Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 06:38:31
Nəsib bəy Yusifbəyli müəllimlərin maaşını qaldırmaq istəməyən parlamentə necə qalib gəldi? - TARİX

AzEDU Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hökumətin təhsil sahəsində gördüyü işlərə də mütəmadi toxunacaq.

Xaricə göndərilən 100 Cümhuriyyət tələbəsinin həyatı, Xalq Maarif Nazirliyinin təhsilin inkişafı yönündə gördüyü işlər, Bakı Dövlət Universiteti və başqa elm-təhsil obyektlərinin açılması kimi mövzular bu gün də çox araşdırılmayıb.

Həmçinin, Cümhuriyyət Parlamentinin əksər iclaslarında da təhsil problemlərindən bəhs edilib. Ən çox toxunulan mövzulardan biri də müəllimlərin yaşayış şəraiti və maaşları olub. Bəzən, iclaslara baş nazir qismində qoşulan Nəsib bəy Yusifbəyli deputatlarla mübahisələrdən çəkinməmiş, büdcədə yarana biləcək kasadlığı göz önünə alaraq, müəllimlərin maaşlarının artırılması ilə bağlı qərar vermişdi.

İndi təqdim edəcəyimiz yazıda isə müzakirə obyekti yenə də müəllimlərdir. Müzakirə 1919-cu ilin 17 aprelində, parlamentin sayca 36-cı  iclasında aparılır. Orada müəllimlərlə bağlı deyilən bir neçə maraqlı təklifləri diqqətinizə çatdırırıq.

1919-cu il 12 may… ADR parlamentinin sayca 36-cı iclası… iclasın əvvəlində bir çox məsələlər müzakirə olunub. İndi növbə daha bir vacib problemin-müəllimlərin maaşının azlığı və artırılmasının vacibliyi ilə əlaqədardı. Parlamentin katibi Əhməd bəy Pepinov söz alır:

Qeyd: Materialda natiqlərin dil və üslubu qorunub. İşlətdikləri bəzi ərəb-fars mənşəli sözlər orijinala xələl gəlməsin deyə saxlanılıb. Materialda Azərbaycan Cümhuriyyəti Parlamentinin stenoqramlarından istifadə edilib.  

Əhməd Pepinov: - Təqdim olunan layihə ibtidai, ali-ibtidai, edadi və Bakı politexnik məktəbin müəllimlərinin maaşının artırılmasıdır. İzn veriniz, ibtidailərdən başlayıb sıra ilə başacan oxuyuram. İndiyə qədər ibtidai məktəb müəllimlərinə 435 manat məvacib verilirdi. Özünüz bilirsiniz ki, bu məvacib indiki bahalığa görə heç mənzərəsindədir. Hökumətin layihəsində xalq müəllimlərinə otaq ilə min manat məvacib təyin olunmuşdu. Lakin maliyyə-büdcə komisyonu bunu az görürdü. Çünki bu layihə bir neçə ay bundan əvvəl düzəlibdir. İndi isə keçmişə görə hər şey bahalaşmışdır. Ona görə komisyon bunun azlığını nəzərə alıb, min iki yüz olmasını qət etdi. Bundan çox təklif edənlərdə oldu. Lakin əksəriyyət rəylə min iki yüz olması əhti-qərarə alındı. İzn veriniz layihəni oxuyuram. Layihə belədir, (layihə mətnini oxuyur) xalq müəllimlərinin məvacibləri xüsusunda olan qanun layihəsi komissyonca budur.

Səslər - Hanki aydan.

Əhməd Pepinov: - Bəli unutmuşdum. Bütün bu layihədə göstərilən məvaciblər yanvar ayının birindən veriləcəkdir.

Rəis: - Kim danışmaq istəyir bu barədə. Söz Musa bəy Rəfiyevə verilir.

Musa bəy Rəfiyev ("Müsavat") - Əfəndilər, burada çox söz söylədilər. Yaxşı dedilər müəllimlərin məvacibi artıq olsun, kimsə buna etiraz etməz. Fəqət, əfəndilər, bir az işin gün-günə baxmasıdır. Dedilər ki, bütün Azərbaycan dairəsində on nəfər müfəttiş var, onlara hərəsinə iki yüz - üç yüz manat artırmaqla nə olar. İş bunda deyildir. On müfəttişin hərəsi 250 manat artıq almaqla bir şey olmaz, fəqət, müfəttişi arxasında başqa qulluqçular da var. Hərgah bunlardan hər birinə 200-300 manat artıq verilərsə, o zaman on milyonlar ilə pul edər. Biz görürük ki, müəllimlərin halı fənadır, aldıqları məvacib azdır. Hər zaman müəllimlərin halı nəzərdədir. Lakin ümumi şeyləri nəzərə almalıdır. Qonşularımızın işlərinə baxmalıdır. Gürcüstanda müəllim 800 manat alır. Çörəyin qiyməti də məlumdur ki, buradan bahadır. Sultan Məcid Əfəndinin buyurduğu dörd ay bundan əvvəlkidir. Mən söylədim ki, müəllimlərin məvacibi artırılarkən və ya başqa bir məxaricdə burada qəbul edilərkən xəzinəmizin halı nəzərdə tutulsun”.

Beləcə, Pepinov və Rəfiyevin çıxışlarından sonra parlamentdə ikifikirlilik yaranır. Bəziləri müəllimlərin maaşının mütləq qalxmasını, bəziləri isə bunun hökumət büdcəsinə ciddi ziyan vuracağını düşündü. Mübahisələr getdikcə qızışmağa başladı.

