Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 15:40:00
Çində oxumaq  istəyənlərin  ən çox  verdiyi suallara - Cavablar  

Çin keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.

AzEdu.az2019/2020-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində  Çin Xalq Respublikasında (ÇXR) təhsilə dair  sual və cavabları təqdim edir:

-HökumətlərarasıTəqaüd Proqramları çərçivəsində ÇXR-da təhsil hansı dildədir?

- Çin ali məktəbləri tədris dili kimi çin dilinə üstünlük verir. Lakin müəyyən ÇXR ali məktəblərində tədris dili ingilis dilində olan proqramlar da mövcuddur.

-Çin dili bilməyən tələbə çin dilində ÇXR ali məktəblərində təhsil ala bilər?

- Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ÇXR ali məktəblərinə qəbul olunan tələbələr oxuduğu ixtisasdan asılı olaraq 1 və ya 2 il müddətində çin dili üzrə hazırlıq kursu keçirlər. Hazırlıq kursu müddəti bitdikdən sonra tələb olunan dil səviyyəsinə malik olmayan tələbələr təhsil almaq imkanından məhrum olurlar.

-ÇXR ali məktəblərində çin dilində təhsil almaq üçün hər hansı dil sertifikatı tələb olunur?

- Çin dilində təhsil almaq üçün müraciət edən namizədlər müvafiq dil biliyini sübut edən sertifikat (HSK) təqdim etməlidir. Çin dili üzrə hazırlıqda təhsil alacağı təqdirdə, ingilis dili üzrə orta səviyyədə (IELTS 5.0 və ya təhsil səviyyələrindən birində ingilis dilində təhsil aldığına dair arayış) dil biliyinə sahib olunmalıdır.

-Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ÇXR ali məktəblərinə qəbul necə həyata keçirilir?

-İlk növbədə ÇXR ali məktəblərinə qəbul üçün müraciət olunan təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlər müvafiq qaydada göstərilən tarixə qədər Təhsil Nazirliyinin elektron ərizə sisteminə yüklənir. https://www.app.htp.edu.az/

Müsabiqə zamanı tələb olunan bütün sənədləri (müraciət olunan təhsil səviyyəsi üzrə) müvafiq qaydada təqdim etdiyiniz və Təhsil Nazirliyi tərəfindən keçirilən müsahibədə uğur qazandığınız təqdirdə sizin namizədliyiniz Çin tərəfinə göndərilir.

Yekun nəticənin isə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən 2019-cu ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

-“Elektron Ərizə Forması”nda neçə universitet seçimi etmək mümkündür və yerləşdirmə necə aparılır?

-Namizədlərə ÇXR Təqaüd Proqramında iştirak edən universitetlərdən  üçünü seçim etmək imkanı verilir. Universitetə yerləşdirmə ÇXR tərəfindən aparılır və “Elektron Ərizə Forması”nda təhsil almaq üçün seçilən 3 universitetdən birində yerləşdirilir.

-Müraciət üçün tələb olunan sənədlərdən bəzilərinin ingilis dilində və notariat qaydada təsdiqi istənilir. Sənədlərin (diplom və əlavəsi, hərbi bilet) əslini olduğu kimi skan edib göndərsəm, tərcümə və təsdiqli formasını isə müsahibəyə gələrkən özümlə gətirmək mümkündür?

-Xeyr, bu mümkün deyil. Sənədlərin müvafiq qaydada göndərilməsi vacibdir. Sənədləri natamam olan və ya tələb olunan formada göndərilməyən ərizəçinin müraciəti barədə rəyin verilməsi mümkün olmayacaq və bu haqda məlumat verilməyəcəkdir

-Müraciət edərkən DİM (TQDK) balımı təsdiqləyən arayışa ehtiyac var?

- Xeyr, DİM balınızı sistemdə yazmağınız kifayətdir.

-Təqdim etməli olduğum sənədlər arasında qeyd olunan tövsiyə məktubu necə olmalıdır?

- Namizədlər tövsiyə məktublarını istəkləri üzrə iş yerlərindən və (və yaxud) təhsil aldıqları/məzun olduqları təhsil müəssisələrindən ala bilərlər. Məktublar imza və möhürlü təqdim olunmalıdır.

-Hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Hansı sənədlər əsasında müraciət edə bilərəm?

- Hazırda oxuduğunuz ali məktəb tərəfindən verilən təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz (ingilis dilində).

-Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi bileti təqdim etməliyəm?

- Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunan surətini təqdim etməlidirlər.

-Çin ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyinə dəvət olunan namizədlərlə müsahibə hansı dildə aparılır?

- Əgər müraciət edən şəxs ingilis dilində tədris olunan proqrama müraciət edibsə, ingilis, digər hallarda müsahibə Azərbaycan və ya çin dilində aparılır.

-Müraciət etdiyim təhsil səviyyəsindən bir öncəki təhsilimi (bakalavriat və ya magistratura) tam ingilis dilində almışam. Bu halda IELTS və ya TOEFL dil sertifikatı təqdim etməliyəm?

- Əgər müraciət etdiyiniz təhsil səviyyəsindən bir öncəki təhsil səviyyənizi (bakalavriat və ya magistratura) (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində bitirmisinizsə, müvafiq sübutedici sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır. 

-SAT nəticəm var, Çin təqaüd proqramına müraciət edə bilərəm?

- Bəli. DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;

-Bakalavriat təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?

- Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır. Bunun üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilən “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda öz ixtisas qrupunuza uyğun olan ixtisası seçə bilərsiniz.

-DİM imtahanında 390 bal toplamışam, Çin təqaüd proqramına müraciət edə bilərəm?

- Xeyr. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriata tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.

-Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?

-“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında oxuyanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili vərezidenturada (internaturada) oxuyanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.

-Bundan öncəki təhsilimi xaricdə almışam, diplomun nostrifikasiyasına dair sənəd təqdim etməliyəm?

- Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldəetməmisinizsə, ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://ani.edu.gov.az/

Əgər diplomunuz hazırda Akkreditasiya və Nostrifikasiyaİdarəsinda icra prosesindədirsə, icra statusu barəsində elektron sistemdə şəxsi kabinetinizdən çıxarış (“screenshot”) təqdim etməlisiniz.

Dövlət hesabına bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə Çin təqaüd proqramına təkrar müraciət edə bilərəm?

- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən, Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm?

-Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılan şəxslərə şamil edilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları