Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 13:35:30
Autizmli şəxslərin gözlərində işıq yandıran layihə - REPORTAJ

Nitq və davranış pozuntuları ilə müşayiət olunan autizmin dilindən: “Mənim adım, Autizm:  uşağınızdakı bəzi fərqliliklərə səbəb oluram. Onun istədiklərini ifadə edib, göstərməsini əngəlləyirəm. Mən içində olduğum ailələrin həyatını çətinləşdirirəm. Mən autizməm! A-u-tizm... ”

Dediklərini təkrarlamaq, cümlələri düzgün qurmadan yarımçıq ifadə etmək və özünü sübut etməyə çalışmaq autistlərə xas əlamətlərdir.

Autizm - uşağı cəmiyyətdən - ünsiyyət və göz təmasından ayıran travmatik, psixoloji haldır.

Hər il aprelin 2-si bütün dünyada autizm günü kimi qeyd olunur. Dünya Autizm Maarifləndirmə Günü BMT-nin 18 dekabr 2007-ci il qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub. Bütün dünya ölkələrində olduğu kimi, artıq bir neçə ildir, Azərbaycanda da Beynəlxalq Autizm Günü geniş miqyasda qeyd edilir.

Ümumiyyətlə, ölkəmizdə autizm spektr pozuntusu olan şəxslərə dəstək məqsədilə davamlı olaraq, müxtəlif layihələr həyata keçirilir.

Elə bu istiqamətdə...

...Fevralın 21-də də “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü; BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının birgə dəstəyi ilə ərsəyə gələn yeni layihənin təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən BP-nin Əlaqələr və Xarici işlər, Strategiya və Region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsi haqqında məlumat verib.

O, layihənin ölkəmizdə autizmli gənclərin digər həmyaşıdları kimi təhsil ala bilmələrinə, peşəkar iş və ailə həyatına, ümumilikdə, cəmiyyətə inteqrasiya olunmalarına kömək məqsədi daşıdığını bildirib:

“Bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən, həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub.

Layihəyə, məqsədə çatmaq üçün beynəlxalq ekspertlər də cəlb olunub. Hazırlanan təlim modulları, tədris materialları və autizm haqqında ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan xəbərlər, məqalələr layihə çərçivəsində yaradılacaq “Autizm təhsili” portalında yerləşdiriləcək. Bu portal həm autizmli şəxslər, həm də onların yaxınlarına etibarlı məlumat əldə etmək üçün əlverişli vasitə olacaq”.

Yeri gəlmişkən: “Autizm problem deyil, fərqlilikdir” - Bu, autizm sindromundan əziyyət çəkən bütün uşaqların gözlərindən oxunan ifadədir.

Onlar bəzən, özlərini anlatmaq üçün əllərindən gələni etsələr də, biz onları başa düşməkdə çətinlik çəkirik.

Autizmin əlamətləri əsasən, iki yaşından etibarən özünü göstərməyə başlayır. Sindrom, içinə qapanma, real həyatdan uzaqlaşma kimi hallarla təzahür edir. XXI əsrin bəlası adlanan autizm daha çox uşaqların nitq və davranışlarındakı pozuntularla müşayiət olunur. Uşaq öz yaşına uyğun olmayan jest və mimikalardan istifadə edir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, dünyada 70 milyondan çox autizmli şəxs qeydə alınıb. Azərbaycanda ilk dəfə autizm diaqnozunun qoyulması isə 2000-ci ilə aiddir. Qeyri-rəsmi məlumatlara əsasən, hazırda ölkədə, təxminən, 6000 autist var. Təəssüf ki, Azərbaycan autizmli uşaqların sayının artımına görə, dünya ölkələri arasında ilk sıralardadır.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı zamanı ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb edilməsi istiqamətində görülən işlərdən söz açıb:

“Azərbaycanda sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkil olunması ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi üçün işçi qrup yaradılıb və hazırda proqramın icrası ilə məşğuldular.

Proqramın icrasında Təhsil Nazirliyi ilə yanaşı, UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi iştirak edir. Onlar öz növbəsində, proqramda nəzərdə tutulduğu kimi kadr hazırlığı, müəllimlərin bu istiqamətdə peşəkarlıqlarının artırılması məsələləri, məzmunun təkmilləşdirilməsi və regionlarda resurs mərkəzlərinin yaradılması kimi bir sıra layihələrlə məşğuldurlar”.

Övladı autist olan valideynin dilindən CAVAB: “Autizm, mən uşağımı çox sevdiyim üçün səni də onunla birgə qəbul edirəm. Mənim övladım çox özəldir”

Ümumiyyətlə, aparılan araşdırmalara əsasən, əqli geriliyi olan uşaqların olduğu ailələrə baxdıqda, aralarında ən aqressivi, problemlisi autizmli uşaq olan ailələrdir. Misal üçün, daunlu ailələrin çox pozitiv, inamlı olduğu müşahidə edildiyi halda, autizmli ailələrin hər biri haqda bunu demək olmur. Mütəxəssislərin fikrincə, problem ailədən qaynaqlanan şüuraltı, psixoloji bir səbəbdir. Valideynlər, adətən, övadlarının autist olması ilə barışa bilmirlər.

Lakin övladlarının fərqliliyini qəbul edib, onlarla əl-ələ uzun bir yol getməyə razı olan valideyn nümunələri də az deyil.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli də təqdimat zamanı çıxış edərək, iştirakçılarla autizmlə bağlı fikirlərini bölüşüb:


Nazir müavininin autizmlə ilk təcrübəsi... Və ya özünün də dediyi kimi “həyat dərsi”

“İlk təcrübəm təxminən, 3 il bundan əvvələ təsadüf edir. Avropa ölkələrinin birində uzunmüddətli kursda idim. Amerikalı kurs yoldaşlarımdan biri - Corcun 4 övladı var idi. Üçüncü uşağı, Erik autizmli  idi. Yadımdadır, həmin vaxtlar məlumatsızlıqdan Corca belə bir sual vermişdim:“Corc, sən Erikin problemi (red - autizmli olması) barədə nə düşünürsən?”

CAVAB: - “Əslində, bu problem yox, sadəcə, fərqlilikdir... Həyat yoldaşımla bərabər, buna qətiyyən problem kimi yanaşmırıq. Çalışırıq, Erik üçün yeni imkanlar yaradaq. (red - gülümsəyərək cavabladı)”

Mətin Kərimli qeyd edir ki, Corc hər ilin sonunda ailə üzvləri ilə bağlı qrup üzvlərinə hesabat yollayırmış:

“Oradan bilirəm ki, hazırda Corcun 4 övladı da tələbədir. Oğlu Erik İnformasiya Texnologiyaları üzrə təhsil alır. Məncə, bu barədə bundan gözəl hekayə ola bilməz. Yəqin ki, övladı autist olan bütün valideynlər istəyər ki, onun övladı yaxşı təhsil alıb, cəmiyyətdə özlərini təsdiqləmək üçün uyğun iş tapa bilsinlər. Ümumiyyətlə, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və autizmli uşaqları olan ailələrə dəstək üçün müxtəlif qurumların birgə tədbirlər həyata keçirməsini məqsədəuyğun hesab edirəm”.

Bir autistin dilindən: “Rəngimiz ona görə mavidir ki, biz sizin ağ-qara dünyanızı rəngləndiririk”.

"Light It Up Blue" layihəsi 2010-cu ildən etibarən, hər il nüfuzlu autizm tədqiqat və təhsil təşkilatı olan Autism Speaks ("Autizm danışır") təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Kampaniya çərçivəsində dünyada məşhur abidələr və görkəmli yerlər 2 aprel tarixində mavi rəngdə işıqlandırılır. Bu yerlər arasında İsa peyğəmbərin Braziliyanın Rio de Janeyro şəhərindəki nəhəng heykəli, Torontodakı CN Tower qülləsi, Nyu Yorkdakı Empire State Building və Niaqara şəlaləsi də var. 

Azərbaycanda isə autizmlə əlaqədar olaraq artıq neçə ildir ki, Qız Qalası, Alov Qüllələri, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu və SOCAR binası mavi rəngə “boyanaraq” autizm haqda insanlara məlumat ötürür və onları autistlərin fərqli olduqlarına inandırır.

Son olaraq...

“Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü və BP Azərbaycan şirkətinin birgə dəstəyi ilə ərsəyə gələn “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin həyata keçirilməsi zamanı autizmli şəxslərlə işləyə biləcək və bu sahədə artıq lazımi qabiliyyətləri olan, həm dövlət, həm də özəl müəssisələrdə çalışan 40 nəfər təcrübəli səhiyyə və təhsil mütəxəssisi “Təlimçilərin Tədris Proqramı”ına cəlb olunacaq. Bu, onlara bilik və təcrübələrini daha da artırmaq imkanı yaradacaq.

Layihənin 10 ay müddətində həyata keçirilməsi nəzərdə tutulsa da, bu müddət ərzində əldə ediləcək metod və təcrübələrin davamlı olması, sonrakı dövrlərdə də tətbiq edilə bilməsi görüləcək işin nəticələrinin cəmiyyətə uzun müddət faydalı olacağından xəbər verir. Yaradılacaq məlumat bazası və təlim modulları uzun illər bu mənbələrdən faydalanmaq üçün imkanlar yaradacaq.

Yəni, yazının əvvəlində “bacarığı” ilə öyünən Autizmə layiqli cavab veriləcək...