Hökuməti isə həmin parlament iclasında baş nazir Nəsib bəy Yusifbəyli təmsil edirdi. O, söz alaraq, səslənən təklifin dövlət büdcəsi ilə nə dərəcədə adekvat olduğunu vurğulayır:

“Mənə öylə gəlir ki, bu saat məvacibləri artırmaq məsələsi müzakirə edildikdə əvvəl lazımdır ki, bunu fikir etmək. Əvvəl səs verdikdə ibtidai məktəb müəllimlərinin məvacibi artırılsın, başqalarını nəzərdə tutmalıydı. İbtidai məktəblərdən ayağa qədər məvaciblər artırılmalıdır, əgər artırmasanız nizami pozarsınız. İbtidai müəllim ilə müfəttişin fərqi var, maaşlarında da tənasübən fərq olmalıdır. Əgər siz bu fərqi pozsanız, o zaman zənn edirəm, maarif işlərinin intizamını pozmuş olarsınız. Bu nəzərə alınmalıdır. İbtidai müəllimlərin maaşını artırmaqla başqalarında o faizlə artırmalı və məmurlarınınkını da artırmalıdır. Güman edirəm bunu əgər dəyişsəniz o surətdə müfəttiş tapmayacaqsınız. Tamam müfəttişlər istefa verib ibtidai məktəb müəllimi olarlar. Çünki, kənddə maaş daha az olur, iki-üç komplekt olursa, maaş daha artıq olar. Onun üçün bu qərar ilə birlikdə qalanların da qəbul etməlisiniz.

Əhməd bəy Pepinov yenidən söz alır: - Abdulla bəy tərəfindən təklif olundu ki, ali-ibtidai məktəb müəllimi ilə müfəttişlərin maaşı bərabər olsun. Bunun təfavütü beş yüz manatdır. Bunu da dünən komisyon müzakirə edib artırdı. 1500 manatı iki min manat eylədi. Yenə Abdulla bəy söylədilər ki, kargüzar 1600 manat, yazıçıya [564 - 565] 1200 manat, xidmətkara 980 manat verilsin. Bu saat kargüzar 725 manat alır 80% üzərinə artırılarsa, 1500 manat etməz. Bir də mən yenə xəbər verməliyəm ki, müfəttişlər yığıncağı olmuşdur. Keçən dekabrda özləri qəbul etdikləri qərara görə ayda 2000 manat alırlar. Yol məsarifi də 300 manat. Kargüzar 725 manat, yazıçıya 500 manat verilməsi müfəttişlərin özlərinin təklifidir. Nəsib bəyin dediyinə bir qədər artırmaq olar. Bu surətdə qeyrilərininki də artırılır. Doğrudur, bu da kifayət etməz. Maliyyə və büdcə işini nəzərə almalı, komissyon öz qərarı üzərində durub ancaq xidmətkarın məvacibini artırmaq tərəfdarıdır”.

Ən sonda Musa bəy Rəfiyev söz alır: “Möhtərəm məbuslar! Bu məsələdə haman müzakirə etdiyimiz məsələ kimi bir məsələdir. Müəllimlərin maaşlarının azlığını nəzərə alıb, onların məvacibini artırdınız. İndiki qanun layihəsi bütün qulluqçulara aiddir. Bunu hökumət bir-iki ay bundan əvvəl mülahizə edib. Məlumdur ki, [567 - 568] müxtəlif nəzarətlərdə qulluqçular başqa-başqa məvaciblər alırlar. Onun üçün hökumət bir heyət təşkil etmişdi. Haman heyət qulluqçuları bir neçə dərəcəyə bölmüşdür. hər dərəcəyə bir maaş təyin etmişdi, o maaşlar ki, hökumət təklif etmişdi, onların bir çox qüsurları var idi. Bunu komisyon hökumətə geri qaytardı. Qulluqçuların müşkül halını nəzərə alıb hökumət müvəqqəti qanun tərtib vermişdir. Belə qulluqçulardan az məvacib alanlara çox maaş verilsin, çox alanlara az. Məsələn, orada deyilirdi ki, 500 alanlara 90 faiz artırılsın, komisyon isə 550 manat alanlara 90 faiz, 1000-dən 1300-dək 75 faiz, 1200-dən 1500-dək 70 faiz, 1500-dək 60 faiz, 2000-dən 2500-dək 50 faiz etmişdir. Bu qanunda bir qeyd var, bu ildə maaşları artırılanlara və parlaman tərəfindən təsdiq edilən maaşları olanlara bu qanunun dəxli yoxdur. Bir də bu maaşların mart ayının əvvəlindən artırılacağı qanunda göstərildi. Fəqət, komisyonun bu barədə rəyi başqa idi. Komisyon qərar qoymuşdu ki, maaşlar yanvarın əvvəlindən artırılsın. Fəqət, Novruz bayramı üçün verilən müavinəti-nəqdiyyə çıxılsın. Hər iki tərəfin qərarını sizə söyləməyə məcburam. Bu ayda təxminən 7-dən 8 milyonadək 5 ayda 40 milyon təfavüt eləyir. hər gah 3 ay verilsə, onda 23-24 milyon təfavüt edir. Bunuda əlavə edirəm ki, hökumət qulluqçularının doğurdan da halları çox fənadır, aldıqları məvacib kifayət etmir. Komisyon tərəfindən bu qanunun təcili surətdə qəbul edilməsini təklif edirəm”.

P.S. Bu, sonunu çıxış olur və Nəsib bəyin qətiyyəti qalib gəlir.