https://www.zirve.edu.az/
07.04.2018 05:18
Tələbələrin Azərbaycandan daşıdıqları milyonlar - Ukrayna və Rusiya universitetləri abituriyentlərimizi necə ovlayır?

 

Son bir neçə ildə xaricə üz tutan tələbələrin sayı artıb. Bəziləri bunu xaricdəki təhsilin keyfiyyəti ilə bağlayırlar. Bu da Azərbaycandan gedən tələbə axınına, xaricə xərclənən təhsil vəsaitinin artmasına səbəb olur. 2017-2018 tədris ilinə görə,  Gürcüstanda 2691, Türkiyədə 10535, Ukraynada isə təxminən, 2500-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Adının çəkilməsini  istəməyən bu sahə üzrə fəaliyyət göstərən mütəxəssis AzEDU.az-a açıqlamasında bildirib ki, əvvəlki illərdə məzunların sayı daha çox idi. İndiyə kimi 7-8 minə yaxın tələbə bitirib:

“Sadəcə, nostrifikasiya ilə bağlı bəzi məqamlar var. Əslində, tələbə kontingentinin 90%-i  vaxtilə Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının keçid balını keçə bilməyənlər, başqa yollarla bizim özəl universitetlərdə təhsil alırdılar. 2010-2011-ci illərdən qeyri-qanuni yollar bizdə bağlandığına görə təhsil almaq üçün Ukrayna, Rusiyaya getməyə başladılar. Bu gün nostrifikasiyada sərtləşdirilən qaydalara görə, Ukrayna və Rusiyaya üz tutan tələbələrin sayı 60% azalıb. Bir səbəb də tələb olunan rüşvət, maneələrdir. Tələbə hesablayır ki, Ukraynada ildə 1000-1500 dollar təhsil haqqı, 50 dollara yaxın yataqxana, 200 dollar isə yaşama görə xərcləyir. Orta hesabla 4 ilə 12 min dollara yaxın pul xərclənir. Azərbaycana gələndən sonra isə onların rus dilini yoxlayırlar. Onu da ayrıca bir xərci var. Ona görə bu say azalıb”.

Onun sözlərinə görə, belə tələbələrdən  özləri oxuyanlar da var, amma əksəriyyəti pulla oxuyur:

“ Ukrayna universitetləri tələbələri çox da sıxmır, yəni, buna bir biznes kimi baxırlar. Tələbəni qovmaq onlara sərf etmir. Fikirləşirlər ki, oxumasa da qiymət yazılsın, hər il təhsil haqqı versin, yataqxanaya pul ödəsin, ölkəsində pul xərcləsin. Gələn tələbələrin 40-50%-i  rus dilindən çətinlik çəkirlər. Təhsil Nazirliyi də qeyri-qanuni olaraq burada onlardan imtahan götürür. Biliyi olanlar rahatlıqla keçir, diplomu tanınır.  Ukraynaya gedən tələbələrin 90%-i dövlət universitetlərində təhsil alırlar. Ukrayna və Rusiyada özəl universitetlərə  gedən demək olar ki, yoxdur. Olsa da 3-5%-dir. Çünki insanlar dövlət universitetlərinə rahat qəbulu qoyub, özəllərə üz tutmurlar. Dövlət universitetinə qəbul çox sadə bir şeydir. Attestatla yaxınlaşıb, müqavilə bağlayırsan. Pulu ödəyib oxuyursan. Təhsil Azərbaycanla  eyni səviyyədədir. Təbii ki, Ukraynanın da nüfuzlu ali məktəbləri var. Azərbaycanda Ali Diplomatik Akademiya,  Xəzər, Turizm Universiteti tam şəffaf təhsil verirlər. Taras Şevçenko adına Kiyev Milli Universiteti, V.N Karazin adına Xarkov Dövlət Universitetlərinə qəbul biraz ciddidir. Qəbul şərtlərində müsabiqə var, rus dilini bilməyənləri götürmürlər.  Demək olar ki, hər bir şəhərdə iki- üç universitet var. Gedən tələbələrin əksəriyyəti əyalətlərdə oxuyur. Xarkov, ümumiyyətlə, xarici tələbələrin biznes şəhəridir. Ukraynada Türkmənistan, Hindistan, Banqladeş, Ərəb ölkələri və Azərbaycandan təhsil almağa gəlirlər”.

“Ukraynada illik qiyabi təhsil 500 dollardır. Bizdə rayonlardan gəlib  özəl universitetə qəbul olan tələbə ildə 1700 dollar təhsil haqqı ödəyir. Universitetin yataqxanası  olmadığına görə, kirayə evə də orta hesabla 250 manat da verəcək. Hələ yaşam xərcləri də var. Ona görə xaricdə təhsilə üstünlük verirlər. Məsələn, Kiyevdə bir universitetə qəbul olan 600-700 dollar təhsil haqqı, 20 dollar da yataqxanaya ödəyir. Ukraynanın 70-80% universitetində həqiqi tələbə həyatı yaşamaq üçün şərait var. Düzdür köhnədən qalıb, infrastruktur aşağı səviyyədir.

O deyir ki, şimal bölgəsindən olan əhalinin  müəyyən hissəsi Dağıstan universitetlərinə üz tutur:

“ Bu daha çox məsafəylə bağlıdır.  Qəbul attestatladır.  Moskvanın, Sankt-Peteburqun  bir neçə nüfuzlu universitetlərindən başqa Rusiyanın bütün şəhərlərində müsabiqə attestatladır. Amma Rusiyada təhsil haqqı çox yüksəkdir. Moskvada normal universitetdə ən aşağı 2500-3000 dollardır. Həmçinin xaricə üz tutanların sayının azalmasında birinci amil  devalvasiya,yəni dolların qalxmasıdır”.

Türkiyə ilə bağlı suallarımız cavablandıran mütəxxəssis deyir ki, Türkiyə universitetlərinə böyük axın var:

“Məsələn , 4-5 il əvvəl ildə 1000-1500-ə qədər tələbə gedirdi. Amma bir -iki ildən sonra tələbələrin 70%- i geri qayıdır. Çünki Türkiyədə həm dövlət, həm  də özəl universitetlərdə təhsil çox şəffafdır. Heç bir qeyri -qanuni hal yoxdur. Müəyyən kredit toplanmalıdır. Tələbələrə bundan sonra diplom verirlər. Amma rüşvət verib qiymət yazdırma halları yoxdur. Ona görə, bizim tələbələr  orada oxuya bilmirlər. Çox asanlıqla kütləvi surətdə qəbul olurlar, amma 2-3 il pul xərcləyəndən sonra o proqramı mənimsəyə bilmirlər. Türkiyədə təhsilalan tələbələrin çox az xərci çıxır. Təhsil haqqı illik 300-500 dollardır. Yaşam xərcləri də  təxminən 200 dollar olur. DİM-dən yüksək nəticə toplayıb gedənlər, YÖS imtahanından keçənlər başqadır. Mən diplom dalınca gedən təbəqədən danışıram.

Avropaya inteqarasiya məsələlərinə baxmayaraq, bu gün  MDB  məkanındakı köhnə  qaydalarla gedirik. Bu vəziyyətdə olan respublikalar içərisində ən çox Türmənistan və Azərbaycandır.  Bizdə özəl universitetlərdə  minumum təhsil haqqı 3000 manartdır, bu da 1700 dollara gəlib çıxır”.

Əsmər Qabil