https://www.zirve.edu.az/
25.01.2019 14:00
Nəsimi dövrü tarixi səpkidə təhlil ediləcək

Nəsimi ili” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında silsilə tədbirlər keçirilir.

AzEdu.az xəbər verir ki, bununla əlaqədar AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov AZƏRTAC-a açıqlama verib. O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması, tədqiqi və təbliğinə çox böyük töhfədir. Bu Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək. Nəsimi irsi, böyük mütəfəkkirin yaşadığı dövr və sosial ədalət uğrunda mübarizəsi daha dərindən araşdırılacaq.

Sərəncamda qeyd edildiyi kimi, “Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir”. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib. Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən ölkə rəhbəridir.

Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum “Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və “Nizami” filmləri barədə məlumat verilib.

Nəsimi obrazını ədəbiyyatda, musiqidə, rəssamlıqda, heykəltəraşlıqda və kinoda təcəssüm etdirən dəyərli əsərlər yaranıb: yazıçı İsa Hüseynovun “Məhşər” romanı və onun ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin çəkdiyi “Nəsimi” filmi, görkəmli rəssam Mikayıl Abdullayevin “Nəsimi” portreti, şair Qabilin “Nəsimi” poeması, bəstəkarlardan Süleyman Ələsgərovun şairin qəzəllərinə bəstələdiyi romanslar, Cahangir Cahangirovun “Nəsimi” kantatası, Azər Rzayevin “Nəsimi” simfonik poeması, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baleti və s. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Nəsimi” passionu dahi şairimizin sönməz həyat eşqinin, haqq-ədalət uğrunda mübarizəsinin dünyaya tanıdılmasında mühüm rol oynadı.

Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb. Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin guya İslam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. O, dində islahatlar tərəfdarı idi. Nəiminin və Nəsiminin dində islahatlar təşəbbüsü orta əsrlər Avropasındakı dini islahatlardan – Reformasiya hərəkatından daha öncə baş verib. Dində islahat əslində Şərqdən başlayıb. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş yol açdı. Bu baxımdan bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir. Onun yaradıcılığı sosial ədalətsizliyə və hər növ zülmə qarşı böyük etiraz idi. Nəimi və Nəsimi dünya tarixinin dahi maarifçiləri idilər.

Altmış milyonluq Azərbaycan xalqı dünyanın hər yerində tarix yaradıb. Dünya ölkələrində uyuyan dahilərimizin – Nəsirəddin Tusinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və başqa mütəfəkkirlərimizin məzarları bizim müqəddəs ziyarətgahlarımızdır, onlara toxunmaq olmaz. Tarixi şəxsiyyətlərimiz harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orada tariximiz var. Nəsiminin məzarının Hələb şəhərində olması Azərbaycan xalqının o zaman Yaxın və Orta Şərqin çox geniş regionunda yayıldığını, bütün bu regionun təkcə hərbi-siyasi həyatında deyil, elmi-ədəbi həyatında da mühüm rol oynadığını göstərir. Fikrimcə, böyük Nəsiminin məzarı Azərbaycan tarixinin müqəddəs bir ziyarətgahı kimi Hələbdə qalmalıdır.

Məlumdur ki, Nəsiminin məzarının Hələbdə olduğunu böyük mütəfəkkirimiz Rəsul Rza aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rza ilə olan çoxsaylı söhbətlərin şahidiyəm. O, Nəsiminin məzarının aşkar edilməsi və qorunub saxlanılmasında mühüm rol oynayıb.

Ümid edirik ki, dahi Nəsiminin Hələbdəki məqbərəsinin gələcəkdə bərpa olunması da dövlətimizin diqqət mərkəzindən kənarda qalmayacaq.

İctimaiyyətə bildirmək istəyirəm ki, AMEA-nın Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək. Tarixçilərimiz konfransda Nəsimi dövrünü tarixi səpkidə təhlil edəcəklər.