Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 15:31:00
Universitetdən CAVAB: “İşlər şifrələndiyi üçün müəllim hansı tələbənin işini yoxladığını bilmir”

Saytınızın 26.01.2019 tarixli buraxılışında yayımlanmış “Universitetlərin “apelyasiya əməliyyatı” – Bal artırarkən tələbəni süründürən və razı salan ali məktəblərimiz” adlı yazıda səslənən bəzi fikirlərə aydınlıq gətirmək istəyirik.

Həmin yazıda müxtəlif universitetlərin tələbələri semestr imtahanlarında yaranan narazılıqları aradan qaldırmaq üçün universitetlərdə yaradılmış Apelyasiya Komissiyalarına müraciət edərkən rastlaşdıqları yaxşı və neqativ (əsasən süründürməçilik halları) hallarla bağlı fikirlər səsləndiriblər. Bizim universitetin tələbəsinin bu komissiyalarla bağlı fikirləri də yazıda yer alıb. Düşünürük ki, onun universitetdə apelyasiya prosesi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir,  əsassızdır. 

Əvvəla onu qeyd etmək istərdim ki, bizim universitetdə imtahanın nəticələrindən narazı qalan tələbələr imtahandan 3 gün sonra onlayn qaydada Apelyasiya Komissiyasına müraciət edirlər. Onların şikayəti qeydə alınır və araşdırma prosesi başladılır. Hər həftənin şənbə günləri bu şikayətlər üzrə apelyasiyalara baxılır, araşdırılır, haqlı şikayətlər yerindəcə həll olunur. Bu prosesdə də obyektivliyi qorumaq üçün işi yoxlayan müəllim semestr boyu tələbəyə dərs deyən müəllim deyil, başqası seçilir. Eyni zamanda işlər şifrələndiyi üçün müəllim hansı tələbənin işini yoxladığını bilmir. Əgər tələbə bu müəllimin də obyektivliyinə şübhə edirsə, hətta kənar ekspert də dəvət edirik, işi yenidən yoxlamağı ona həvalə edirik. Hər bir halda çalışırıq ki, ədalətli qərar verilsin, obyektivlik qorunsun. Appelyasiya zamanı elə hallar olub ki, tələbənin balı nəinki 1-2, hətta 9-10 vahid qaldırılıb. Müəllimlərin səhlənkarlığı, bəzən də fiziki yorğunluğu ucbatından tələbənin işinə düzgün qiymət verilmir, biz belə hallarda tələbənin haqqını qoruyuruq.  Müəllimə də xəbərdarlıq olunur, əgər bu hal təkrar baş verirsə, onda həmin müəllimi yoxlama prosesindən uzaqlaşdırırıq.

Müstəsna hallarda - əgər tələbə bütün imtahanlardan əla alıbsa, onun balı avtomatik 1-2 bal qaldırıla bilər. Amma tələbə kəsilməmək üçün və ya sadəcə balını qaldırmaq üçün əsassız müraciət edirsə, onun istəyi təmin olunmur. Bizim istəyimiz odur ki, tələbə semestr boyu tədris olunan fənni yaxşı mənimsəsin, öyrənsin, mütəxəssis kimi yetişsin. Əgər imtahanlarda əsassız güzəştlər çox olarsa, tələbələrdə arxayınçılıq yaranar, onların məsuliyyəti azalar, imtahanların ciddiliyi itər. Elmdə güzəşt ola bilməz, hər bir tələbə real qiymətini almalıdır.   

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov