https://www.zirve.edu.az/
25.01.2019 13:42
Müxtəlif ölkə bağçalarında qəribə qadağalar – Şərf taxmaq, geyimi təmiz saxlamaq olmaz

İlk məktəbəqədər təhsil müəssisələrinin əsası XVIII əsrdə Fransa, XIX əsrin əvvəllərində İngiltərə və İtaliyada qoyulub. Burada uşaqlara dini təhsil, əlifba və gündəlik ev işləri öyrədilir, oyuna çox az vaxt ayrılırdı.

Amma  “uşaq bağçası” anlayışının əsasını alman pedaqoqu Fridrix Froybel qoyub. Onun fikrincə, uşaqların tərbiyəsi açıq havada keçirilən təlim, oyun və musiqilərlə aparılmalıdır. O, yaratdığı məktəbdə uşaqların oyun vasitəsi ilə özlərini təkmilləşdirəcəyini düşünüb. İllər keçdikdə məktəbəqədər təhsil trend olaraq bütün ölkələrin təhsil sisteminə daxil olub.

AzEdu.az xarici ölkələrdə məktəbəqədər təhsil sisteminin fərqli cəhətlərini təqdim edir:

Britaniyada məktəbəqədər təhsil icbari olmasa da, dövlət təhsilin bu pilləsinin inkişafına diqqət edir. 3-4 yaşlı uşaqların bir qismi bağça və ya ibtidai məktəblərin uşaq siniflərində təhsil alırlar. Bu zaman onlara ibtidai təhsilə hazırlıq keçirilir. Eyni zamanda, fiziki, intellektual inkişafları da diqqətdə saxlanır.

Bəzi uşaqlar isə məktəbəqədər oyun qruplarına cəlb edilirlər. Belə qrupların əksəriyyəti valideynlər tərəfindən təşkil olunur və Məktəbəqədər Oyun Qrupları Assosiasiyasında birləşir.

Finlandiyada məktəbə başlama yaşı 7-dir. Uşaqların bağçaya başlaması üçün isə 1 yaşı olmalıdır. Yəni, Finlandiyada 1-7 yaşarası uşaqlar bağçaya gedə bilirlər. Məktəbəqədər təhsil isə icbari deyil. Bağçalarda uşağın ailəsini dini inancı da diqqətə alınır.

Bağça müəllimi işləmək üçün universitetdə bu fakültəni bitirib magistratura diplomuna sahib olmağınız lazımdır. Finlandiya uşaq bağçalarında dayə kimi çalışmaq üçün isə orta məktəbdən sonra peşə məktəblərinə getmək tələb olunur.

Fransada icbari təhsil 3 yaşdan məktəbəqədər təhsillə başlanır. Bu uşaq bağçalarında ildə dörd dəfə tətil olur. Həftənin III günü isə  istirahət günü hesab olunur. Həmin gün uşaqlar dərnəklərə getməlidirlər. Bu bağçalarda səhər yeməyində peçenye ilə südün verilməsi qadağandır. Deyilənə görə, bu, piylənməyə səbəb olur. Uşağın evdən özləri ilə oyuncaq gətirməsi qadağandır. Ən maraqlı qadağalardan biri də Fransa bağçalarında uşaqların şərf taxması ilə bağlıdır. Bağça rəhbərliyi bu geyimi soyuq silah qədər təhlükəli hesab edirlər.

Misir bağçalarında uşaq sayına məhdudiyyət qoyulmur. Bir qrupda 40 uşaq olsa da, uşağı rahatlıqla qəbul edirlər. Tərbiyəçi isə bir nəfər olur.

Amerikada hər məktəbəqədər təhsil müəssisəsi bir sahə üzrə ixtisaslaşıb: biri uşaqların rəsm qabiliyyətini, digəri intellektual bacarıqlarını, dil biliyini inkişaf etdirir. Bəzi bağçalarda yalnız cizgi filmi göstərirlər. Qaydalara görə, bir pedaqoq uşaqla 3 yaşdan 5 yaşa qədər məşğul olmalı, qrupda 5-dən artıq uşaq olmamalıdır. Kiçik qruplarda isə 2 körpə üçün 1 müəllim nəzərdə tutulub.

Almaniya isə bu dəfə də fərqliliyi ilə seçilir. Bu ölkədə uşaqların bağça yaşı  3-dür. Qəribəsi isə odur ki, buranın bağçalarında uşaqların yaş qrupu qarışıqdır. Böyüklər kiçiklərlə eyni qrupa salınır. Bununla da uşaqlarda özündən balacanın qayğısına qalmaq kimi keyfiyyətlər aşılanır. Balacalar isə böyüklərdən nümunə götürürlər. Fiziki məhdudiyyətli uşaqlar sağlamlarla eyni qrupa salınır.

İsveç bağçalarında uşaqlar vaxtlarının çoxunu küçədə keçirirlər. Uşaqların üst-başını çirkləndirsə də xoşbəxt olmasını üstün tuturlar. Hər uşağın torpaqda eşələnmək, palçıqla oynamaq  üçün xüsusi geyimi var. Bəzi bağçalarda uşaqları qışda küçədə, xüsusi yataqda yatırdırlar. İsveçdə çox oxumaq qəbul olunmur. Onların  fikrincə, uşağı çox oxutmaqla onun uşaqlığını əlindən alırıq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları