Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 06:16:58
Paytaxtdan bölgələrə gedib “göydə” qalan tələbələr - Yataqxana problemi

Hər il ali təhsil müəssisələrinə daxil olan  tələbələr Bakı şəhəri ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən universitetlərdə, kolleclərdə də təhsil alırlar. Regionlarda fəaliyyət göstərən təhsil ocaqlarının əksəriyyətində yataqxana olmadığına görə bir rayondan digərinə gedənlər, ya qohum evlərində qalır, ya da kirayə ev tutmalı olurlar. Amma bəzən, maddi vəsaitin azlığı ev tutmağa imkan vermir.

Məsələ ilə bağlı Azedu.az-ın əməkdaşı kiçik bir araşdırma aparıb.

Mingəçevir Dövlət Universitetindən bildirilib ki, hələlik təhsil ocağının yataqxanası yoxdur:

“Yataqxana hazırda  tikilir. Uşaqlar da ya kirayə, ya da qohumlarıyla qalırlar. Gələcəkdə kampus düşünürlər.  Tələbələrin kirayə qalmasıyla bağlı hansısa problemlə qarşılaşmamışıq”.

Cəlilabad Tibb Kollecində də eyni vəziyyətdir:

“Başqa rayonlardan gələn tələbələr üçün dövlət tədbir görməyib. Tələbələr fərdi olaraq özləri kollec yaxınlığında, 30-100 metr uzaqlıqda binalarda ev tuturlar. Tələbələr kirayə qalmağa imkanlarının olmaması ilə bağlı o dərəcədə müraciət etməyiblər. Rayonda kolleclər üçün yataqxana tikilməsinə görə müraciətlər olunur. Hələ ki, dəqiq cavab verilməyib”.  

Masallı Dövlət Regional Kollecinin də yataxanası yoxdur. Kolecin nümayəndəsi Vidadi Nəzərov bildirib ki, yataqxana üçün yer ayrılsa da, hələ tikinti işlərinə başlanılmayıb: “Yataqxana üçün yer ayrılıb, hələ ki tikinti yoxdur. Tələbələr kirayə qalırlar. Tələbələr, valideynlər qeydiyyatdan keçəndə  vəziyyəti bilirlər, istəyənlər keçir. Masallıda 230 min əhali yaşayır. Bu, birinci kollecdir.  Hələ ki, uyğunlaşdırılmış  bir binada yerləşirik. Ümumi planla binası, yataqxanası da olacaq.

Ağcabədi rayonunda  yerləşən Pedaqoji Kollec və Azərbaycan Pedaqoji Universitetin filialının yataqxanaları olsa da, temək olar ki, tələbəlr istifadə edə bilmirlər.

Rayonun deputatı deputatı Tahir Rzayev azedu.az-a bildirib ki, yataqxanalar həm köhnədir, həm də məcburi köçkünlər tərəfindən tutulub: “Yataqxanada  hər yerdə olduğu kimi qaçqın, köçkünlər  yerləşdiyinə görə, tələbələrin bir hissəsi buradadır.  Əksəriyyəti kirayə evlərdə qalırlar. Regionlardakı kolleclərin çoxu özəldir. Onlar gərək, bazalarını möhkəmləndirib, yataqxana tiksinlər. Pedaqoji Universitet dövlətin himayəsindədir.  Gələcəkdə bunlar üzərində düşünülməlidir. Ümumiyyətlə, universitet, hər bir kolleclər fikirləşməlidir ki, tələbələr bura təhsil almağa gəlirsə, heç olmasa bunların müəyyən hissəsi yataqxanada yerləşdirilsin. Bəzi tələbələrin ev tutmağa imkanı olmur”.

FotorCreated.jpg

Onun sözlərinə görə,  aztəminatlı ailələrdən olan tələbələrə müəyyən yataqxanaların  ayrılması  çox vacibdir:

“Elə olur ki, onlar Bakıda da  xərcləri qarşılaya bilməyib, oxumaqdan imtina edib qayıdırlar. Gələcəkdə həm dövlət, həm də  özəl kolleclər ciddi düşünməlidirlər. Biz də tələbə olmuşuq. Yataqxanada fikir mübadiləsi aparılır, birlikdə dərsləri hazırlayırlar. Həm də bu bir kollektivlikdir, həyat məktəbidir. Əlbəttə ki, yataqxanaların olmaması bir qədər təhsilə təsir edir. Çünki universiteti yaxınlığında olsa tələbə həm vaxtını itirməz, həm də burada işgüzarlığa alışar. Yataqxananın əhəmiyyəti odur ki, oğlanlar və qızlar da özləri yemək bişirirlər. Burada mətbəxt, ailə məsələləri də  var. Bunları öyrənirlər. Kirayə qalanda bəzən ev yiyələri onlara xidmət edir. Tələbəninki odur ki, həm dərsinin, həm də şəraitinin qayğısına qalsın.  Onda tələbə üçün daha mənalı olur”.

Əsmər Qabil