https://www.zirve.edu.az/
04.04.2018 06:23
Azərbaycanda elmi-tədqiqat sahəsində fəaliyyətsizlik, xaos... - Akademik səbəbləri açıqladı

Azərbaycan dünya təhsil sisteminə inteqrasiya olunmağa çalışsa da, hələ ki, buna nail ola bilmir. Elmi tədqiqatlar demək olar ki, aparılmır, elmi-tədqiqat institutlarının fəaliyyəti nəzərə çarpmır. Elə buna görə də, bu institutların ləğv edilməsi məsələsi tez-tez gündəmə gətirilir.

Bu institutlar  bu şəkildə fəaliyyətlə dünya elminə nələr vəd edir? Ümumiyyətlə, bu sahədə elmi-tədqiqat institutları dünya təcrübəsi ilə ayaqlaşa bilirmi?

Mövzu ilə bağlı Azedu.az-a danışan fizika-riyaziyyat elmləri doktoru, akademik Hatəm Quliyev çox maraqlı məqamlara toxunub. Onun fikrincə, ilk növbədə ənənəvi sistemə “əl gəzdirmək” lazımdır:

“Dünya təcrübəsində elmi tədqiqatı bütün universitetlər aparır. Universitet olmalarına baxmayaraq, hazırda onların büdcəsinin 80 %-i elmə yönəldilir, təhsilə yox. Mahiyyətcə, daha çox elmi mərkəzlər olmasına baxmayaraq, xalq arasında, ictimaiyyətdə universitet adı ilə tanınırlar.

Köhnə SSRİ-də məsələ başqa cür idi; o zamanlar elmi tədqiqat işləri əsasən, Elmlər Akademiyasının institutlarında mərkəzləşdirilmişdi. Hazırda SSRİ-nin dağılmasından 25 il keçməsinə baxmayaraq, hələ də postsovet ölkələrində bu və ya digər format davam etdirilir. Azərbaycanda AMEA fəaliyyət göstərir,  hazırda əsasən elmi tədqiqat işləri, xüsusilə də fundomental elmi tədqiqat işləri burada cəmləşib. Əlbəttə, bizim universitetlər də elmi tədqiqat işləri aparırlar. Bəzi universitetlərin tərkibində elmi tədqiqat institutları mövcuddur. Məsələn ADNSU, BDU-nun tərkibində bunlar var”.

77755_l9inqdaya2.jpg

Akademik həm də ölkəmizdə müasir səviyyədə elmi-tədqiqat işlərinin aparılması üçün maddi-texniki bazanın çatışmadığını qeyd edib:

“Çətinlik sözdə, qanunvericilikdə deyil. Əsas məsələ ondan ibarətdir ki, müasir səviyyədə elmi tədqiqat işləri aparmaq üçün çox böyük elmi-texniki bazanın mövcudluğu zəruridir. Bizim ali təhsil müəssisələrimizin isə belə bazası yoxdur. Bu gün Milli Məclis tədqiqat institutlarının ali məktəblərin tərkibinə keçirilməsi ilə bağlı qərar qəbul etsə, heç bir şey dəyişməyəcək. Əsas məsələ odur ki, hansı qurumun tərkibində olmasından asılı olmayaraq, elmi-tədqiqat institutlarının yaradılmasına nail olaq. Necə ki, iqtisadiyyatda dövlətin köməyi ilə sənaye sahələri yaradılır, eləcə də Azərbaycanın inkişafına xidmət edəcək səviyyədə güclü elmi mərkəzlər yaradılmalıdır. Çünki əgər, biz dünya sisteminə inteqrasiya olunuruqsa, bizdə də onlardakı kimi olmalıdır. Dünya təcrübəsində elmi mərkəzlər təkcə universitetlərdə deyil. Məsələn, ABŞ-da elmi potensialın cəmləşdiyi böyük bölgə var ki, orada elmi mərkəzlər mövcuddur. Onlar birbaşa dövlətin nəzarətindədirlər. Dövlət onları maliyyələşdirir.  O cümlədən cənub-şərqi Asiya ölkələrində, cənubi Kareya, Sinqapurda elmi mərkəzlər universitetlərin tərkibində deyil. Amma onların tərkibində də elmi-tədqiqat mərkəzləri mövcuddur. Yəni bunlar bir-birinin ziddinə deyil. Əsas məqsəd dövlət və xalqın inkişafına nail olmaqdan ibarətdir. Bunun üçün ən böyük maneə təhsilimizin bugünkü problemləridir. Dövlətin səyinə baxmayaraq hələ ki, təhsilimiz yaxşı gündə deyil. Ali məktəblərdə elmi mərkəzlərə seçim çox çətindir. Son illərdə akademiyada magistratura təhsilinin təşkil olunmasına baxmayaraq, hələ də müəyyən keyfiyyətə nail olunmayıb. Çünki keyfiyyətli kadrlara çox ehtiyac var. Həm təlim keçən kadrların keyfiyyəti, həm də ora gələn gənclərin hazırlığı kifayət qədər yüksək deyil”.

O, elm üçün ayrılan vəsaitlərin yaşayış üçün bəs etmədiyini, buna görə də istedadlı adamların başqa sahəyə can atdığını bildirib

“Bunları aradan qaldırmaq  üçün ilk növbədə gənclərdə tədqiqata maraq yaratmaq lazımdır. Bu olmadan aparılan heç bir islahat nəticə verməyəcək. Məsələn, mən akademiyada şöbə müdiri ola-ola 500 manat maaş alıramsa, o hədəf gənci maraqlandırmır. Talantlı gənc görür ki, ondan qat-qat savadsız biri haradasa mühafizədə işləyərək 700-1000 manat maaş alır.  Bu gənc niyə elmi seçsin ki? Sözün düzünü demək lazımdır. Məsələn, yaxşı futbolçunu misal göstərək: o, gedib “Barselona”da oynamaq həvəsindədir, “Neftçi”də yox. Elmdə də eyni vəziyyətdir. Əslində, proses çox sadədir, geniş düşünmək lazım deyil. İlk növbədə heç də yüksək hesablamalara əsaslanmayan, çox sadə həyat şəraiti yaradılmalıdır. Əgər bu düzəlməyəcəksə, gəncləri kütləvi şəkildə elmə cəlb edə bilməyəcəyik. Bu halda ölkənin gələcəyi də sual altında olur”.

Akademik millət vəkili Fazil Mustafanın AMEA-nın ləğvi ilə bağlı fikrinə belə münasibət bildirib:

“Nəyisə dağıtmaq çox asandır. Yenisini yaratmadan köhnəni dağıtmaq düzgün deyil. Fazil müəllim çox savadlı, geniş dünya görüşünə malik insandır. Mənə elə gəlir ki, o, ümumi söhbət edir. Konkret demir ki, bu gün gəlin AMEA-nı dağıdın. O düşünür ki, akademiya mövcud formada hansısa islahatlara uğramalıdır, hansısa çevik elmi mərkəzlər yaradılmalıdır. Hələ bir düşünək görək, yeni bir sistem tapa bilirikmi? Tapa bilsək, əlbəttə ki, inkişafa getmək lazımdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları