlar verməli olduğuma görə buna məcbur idim. Dil səviyyəsini müəyyən edəcək imtahanları vermək mənim haradasa bir ilimi aldı. Yəni, o bir il müddətində əsas oxuma və yazma bacarıqlarımı inkişaf etdirdim. Yazımın üzərində işlədim. Beləcə ingiliscəni öyrəndim. Dil öyrənənlərə məsləhətim bu olardı ki, özlərini dil ilə daha çox təmasa yönəltsinlər. Öz maraqlarınızı, fikirlərinizi ingilis dilində ifadə etməyə çalışın.

IMG-20180407-WA0002 (1).jpg

- Öyrənərkən əcnəbi dil ilə gün ərzində neçə saat məşğul olurdunuz?

- İELTS-ə hazırlaşdığım vaxtlar gündə dörd saat dil ilə məşğul olurdum. Mən imtahana hazırlaşırdım. İmtahan isə ingilis dili üzərində qurulduğuna görə bu, mənim dil biliyimin inkişafına kömək edirdi.

- Yəni heç bir kursun, müəllimin köməyindən istifadə etmədən özünüz hazırlaşmısız?

- İELTS almaq üçün müəllimin köməyindən istifadə etmişəm. Amma riyaziyyat və tarixdən hazırlığa getməmişdim. Ümumiyyətlə, Azərbaycanda xaricə getmək, xüsusilə də ən yüksək səviyyəli universitetlərdə təhsil almaqda təcrübəsi olan adam demək olar ki, yoxdur. Axtarıb tapmaq isə müşkül məsələdir. Əsas güc müstəqil şəkildə edə biləcəyinizdir. Yəni, bu işdə tək özünüzsüz. Başqa heç kim sizə kömək edə bilməz. Ona görə də mən əsas özüm öz üzərimdə işlədim.

002-06.04.2018-4(1).jpg

- İngilis dilindən başqa hansı dili bilirsiz və ya öyrənmək istərdiz?

- Rus dilini də müəyyən qədər bilirəm. Amma onsuz da Harvardda məcburən bir neçə dil öyrənməli olacam.

- Gündəlik rejiminiz necədir? Dərslərə nə qədər vaxt ayırırsız?

- Məktəbə gedirdim. Gəldikdən sonra müəyyən qədər məktəb dərsləri ilə məşğul olurdum. Qalan vaxtlar isə təxmini, saat 6-dan sonra əsas vaxtımı İELTS və SAT imtahanına hazırlıq üçün sərf edirdim.

- Qəbul proseduru haqda bir qədər məlumat verərdiz. Necə müraciət etdiz? Hansı sənədlər tələb olunurdu?

- Ümumiyyətlə, bu, İELTS və SAT imtahanları olmadan mümkün deyil. SAT əsas Amerika və Türkiyənin, İELTS isə bütün dünyanın qəbul etdiyi dil imtahanlarıdır. Artıq 10-cu sinfin sonunda İELTS almışdım. 11-ci sinifdə vaxtımı bu prosesi araşdırmağa və esse yazmağa sərf etdim. Prosedur haqda hər universitetin öz saytında bütün məlumatlar olur. Təbii ki, bu prosedurlar ali təhsil müəssisəsinə uyğun olaraq dəyişir. Ümumiləşdirmək mümkün deyil. Hansısa universitetlə bağlı maraqlanan şəxs öncə o universitetin rəsmi saytına müraciət etməlidir. Oradakı xüsusi qəbul bölməsində A-dan Z-yədək hər şeyin izahı verilir.

- Dörd nüfuzlu universitetə qəbul olmusunuz. Niyə məhz Harvardı seçməyi düşünürsüz? Yəni qəbul olduğunuz digər təhsil müəssisələri də dünyada xüsusi çəkisi olan universitetlərdir...

- Qeyd etdiyim kimi, iqtisadiyyat ixtisasına yiyələnmək istəyirəm. Bu sahə üzrə isə Harvard birinci yerdədir. Bu yöndə onun rəqibi yoxdur. Oxuduğum iqtisadiyyat kitablarının müəllifi olan professorlar özləri də Harvardda işləyir. Yəni bu universitet mənə həm də onlardan dərs almaq imkanı verir. Orada oxuyan tələbələr də deyir ki, burada iqtisadiyyat çox güclü keçirilir. Əsas səbəbim məhz budur.

IMG-20180407-WA0004.jpg

- Gələcək planlarınınz nədir? Universiteti bitirdikdən sonra təhsilinizi davam etdirmək istəyirsiz? Hansısa əcnəbi ölkədə, yoxsa Azərbaycanda çalışmağı düşünürsüz?

- Ən azı magistr dərəcəsi almaq istəyirəm. Sonra isə xarici ölkələrdə 5-6 il qalıb qalıb iş təcrübəsi toplamaq istərdim. Təbii ki, mümkün olsa. Öz vətənimə qayıtmaq fikrim var.

- Azərbaycandakı orta məktəb təhsil sistemi sizi qane edir? Çatışmazlıqları nədə görürsüz?

- Bayaq da qeyd etdim ki, təhsil sistemimizin uzağı 20 il təcrübəsi var. Bunu nəzərə alsaq, düşünürəm ki, kifayət qədər yaxşıdır. Məsələn, mən xaricilərin riyaziyyat və tarix imtahanlarına cəmi bir ay ərzində hazırlaşdım. Qalan bazanı mənə elə orta məktəb vermişdi. Yəni, bu baza ilə xarici imtahanlara girmək mümkündür. Amma düşünürəm ki, tətbiq də olsaydı, daha yaxşı olardı. Məsələn, riyaziyyat qrafik və modellərə üstünlük verir. Yəni bizdə tətbiq çatışmır. Bir məsələ də var ki, Amerika və Almaniyada orta məktəb on iki ildir, bizdə isə on bir. Bunu nəzərə alsaq bizdə təhsil on bir il üçün yaxşıdır. Yəni on iki il olsa, daha çox şey öyrənərik. Elə bir iradım yoxdur. Mən öz təhsil sistemimiz ilə xaricə qəbul olmağı bacarmışam. Bu, mümkündür.O, şagirdin özündən asılıdır, hansı sistemdə təhsil almasından yox. Xaricdə olan əksər universitetlərdə hansı ölkədən gəldiyinizi başa düşməyə çalışırlar. Məsələn, bir ingilislə azərbaycanlını çox da müqayisə etmirlər. Çünki hərəni öz potensialı daxilində qiymətləndirirlər. Həmin potensialdan necə istifadə etdiyinə fikir verirlər. Şəxsən mənim üzərimdə məktəbimin də rolu olub. Problemləri təkcə təhsil sisteminin üstünə atmaq düzgün olmazdı.

- Bu uğura gedən yolda əsas çətinliyiniz nə olub?

- İngiliscəni ana dilim kimi bilənəcən çətinlik çəkdim. Çünki özümü fərqli mühitdə hiss edirdim. Bu proses daha çox müstəqillik tələb edir. Çünki Azərbaycanda çox az adam bu prosesi keçib. Onların da əksəriyyəti beynəlxalq məktəblərdəndir. Bunu tək başına bacarmaq qaranlıq yol kimi idi. Yəni o cığırı ilk dəfə qazıyanlardan idim. Çətin də olsa, hər şeyi ilk dəfə etmək lazımdır ki, bizdən sonra gələnlər də bunu etsin. Mən yola tək çıxmışdım, çətin idi. Ətrafımdakı dostlarım da ora sənəd vermirdilər ki, kimdənsə məsləhət alım. Əgər az da olsa müstəqil işləyə bilirsizsə, problem yoxdur. Çünki hər şey universitetlərin saytında var, araşdıra bilərsiz. Amma tək başıma bu prosesi araşdırmağa mən yüzlərlə saatımısərf etmişəm.

- Ailədə sizdən başqa xaricdə təhsil təcrübəsi olan var?

- Ailəmiz anam, atam və bir bacımdan ibarətdir. Atam Azərbaycanda doktorantura dərəcəsi üzrə təhsil alıb. İxtisası iqtisadiyyatdır. Okohomo Universitetində iki dəfə kurs keçib. Xarici ölkələrlə bağlı mütərəqqi fikirləri olan biridir. Düşünür ki, xaricə getmək, dünya təhsilinə yiyələnmək lazımdır. Əslində, burada atamın da rolu olub. Çünki ilk olaraq mənə o aşılayıb ki, xaricdə təhsil deyə bir şey var və bu daha yaxşıdır. O, mənim ingilis dilini öyrənməyimə çox əhəmiyyət verirdi. Hər iki valideynimin hədsiz maddi və mənəvi dəstəyi olub.

- Hansısa xüsusi istedadınız var? Hobbiniz nədir?

- Hobbim deyəndə, bəzi məktəbdənkənar maraqlarım var. Tarixə marağım çoxdur. Xüsusilə də orta əsrlərin əsərlərini oxumaq və ya rəsmlərinə baxmaq zövq verir. İnternetdə bununla bağlı kifayət qədər resurslar var. 13-cü əsrdən qalmış müqavilələr, qanun kitablarını oxuyub araşdırıram. 7-ci əsrin rəsmləri, heykəltəraşlıq nümunələri haqda məlumat toplayıram. Əsas dünyəvi döyüşlərin xronologiyaları mənə maraqlıdır. Baxdığım sənədli filmlər də elə tarixlə bağlı olur.

- Əgər Avropa və Amerikaya çıxış imkanlarınız məhdud olsaydı və ölkəmizdə ali təhsil almalı olsaydınız, hansı Azərbaycan universitetini seçərdiniz?

- Yəqin ki, tədrisin ingiliscə olduğu bir yerdə oxumaq istərdim. Bakı Mühəndislik Universiteti və ya ADA-nı seçərdim.

- Qəbul olunduğunuz xəbərini eşitdiyiniz an necə oldu? Sevincinizi ilk olaraq kiminlə bölüşdüz?

- Nəticələr Amerika vaxtı ilə saat 7-də məlum oldu. Bu, bizdə gecə vaxtına düşürdü. Valideynlərim məni oyatdılar. Cəld kompüteri açıb elektron poçtuma daxil oldum. Bir sıra universitetlərdən ismarıc gəlmişdi. Hər biri dünyanın ən güclü ali təhsil müəssisələri idi. Qəbul olunmaya da bilərdim. Çünki hər birinə qəbul faizi 4-7 idi. Yəni 100 abituriyentdən yalnız 5-6 nəfərini qəbul edirdilər. Hamısını müxtəlif pəncərələrdə açıb həyəcanla bir-bir oxumağa başladım. Öncəki üç universitetdən ehtiyata düşməyimlə bağlı cavab gəlmişdi. Kolumbiya, Braun və Penselvaniya Universitetlərindən ehtiyat cavabı aldım. Harvarddan qəbul aldığımı görəndə əvvəlcə inana bilmədim. Yavaş-yavaş hamımız sevinməyə başladıq. Çünki bir anlıq hamımız şok yaşamışdıq. Sonra baxdım ki, tam təqaüd almışam. Növbəti günlər evimizdə bayram oldu.

- Qeyd etdiniz ki, əcnəbi universitetlərə qəbul faizi az idi. Necə düşünürsüz? Sizi seçərkəm əsas nəyi nəzərə almışdılar?

- Bu kriteriyalar universitetlərə görə dəyişir. Hər ali təhsil müəssisəsinin tələbələrdə önəm verdiyi özünəməxsus xüsusiyyətlər var. Bunu onlar tam şəkildə açıqlamırlar. Amma mənə elə gəlir ki, esselərimə önəm verdilər. Çünki esselərim çox güclü idi. Onların üzərində xeyli işləmişdim. Amerika esseləri Avropanınkılardan fərqlənir. Daha çox hekayə tipli olmalıdır. Onu yazıçı kimi yazmalısan. Həm də sənin haqqında nələrsə deməlidir. Məsələn bir esse vardı: “Bizim bilmədiyimiz, yalnız özünüz haqqınızda olan bir şey”. Keyfiyyətli yazmışdım. Çünki esselərdən sonra mənə intervyü cavabı gəldi. Halbuki, bu, çox adamda belə olmur. Böyük üstünlük idi. Bir ay sonra isə qəbul cavabı aldım. Hər il minlərlə adamı heç qəbul etmirlər. Universitetin istədiyi nəsə sizdə çatışmasa qəbul etməyə bilər.

IMG-20180407-WA0001.jpg

- Qəbul olmama ehtimalınızı diqqətə alaraq, Azərbaycan univeritetlərinə də sənəd verəcəkdiz?

- Mənim birinci qəbul cavabım artıq fevralda gəlmişdi. Belçikada bir universitetə qəbul olunmuşdum. İlk əllilikdə olan universitet idi. Üstəlik qiyməti də ailəmizə münasib idi. Hesablayıb qərara gəlmişdik ki, maddiyyatımız orada oxumağıma imkan verir. Yəni artıq bir qəbulum var idi. Amerikanın digər universitetindən də təqaüd qazanmışdım. Yəni, Harvarddan öncə artıq bir qədər rahat idim. Türkiyədə on iki universitetə sənəd göndərmiş, Hollandiya, Estoniya və Çexiyanı da diqqətdə saxlamışdım. Yavaş-yavaş cavablar bəlli oldu. Bəziləri isə hələ bundan sonra olacaq.

-Uğurunuzda əsas kimin rolu olub?

-İlk növbədə müəllimlərimin rolu olub. Həmişə dəstək olublar. Ailə üzvlərim heç vaxt mənə təzyiq göstərməyib, böyük seçim azadlığı veriblər. Hazırlaşdığım müəllimlərimin, Azərbaycanda və xaricdə olan dostlarımın da köməyi danılmazdır.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları