https://www.zirve.edu.az/
22.01.2019 14:40
Alimlərin müdafiə işlərinin  asanlaşdırılması nələri  dəyişəcək? – Prorektordan ətraflı izah  

17 yanvarda Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində keçirilən Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında dissertasiyalarla bağlı çıxış edib.

F.Əliyeva çıxışı zamanı qeyd edib ki, dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.

“Sovet dövrünü dəqiq deyə bilmərəm, amma müstəqillikdən sonra müdafiə prosesində müdafiə zamanı geri qaytarılan və ya düzəldilməsi təklif edilən müdafiə prosesi xatırlamıram”Prorektor Elçin Süleymanov

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında, professor Fərəh Əliyevanın dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək fikrini bir universitet əməkdaşı kimi dəstəklədiyini qeyd edib. O, bildirib ki, PhD dərəcəsi proqramının Boloniya prosesini də diqqətə alaraq,  forma və məzmunu yenilənməlidir:

“Azərbaycan ali təhsildə illərləBoloniya prosesi qaydalarını əsas götürərək, bakalavr və magistratura pilləsini Avropa ilə uyğunlaşdırıb.Demək olar, əksər universitetlərimiz bu prosesi tətbiq edir.Doktorantura pilləsində isə dünyanın əksər ölkələrində tətbiq edilən PhD sistemi iləbizim istifadə etdiyimiz model arasında müəyyən fərqlər var. Bu fərqlərin aradan qaldırılması üçün Avropa Komissiyasının qrantı ilə “Nizami” layihəsi həyata keçirildi və bu sistemin təkmilləşdirilməsi ilə bağlı əlaqədar təşkilatlara bir sıra təkliflər verildi”.

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

“Doktorantura təhsili bir çox ölkədə təhsilin bakalavr və magistraturadan sonra sonuncu,ən ali pilləsidir.Bu pillədə proqram,müəyyən kredit,spesifiq və tətbiqi dərslərlə toplanıldıqdan sonra dissertasiya işi müdafiəsi ilə tamamlanır.Yəni doktorantura tələbələri, əvvəlcə bu dərəcəni almaq üçün ilk il 8-10 ixtisas və tədqiqatyönümlü dərslər keçirlər. Digər iki il dissertasiya yazılması və müdafiəsi prosesinə  ayrılır. Eyni zamanda dissertasiya ilə əlaqədar ciddi elmi nəşrlər tələb olunur. PhD elmi dərəcəsi alanlara,elmmetrik göstəriciləri və akademik fəaliyyət müddəti nəzərə alınaraq mərkəzi və ya universitet elmi şurası tərəfindən elmi adlar verilir”, - deyə prorektor əlavə edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev keçən ilin dekabr ayında“Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

- Sərəncəma əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

E.Süleymanov bu istiqamətdə mühüm əhəmiyyətə malik yeniliklərdən bəhs edib. Onun sözlərinə görə, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqda ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması lazımdır:

“Eləcə də, vahid elektron  informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsininaparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir”.

Prorektor dissertasiya istiqamətindəki təkliflərini də sadalayıb:

-sistemin müasir universitetlərdəki tətbiq mexanizmi öyrənilməli və tətbiq edilməlidir.

-doktorantura səviyyəsində təhsil proqramına akademik yazı bacarıqları, tədqiqat metodları fənləri, elmi tədqiqat aparılmasına köməklik edən müasir kompüter proqramları öyrədilməlidir.

-müdafiə prosesində sənədləşmə azaldılmalıdır.

-dissertasiyaların mövzusu seçilərkən tələblər sərtləşdirilməli və elmi-innovativ yeniliklər şərt olaraq qoyulmalıdır.

-müdafiədən əvvəl dissertasiya mövzusu ilə əlaqədar baza indeklərinə daxil edilən elmi jurnallarda nəşr məcburiyyəti tətbiq edilməsi həm işin keyfiyyəti, həm də Azərbaycan elminin dünyada daha da inkişafı üçün faydalı olardı.

-dissertasiya şuralarını, daha azsaylı və bu sahənin mütəxəssislərindən ibarət formalaşdırılmalı, müdafiə şəffaf və obyektiv olmalıdır.

-əgər dissertasiya işi natamamdırsa, mütləq tamamlanması üçün əlavə vaxt verilməli və tamamlandıqdan sonra müdafiə edilmədiyinə qərar verilməlidir.

“Müdafiə edilən iş tamamlanan, mütəxəssislərin müsbət qiymətləndirdiyi işlər olmalıdır. Bu zaman dissertasiyalar arxiv üçün yox, elm və cəmiyyət üçün faydalı olar”.

Elçin Süleymanov bildirib ki, müdafiə zamanı geri qaytarılan və ya düzəldilməsi təklif edilən müdafiə prosesi xatırlamıram. Onun sözlərinə görə, son müdafiələr formal xarakter daşıyır:

“Sovet dövrünü dəqiq deyəbilməyəcəm, amma müstəqillikdən sonra müdafiə prosesində müdafiə zamanı geri qaytarılan və ya düzəldilməsi təklif edilən müdafiə prosesi xatırlamıram.Bu proses bizdə kafedra müzakirəsi və seminar müdafiəsi mərhələsində olur.Amma son müdafiələr, etiraf edək ki, formal xarakter daşıyır. Müdafiə prosesində iddiaçı nə qədər tənqid edilsə də, yekunda müdafiəsinə, səs birliyi və ya səs çoxluğu ilə qərar verilir.Daha sonrakı prosesdə Ali Attestasiya Komissiyası təsdiq mərhələsi zamanı yenə də problemlər yarada bilir.Məncə, dissertasiya müdafiəsi prosesi bir qədər sadələşsə və elmmetrik alətlərlə ölçüləbilsə, son mərhələyə daha təkmil iş gəlib çatar. Son müdafiə prosesində sahənin mütəxəssisləri irad və təklifləri ilə natamam olan işləri təkrar düzəldilməsi və təkmilləşdirilməsi üçün geri qaytarılmalıdır. Müdafiə edilən iş tamamlanan, mütəxəssislərin müsbət qiymətləndirdiyiişlər olmalıdır.Bu zaman dissertasiyalar arxiv üçün yox, elm və cəmiyyət üçün faydalı olar. Beləcə, bu elmi yeniliklər ölkənin iqtisadi inkişafına da töhfə verəbilər”.