Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 13:28:49
“Tələbə yoxdur, şagirdlərin  gələcəyindən nigaranam,  müəllimlərin imtahanları isə absurddur” -  Seyran Səxavətin “Təhsil resepti”

“2 yaralı yerim var: biri Qarabağ, digəri isə təhsil”

Bu kəlmələr AzEdu.az-ın “Təhsil resepti” rubrikasının budəfəki həmsöhbəti yazıçı, şair Seyran Səxavətin dilindəndir. Söhbətin əvvəlində bugünəcən 2000-ə yaxın müsahibə verdiyini, onlardan 1900-nün elə təhsildən bəhs etdiyini deyən yazıçı bu dəfə də usanmadan təhsili təhlil edir:

“Gül kimi təhsilimiz var idi...”

“Bəzən eşidirəm ki, kimsə adi bir şeyin üstündə həyat yoldaşını öldürüb və ya nəvə nənəsini qətl edib. Bunlar adətən kiçik şeylərin üstündə baş verir. Düşünürəm ki, qüsurlar, nöqsanlar, bir xalq olaraq bizim ürəyimizi ağrıdan hər şeyin günahı təhsilsizlikdir.

Təhsilsizlik nə deməkdir? Bunu hərə bir cür yozabilər. Amma görürəm ki, təhsilsizlik milli şüurun 0-dan aşağı olmasına gətirib çıxarır. Milli şüurumuz son dərəcə aşağıdır. Nə olursa,hamısı təhsilsizlikdən irəli gəlir. Milli şüur millət üçün dil qədər vacibdir. Onu tənzimləyən isə təhsildir.

Təhsildə islahat adı ilə müstəqillikdən bəri neçə ildir, gündə bir şey çıxarırlar: Kurikulum, Baloniya və s. Gül kimi təhsilimiz var idi... Sovet təhsil sistemi... Onu bəyənməyənə  bircə bunu xatırlatmaq lazımdır ki, Sovet təhsil sistemi Nobel mükafatı laureatı Landaunu yetişdirdi. Gündə bir foks çıxarırlar.

“I sinif şagirdinin kitabını başa düşmək üçün gərək ən aşağısı VIII-X sinifdə oxuyasan”

Bir suala:Maraqlıdır, yazıçı sovet təhsil sistemini məhz hansı keyfiyyətlərinə görə üstün tutur?

Bir cavab: “İndi ilə Sovet təhsilinimüqayisə etmək mümkün deyil; Məktəb vardı, savadlı müəllimlər vardı, onlara yaxşı maaş verilirdi. İndi repetitorlar var. Onlar o vaxt yox idilər. Müəllim yalnız zəif şagirdi dərsdən sonra saxlayıb, onunlapulsuz məşğul olurdu. Yaxşı kitablar vardı.

İndi I sinif şagirdinin kitabını başa düşmək üçün gərək ən aşağısı VIII-X sinifdə oxuyasan. Aləm qarışıb bir-birinə. Dərsliklər qarışıqdır. Burada islahatla nəsə etmək mümkün deyil. Özü də təhsil üçün hər cür şərait var. Yüzlərlə məktəb tikilib, təmir edilib. Texnologiya ilə təchiz olunub. Qalır yalnız müəllimlər.

İndi məktəb direktorlarına pul verirlər ki, uşaq məktəbə deyil, repetitor yanına getsin. Amma sonda attestatı elə həmin məktəbdən alır. Bəlkə elə  bunu rəsmiləşdirək ki, repetitora verdiyimiz pulu, həmin o məktəbdəki müəllimə verək? Axı məktəb gözəl mühitdi. Biri var, müəllim kiminsə evində uşaqla məşğul ola, biri də var ki məktəbdə. Məktəb adından da göründüyü kimi böyük bir məktəbdir. Təhsil Qarabağ məsələsi qədər yaralı bir yerdir.

Repetitorluğa bu qədər ehtiyacın hansı boşluqlardan qaynaqlandığını soruşduqda isə yazıçı belə cavab verib:

“Bunun iki səbəbi var: müəllim bolluğu və maaş azlığı.Müəllim bolluğu yarandıqdan sonra maaş azlığı müşahidə olundu. Bu məsələni tənzimləmədilər. O vaxtlar respublikada nə qədər universitet vardı. Hamısı da müəllim buraxırdı. Ona görə də indi müəllimi işə götürəndə imtahan edirlər. Bu, absurd şeydir. Bu adamın diplomu varsa, nə ehtiyac var?! Bu, inamsızlıqdır. Sovet vaxtı müəllimləri imtahandan keçirmirdilər, savadlı da müəllimlər vardı. Qısası, müəllim bolluğu, maaş azlığı yarandı, aləm qarışdı, üz tutdular repetitorluğa. Bunun başqa səbəbi yoxdur”.

“Hamısı davamlı təhsilsizliyin gətirdiyi fəsadlardır”

Bugünün  müəllim-şagird münasibətlərini isə Seyran Səxavət belə izah edib:

“İndi müəllim-tələbə münasibəti qalmayıb. İndi tələbə müəllimdən siqaret istəyir. Artıq bu tərbiyə pozulub. Həmin dəyərlər qalmayıb. Bu da davamlı təhsilsizliyin gətirdiyi fəsadlardır.

Bizim o vaxt yaşadığımız tələbəlik çox gözəl, insani həyat idi. Bu, nostalji deyil. Elə bilməyin ki, o illərin həsrətini edirəm. Sadəcə, indi tələbə həyatı yoxdu. Çünki tələbə yoxdu.

Şagirdlərdən isə son dərəcə nigaranam. Onların gələcəyini yaxşı görmürəm. İnamım çox azdır. Bir tərəfdən də kompüter, internet və s. Çox çətindir. İndi əməlli-başlı irəli durub, papağımızı qabağımıza qoyub düşünməliyik. Təhsilsiz cəmiyyət kimə lazımdır?! Bu, böyük faciədir. Bunu belə qoymaqolmaz.

Valideyn isə heç nə edə bilmir. Bilməyəcək də. Aparıcı qüvvə məktəb, təhsil sistemidir. Əgər valideyn aparıcı qüvvə olsaydı, elə uşaq məktəbə getməz, evdə qalar, dərsini də evdə oxuyardı”.

“Baloniya, tədris üslubu, kollekvium, nəbilim nə... Dilimiz də tutulub”

Dərsliklərə salınan əsərlərə gəlincə isə yazıçının fikirləri belə olub:

“Dərsliklərə elə adamları salırlar ki...Televiziyada, saytda yoldan keçənləri qonaq qismində dəvət etdikləri, yoldan keçəni televiziyaya aparıcı dəvət etdikləri kimi yanaşırlar. İndi dərslik var? Onlar həmişə problemdir. Elə adamların orada yazıları var ki, onu heç öz qonşuları tanımır. Heç arvad-uşağı bilmir ki, bu adam yazıçıdır. Anarxiya, nəzarətsizlik, təhsilsizlik – qısa təsvir belədir.

Təhsilə yenidən başlanmalıdır. Gündə bir hərdəmxəyal məqsədə qulluq edirlər. Baloniya, tədris üslubu, kollekvium, nəbilim nə... Dilimiz də tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları