https://www.zirve.edu.az/
28.01.2019 17:49
Bağçalar, yoxsa, “uşaq həbsxanaları” – Havasızlıq və yaşıllıqları olmayan məktəbəqədər müsəssisələr  
Çap et

Dünya ölkələrində şagirdlərin nəinki məktəbəqədər, hətta orta təhsil dönəmində də açıq havada olması, gün ərzində təmiz hava qəbul etməsi təcrübəsindən istifadə olunur.

Məktəbəqədər təhsil müəssisələrində isə uşaqların yaş həddini nəzərə alsaq, açıq havada vaxt keçirməyin onlar üçün nə qədər vacib olduğunu anlayarıq. Amma hazırda ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin heç də hər biri azyaşlıların bu tələbatına cavab vermir.

Uşaq bağçası dedikdə adətən ağla yaşıllıqlarla dolu, geniş həyəti olan məkan gəlir. Amma hazırda bəzi bağçaların məktəbəqədər təhsil müəssisəsi olduğunu kənardan baxmaqla ayırd etmək mümkün deyil. Əksəriyyəti qapalı məkanlarda, nəhəng binanın aşağı mərtəbəsində icarəyə götürülmüş kiçik ərazilərdə yerləşir. Binaların I mərtəbəsində 50-60 kvadratmetrlik ərazini və ya fərdi evi kirayələyib, qohum, dost-tanışdan ibarət işçi heyəti yığıb uşaq bağçası açanların sayı az deyil.

Bəs, belə məkanlarda fəaliyyət göstərən uşaq bağçaları azyaşlıları nələrdən məhrum edir? Ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənir? 

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Bağçam” uşaq bağçaları şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə ekspertRasif Dünyamalıyevbildirib ki, bu məsələlər Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixində qəbul etdiyi, 171 nömrəli qərarla təsdiq olunan normativlərlə tənzimlənir: 

“Bağçanın həyətyanı sahəsi 1 hektara yaxın olmalıdır”

“Bu normativlər bütün növ təhsil müəssisələrinin quruluşu, binanın yerləşməsi, uşaqların sayı, sanitar gigiyenik qaydalar və s.-ni özündə əks etdirir. Bir sahibkar bağça açmazdan öncə bu normativlərlə tanış olmalıdır. Əks təqdirdə lisenziya zamanı müəssisəyə baxış keçiriləcək və mənfi rəy veriləcək”.

Ekspert bildirir ki, qeyd olunan bəzi normativlər bugünün reallığına cavab vermir və bəzən sahibkara maneələr yaradır: 

“Məsələn, orada bir normativ var: Bağçanın həyətyanı sahəsi 1 hektara yaxın olmalıdır. Axı, Bakıda 1 hektar ərazini  hansı sahibkar götürüb bağça edər? Heç kim. Çünki qiymətlər bahadır. 

Digər normativdə isə deyilir ki, bağçanın yerləşdiyi ətraf aralarında 1 metr məsafə olmaqla kollarla əhatəolunmalıdır. Sizcə, bu gün Bakı şəhərində yaşıllıq tapmaq olur? Axı bunlar real deyil. Bu normativləri reallığa uyğunlaşdırmaq lazımdır.

Məsələn, normativə əsasən, bina altında bağça açmağa müəyyən limit qoyulub. Yəni bina altında 100 nəfərlikdən artıq bağça açmaq olmaz. İndi düşünün, bu gün böyük komplekslərin altında nəhəng sahələr boş qalır və onların icarə qiyməti ucuz olur. Amma normativ icazə vermədiyinə görə oralarda bağça açmaq olmur.

Dünya təcrübəsində də bina və villaların uyğunlaşdırıla bilməsindən istifadə olunur. Yaşayış üçün nəzərdə tutulan və heç kimin yaşamadığı villa düşünək. Ona görə yaşamaq istəmirlər ki, bina böyük olanda orada yaşayış xərcləri də artır. Sahibi villanı icarəyə vermək istəyir. Amma digər sahibkar bunu götürüb bağçaya necə uyğunlaşdıracağını bilmir. Yaşayış evində otaqlar 25-30 kvadratmetrdən artıq ayrılmır. Onu götürüb 10 nəfərlik bağça açmaq olar. Amma qanun buna icazə vermir. Buna görə də sahibkar o villanı götürüb əraziyə uyğunlaşdıra bilmir və qapalı bağçalar meydana çıxır”.

“Bundan böyük nə fəsad olsun?” 

Ekspert bağça üçün nəzərdə tutulan binanın həyəti olmasının vacibliyindən də söz açıb: 

“Uşaq inkişafının dünyada qəbul olunmuş normaları var. Bu normalar deyir ki, 1-6 yaş arası uşaqlar hər gün ən azı bir saat həyətdə olmalı, oyunlar oynamalıdırlar. Bunu təşkil etmək üçün mütləq bağçanın həyəti olmalıdır. Hətta normativlər o həyətin böyük olmasının vacibliyini deyir.Amma reallıqda Bakı şəhərində buna əməl etmək çox çətindir. 

Binanın qapalı məkanda yerləşməsi uşaq sağlamlığına birbaşa təsir edir. Çünki uşağın açıq havayaçıxarılmamasınınfəsadları ola bilər. 2010-cu ildə qəbul olunmuş qanun var.  Orada məktəbəqədər  təhsil proqramı və normativlər göstərilib. Buna əsasən, 1-6 yaşlarında olan uşaqlar hər gün fiziki tərbiyə məşğələlərində olmalıdırlar. Fiziki tərbiyənin öz standartları, içəridə yaxud çöldə keçirilən hissəsi var.

Digər tərəfdən uşaqlar səhər 11-dən 12-yə qədər, axşam isə 4-dən 5-ə qədər 1 saat həyətdə olmalıdırlar. Bunun üçün yay və qış rejimi var. Norma qışda 1,yayda isə 2 saatdır. Bunu proqramı tərtib edərkən xeyli həkim araşdırıb və ora əlavə edib.  İndi durub onu çıxaraq ki, bizim həyətyanı sahəmiz yoxdur? Bu, düzgün deyil. Onsuz da bu uşaq evdə qapalı şəraitdə qalır. Bəzi uşaqları valideyn heç həyətə də çıxarmır. Heçolmasa,  bağçaya gələndə həftədə 5 gün həyətdə hava alır. Valideynin öhdəsinə qalsa, şənbə-bazar günləri də uşaq evdə qalar. Uşaq normal təmiz hava almır, bədəni gün görmür. Bundan böyük nə fəsad olsun?”

Psixoloq Günel Əliyeva isə bildirib ki, belə məkanlarda uşaqlar təmiz hava almadıqlarına görə, fizioloji problemlər ortaya çıxa bilər:

“Uşaqlar bir otağa yığılır, oksigen çatışmazlığı yaranır. Uşaqlarda beynin inkişafı üçün oksigen vacibdir. Həyət şəraiti uşağın dünyagörüşünün inkişafı üçün də mühüm rol oynayır. Bu oyunları həyət mühitində müxtəlif vasitələrlə hərəkətlilik təmin olunmuş şəkildə həyata keçirmək lazızmdır. Uşaqların normal hərəkət etməsi, fiziki aktivliyi üçün ərazi lazımdır. Onların təxəyyülünü inkişaf etdirmək üçün həyət şəraitində oyun terapiyaları təşkil olunmalıdır. Hələ bu harasıdır? Padvalda belə bağça açanlar var. İşıqlanma üçün kiçik pəncərələr qoyurlar. Orada aylıq ödəniş az olur. Amma belə bir şəraitdə uşaq nə dərəcədə sağlam yetişə bilər?

Həyətin olmaması uşağın, kollektiv oyun, komanda ilə iş, mühitlə tanış olmaq bacarığına təsir edir. Uşaqlar təbiət hadisələrini görmür, günəşi küləyi hiss etmirlər. Ən önəmlisi uşaqların hiss üzvləridir və həyətsiz bağçalardan onlar bununla bağlı problemlər görürlər".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları