https://www.zirve.edu.az/
17.01.2019 13:42
Fərqli tədris metodunu quran, gələcək dahilər üçün şirkət yaradan müəllim: “1000  nəfərdən kimsəni  işə götürmədim” -MÜSAHİBƏ

Ceyhun Cabbarov: “Amerikada imtahanda başqasından köçürmək tələbəyə ən pis xarakter kimi aşılanır. Azərbaycanda isə“bacarana can qurban””

İndi isə müsahibimiz barədə...

DOSYE:Ceyhun Cabbarov Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) Fizika üzrə bakalavr təhsili aldıqdan sonra, magistr və doktorantura təhsilini Science Education sahəsində davam etdirir.

Science education fənn elmlərinin tədrisini və düzgün pedaqogikasını öyrənən xüsusi sahədir.

Bakıya qayıtdıqdan sonra özəl məktəblərdə və Azərbaycanın ən qabaqcıl alitəhsil müəssisələrində, indiki Bakı Mühəndislik Universitetində, UFAZ və ADA Universitetində müəllim kimi dərs deyib.

Hazırda ADA və Baku Oxford School-da Fizika müəllimi kimi çalışır və şagirdlərə uşaqlıqdan mühəndisliyin öyrədilməsi ilə məşğul olan şirkətin (Engineering for Kids) rəhbəridir.

O, fərqli tədris metoduna görə ADA-da tələbələrin sevimli müəllimlərindən hesab olunur.

AzEdu.az Ceyhun Cabbarovla müsahibəni təqdim edir:

Azərbaycanda müəllim modeli:“O, müqəddəs elm qaynağıdır, hər şeyi bilir və günəş kimi bütün tələbələri aydınlığa çıxarır”

-Öncə,“Science education” haqqında danışaq...

-Dünyada Fizika və bu kimi fənləri necə öyrətməyi tədqiq edən xüsusi bir sahə var. Bu sahədə son 50-60 ildə tədqiqatlar aparılıb. Oxuduğum dövrdə Azərbaycanda heç kimin bundan xəbəri yox idi. Bizdəki standart müəllim modeli ilə müasir dünyadakı model çox fərqlidir. Cəmiyyətimiz elə düşünür ki, müəllim müqəddəs elm qaynağıdır, hər şeyi bilir və Günəş kimi bütün tələbələri aydınlığa çıxarır.

Keçmiş dövrlərdə tələbə üçün hər hansı məlumatı əldə etmək çox çətin idi. İndi elə bir zamanda yaşayırıq ki, ev tapşırıqlarını belə“Google”dan tapa bilirsən.

Müəllim kimdir? Məsələn, 100 səhifəlik kitabı oxumaqçün 4-5 saat vaxtını ayırmalısan. Müəllim isə sənə 100 səhifəni 1 saat yarıma izah edir. Müasir metodlarda, yalnız müəllim deyil, şagird də danışır. Hətta elə metodlar var ki, orda müəllim ümumiyyətlə, heç nə demir.

Xarakteri ciddi olan və tələbəni dost olaraq görməyən müəllimin düşüncəsi: “Ayıbdır, mən professor adamam, yekə kişiyəm”

-Sizcə, tələbə üçün hansı daha faydalıdır: Ciddi, tələbkar, yoxsa səmimi müəllim?

-Müəllimlik karyerama ilk dəfə Türkiyədə başladım. Türkiyənin özündə də bu sahədə problemlər var idi. Getdiyim yerdə məni fərqləndirməyə başladılar. Bir şeyi öyrəndim ki, uşaqlarla səmimi, dost olan insan onların sevgisini qazanır. Müəllimlik elə bir işdir ki, ciddi, tələbkar olanda tələbənin səndən zəhləsi gedir. Yola verəndə də, səni sevirlər, amma onlara heç nə öyrətmiş olmursan. Elə müəllim var ki, çox ciddidir və nə qədər də istəsə, “ayıbdır, mən professor adamam, yekə kişiyəm” deyərək, belə şeylərə yaxşı baxmır. Lakin bəzilərinin müəllimlik ümumiyyətlə, işi deyil. Hamı məktəbdə oxuduğuna görə müəllim haqqında hamının anlayışı var. Ona görə də yeri gələndə hamı müəllimi tənqid edə bilir.

Müəllim diplomunu ala bilərsən, amma o sənət sənlik olmaya bilər. Təhsil həyatımda heç nə öyrənə bilmədiyim müəllimlər olub. Pis müəllimlər mənimçün örnək olublar. Onu niyə sevmədiyimi düşünməyə başlayıb özümə görə müəllim xarakterini formalaşdırmışam.

Ölkədə SMM və digər “mütəxəssis”lərin artım səbəbi: Onsuz da oxumaq istəməyən tələbə, imtahandan bir gün əvvəl nəyi var dərsi əzbərləyir. Yaxud köçürməyin bir yolunu taparaq imtahanı yola verir”

-Bakıya qayıtdıqdan sonrakı dövrün xülasəsini öyrənək...

-Bakıya qayıtdıqdan sonra keçmiş Qafqaz Universiteti və UFAZ-da dərs keçmişəm. Hazırda ADA-da çalışıram.

Bu universitetlərdə təhsil daha ön plandadır. Buna baxmayaraq,bəzi tələbələr həmişə qısa yoldan dərsi yola vermək istəyir. Problemin əsas səbəblərindən biri şagirdin məktəbdə oxuyan zaman düzgün yönləndirilməməsidir. Universitetə gir, hər şey əla olacaq sözünü o qədər deyirlər ki, şagird hər şeyin bundan sonra super olacağını zənn edir. Universitetə daxil olanda, artıq missiyasını tamamladığını düşünür. Müəllim hər gün dərs oxumaq lazım olduğunu deyəndə tələbə qalır baxa-baxa ki, mən hara gəlmişəm. Bəs deyirdilər, hər şey əla olacaq?! - Əksər tələbədə bu hal müşahidə olunur. Əlavə olaraq, universitet də yaxşı təhsil vermirsə, bu, artıq fəlakətdir.

Heç bəyənmədiyim metod isə tələbəyə filan sayda sualı verib əzbərləməsini və onları cavablandırmasını gözləməkdir. Sanki ancaq sənin əzbərləmə səviyyəni ölçürlər. Bu təkcə bizim problem deyil. Bir çox ölkələrdə də eyni tendensiya var. Nəticədə problemi həll etmək üçün tədqiq etməyə başladılar.

Onsuz da oxumaq istəməyən tələbə, imtahandan bir gün əvvəl nəyi var, dərsi əzbərləyir. Yaxud köçürməyin bir yolunu taparaq imtahanı yola verir. Nəticədə, ölkədə hamı SMM, yaxud bir sahənin “mütəxəssisidir”. Çünki zamanında heç kim ixtisası üzrə oxumayıb. Universitet ona lazım olan bilgiyi vermədiyinə görə kim harda çörək varsa, o işə yönəlməyə başladı.

Ali məktəbə yeni qəbul olunan tələbə modeli: “3 il hər şeydən məhrum olanabituriyent universitetə daxil olan kimi özünü, beynini qəlyan, playstation və ya alış-verişə kökləyir”

-Ceyhun bəy, çalışdığınız hər 3 universiteti təhlil etməyinizi istərdim...

-İndiki Bakı Mühəndislik Universitetinin (köhnə Qafqaz Universiteti)problemi şəhərdən uzaq olmasıdır. Dərs 18:00-da bitirsə, evə 21:00-da çatan tələbələr olur. Tələbənin 3 saata yaxın zamanı yolda keçir. Bundan əlavə, dərslər arasında boşluq yaranardısa, universitet Xırdalanda olduğuna görə tələbə Bakıya gələ bilmir. Düşünür ki,elə bu zamanın bir saatı yola gedəcək. Şəhərdə yerləşən universitetlərdə isə tələbə boş zamanında kursa gedə bilir və ya digər nələrləsədə məşğul olur. Beləliklə, özünün sosial inkişafı üçün də şərait yaranır.

Orada avadanlıqlar var idi, kampus deyilən sistem mövcud idi. Tələbə boş vaxtlarında gəzə, hava ala bilirdi. Buranın müəllim kollektivi də gözəl idi. Elə özüm də sırf uzaq olduğuna görə BMU-dan ayrılmalı oldum.

UFAZ tələbələri Ceyhun Cabbarovun gözü ilə: “Survivor” – bütün çətinliklərə baxmayaraq sağ qalmış şəxs.

UFAZ Fransanın Strasburq Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə layihəsidir. Bura Fransadan professorlar gəlib, tələbələrə dərs keçirlər. Ancaq bu ali təhsil müəssisəsində oxumağın da bir sıra çətinlikləri var. Əvvəla, tələbəyə gələn kimi Fizika, Riyaziyyat, ingilis və fransız dilləri keçirilməyə başlanılır. Dərs sayı istər-istəməz çoxalır. Tələbə səhər 08:00-dan axşam 16:00-a qədər dərsdə olur. Bu qədər saat dərsdə olan tələbənin təbii olaraq, beyni “yanır” (gülür). Ya gedib evdə yatmağı, ya da bu qədər tapşırığı necə çatdıracağınıdüşünür. UFAZ şəhərin mərkəzində yerləşməsinə baxmayaraq əlavə məşğuliyyətlərə vaxt qalmır. UFAZ-ın tələbələrini “survivor”(sağ qalmış) adlandırıram.

İşçi axtaranların nəzərinə: “Əgər sizə stressə dözümlü işçi lazımdırsa, nəzərə alın ki, UFAZ-ın tələbələrində bu cəhət xüsusilə inkişaf edib”

Burada sona qədər oxumağı bacaranların gələcəkdə CV-lərinə“stressə dözümlülük” dərəcəsi qeyd edə bilərlər (gülür). Əgər stressə dözümlü işçi lazımdırsa, UFAZ-ın tələbələrində bu cəhət xüsusilə inkişaf edib. Hətta bəzən Fransadan müəllim gələrək 2 həftədə 5 həftəlik material dərsi keçib gedir. Tələbələr də bu dərsləri öyrənməyə başlayırlar.

Kiminin xəyalı, kiminin kabusu:ADA Universiteti, sessiya imtahanlarından minimal keçid balı 70.

Qeyd: Digər ali məktəblərdə keçid balı 51 olaraq müəyyənləşdirilib.

ADA məkan olaraq çox ideal yerdə yerləşir. Ali məktəblərdə ən diqqət etdiyim məsələ kampusun yaşıllıq içində qurulmasıdır. Türkiyədə ODTÜ-də böyük meşə Ankaranın yaşıllığının 10-da birini təşkil edirdi. Meşədəki gölün ətrafında tələbə piknik edə bilirdi. Sırf bu yaşıllığa görə dərslərini oxumayanlar, meşəlikdə itib- batanlar olurdu(gülür). Bu insana psixoloji baxımdan çox müsbət təsir göstərir. Bizim fakültənin qarşısında “ODTÜ çimləri” deyilən ot sahəsi var idi. Bakıdakılardan fərqli olaraq, otun üzərində otura bilirdik.

Xaricə belə getsəniz, ADA Universitetindəki səviyyədə dərs alacaqsınız. Bizim əsas hədəfimiz uşaqların məntiqi təfəkkür, düşünmə bacarığının inkişaf etdirilməsinə yönəlib. Amma uşaqlar “100 sual verin, əzbərləyək” deyirlər. Onlar düşünmək istəmirlər. Çünki 11 il bu cür yetişiblər.

ADA-da bir tələbə üçün hər şərait yaradılıb. Lakin burada təhsil almaq o qədər asan deyil. Məsələn, minimal keçid balı 70-dir. 69 yığdınsa,kəsir hesab olunur.

Universitetə qəbul olunan yüksək ballı tələbəyə ilk zərbə:“Abituriyent 700 bal toplayıbsa, onun super zəkaya sahib olduğunu deyə bilmərik. Həmin tələbənin qiyməti universitetdə aşağı düşəndə, şok keçirir”

-İndi isə hər 3 ali məktəbin tələbələrini birləşdirən məqamlardan söz açaq..

-Çalışdığım ali məktəblərdə universitet zamanı tələbənin düşüncəsini dəyişməyin çətin olduğunu gördüm. Oğlanlar  birinci kursa 3 il universitetə hazırlaşıb hər şeydən məhrum olmuş şəkildə gəlirlər. Bu səbəbdən, qəlyan, playstationla məşğul olurlar. Qızlar da təqaüdalan kimi “shoppinq”ə qaçırlar. Tələbə kimi işləyəndə də dərs arxa planda qalır.

Dediyim 3 universitetdəki ən böyük problem odur ki, bu ali məktəbləri adətən yüksək bal toplayan tələbələr seçirlər.Onlar həyat boyu müvəffəq olmağa öyrəşiblər. Halbuki DİM balı əzmkarlığın, çalışqanlığın göstəricisi ola bilər. Tam olaraq savad göstəricisi hesab olunmur. Abituriyent 700 bal toplayıbsa, onunsuper zəkaya sahib olduğunu deyə bilmərik. Həmin tələbəninqiyməti universitetdə aşağı düşəndə, şoka düşür.

Şagird mayda imtahan verir, sentyabrda da dərslər başlayır. İllərdir, edəbilmədikləriniiyul-avqust aylarında eləyir. Dərsə beyni tamamilə fərqli modda gəlir. Xüsusilə də bu 3 universitetdən birinə daxil olubsa, 1 il foundation(ingilis dilinin öyrədilməsi) keçirlər və 600 baldan yuxarı bal toplamış abituriyentdən əsər qalmır. İmtahanı 3 gün sonra yenidən eləsən, ballar nə qədər aşağı düşər. 

-Azərbaycan universitetlərində kütləvi şəkil alan tendensiyalar hansılardır?

-Universitetərdə kağız-kuğuz işi çoxdur. Hər gün dərsdə jurnal yazırsan,hansı ki o jurnalda səhv etmək, ağardıcıdan istifadə etmək olmaz. Xaricdə bu elektron sistemlə tənzimlənir. Uşaq 3 dəqiqə gecikir, qaib yaz və s. kimi məsələlərə vaxtımız çox gedir. Digər problem müəllimlərin köməkçilərinin yoxluğudur. Xaricdə müəllimlərin assistentləri olur. İmtahanın nəticələrini, ev tapşırıqlarını yoxlamağa müəllimin vaxtı çatmır. Bu zaman həmin köməkçilər ona bu işdə yardım edirlər.

Amerikada bir müəllimin 8 saat dərsi olur. Ev tapşırıqlarının və imtahanların yoxlanması da köməkçilər tərəfindən həyata keçirilir. Bizdə müəllimin yükü daha çoxdur.Xatırlayıram, 24 saat dərs dediyim vaxt olub. Bu, müəllim üçün yaxşı hal deyil.

Özüm tələbə olduğum illəri yada salaraq empati qururam. Bəlkə də bu qədər sevilməyimin səbəbi məsələlərə tələbələrimin gözüylə baxa bilməyimdir. Məsələni yeri gələndə avara və oxuyan tələbənin gözüylə görə bilirəm.

Deviz:“Keep it simple”- sadə düşün.

-Fərqli tədris metodu ilə tələbələrin sevgisini qazanmağı bacarmısınız. Bu metodda nələr öz əksini tapıb?

- Tələbələrimə hər zaman “Keep it simple”, yəni sadə düşünün deyirəm. İmtahanda saldığım sualların həlli 2, və ya 3 sətir olur. Mühəndis üçün önəmli olan analitik düşüncə qabiliyyətidir. Qarma-qarışıq riyazi və çətin sualın həlliyolunu əzbərləmək lazım deyil. Mühəndis əlində olanlarla işin içindən çıxmağı bacarmalıdır.

OTDÜ-da təhsil almağa bir məktəbdən 15 nəfər azərbaycanlı getmişdik. Onlardan, sadəcə mən müəllim oldum. Yerdə qalan çoxumühəndisliyi seçdi. Onların nə əziyyətlərlə imtahanlardan keçdiklərinin şahidiyəm. İndi soruşanda ki, oxuduqlarınızdan istifadə edirsiniz, cavabları “yox” olur.Sırf bu səbəbdən də tələbələrimə dərsləri maksimum sadə dildə izah etmək və sadə, məntiqisuallar verməyə çalışıram. Onlara həlliniz 2-3 sətirdən çox olursa, deməli səhv edirsiniz deyirəm (gülür).

Azərbaycanlı tələbələrdə xüsusi istedadlı olmağın göstəricisi:“İmtahanlarda başqasından köçürə bilmək”

-Bir az da valideyn, tələbə və universitet üçbucağı barədə...

-Ən məsuliyyətli peşə valideynlikdir. Valideyn pis olacaqsa, övlad da pis olacaq. Bu da həndəsi silsilə kimi cəmiyyətdə problem yaradır.

Bəzən sistemimizdə 2  Günəşin olduğunu və bu kimi qəribə fikirləri səsləndirən insanlar olur. Özü də bunu deyən 40 yaşlı biri və kiminsə valideynidir.İnsana qəribə gəlir ki, adamın Günəş sistemi, haradan gəldiyimiz barədə heç bir təsəvvürü yoxdur.

Bu düşüncələrlə yetişən valideyn uşağın oxumağını yox, imtahandan keçməyini istəyir. Özü də deyir ki, bir yaxşılıq edin. Deyirəm, bu yaxşılıq deyil, övladına pislik edirsən. Uşaq bunu bilmirsə, əlinə mühəndis diplomu alsa, nə olacaq? İşini bilməyənlər vəzifəyə gəlirlər və vəzifəni pis icra etdiklərinə görə sistemdə problemlər yaranır.

ADA-ya başlayanda şərəf kodeksi üzrə and içmə mərasimi olur. Heç kimdən heç nə köçürməyəcəyinə şərəfinin üzərinə and içirsən. Hippokrat andını içib camaatı kəsib-doğrayan həkimlər olduğu kimi, bu anda da əməl etməyənlər olur. Köçürmək məsələsi bu universitetlərdə olmamalıdır. Hansısaali məktəbdə müəllim mənasız şeyləri əzbərlətdirib bunları tələb edirsə,o zaman tələbəyə haradasa haqq qazandırmaq olar. Azərbaycanda isə köçürə bilirəmsə, deməli, xüsusi istedadlıyam deyə düşünürlər. Bəs, məzun olandan sonra işə girəndə kimdən köçürəcəksən? UFAZ-da buna aid xüsusi dərs var:“Dərsi necə oxumalı?”adlanır.

Cem Yılmazın təhsilə aid deyimini xatırlayıram.Həm gülməli, həm də düşündürücüdür. Deyir, 20 il təhsil alırsan. İş həyatına atılanda, 20 il oxuduqlarını unutmalısan ki, həqiqi həyatın beləolmadığını görəsən.

Təhsilə ayrılan 15 ildə təbliğ olunan deviz : “Köçürməyin üstünlüyü, köçürməyə şərait yaratmağın məcburiyyəti”

“Tələbələrimdən biri Amerikaya getmişdi. İmtahan zamanı 100 nəfər tək-tək partalarda oturur. 1 nəzarətçi olur.  Tələbəm deyir ki,sualların cavabını yazıb bitirəndən sonra kiməsə kömək lazım olar deyə ətrafa boylandım. Heç kəsin mən tərəfə baxmadığının şahidi oldum. Onlara uşaqlıqdan kimdənsə köçürməyin ən pis xarakter olduğu aşılanıb. Bizdə isə “bacarana can qurban”adıyla uşaqları bu cür yetişdirirlər. Bununla qürur duyan tələbələrimiz belə var.

Hətta Amerikadakının tam əksinə, bizdə köçürməyə imkan verməyənə pis baxırlar. Beləliklə, oxuyan tələbəyə belə ömrünün 15 ili yanlış düşüncələr təbliğ olunur -Köçürməyin üstünlüyü və köçürməyə şərait yaratmağın məcburiyyəti. Ömrünü ondan-bundan köçürməklə keçirən insan işini də bu yolla həll etməyə çalışır. Problemin həll olması üçün həm Təhsil nazirliyi, həm məktəb, həm də bağçalar bu işin üstünə ciddi düşməlidirlər.

3 universitetdə dərs deyəndən sonra gördüm ki, ali məktəb bəzi şeylər üçün artıq gecdir. Hazırda uşaqlara mühəndisliyin sirlərini və analitik düşünməni öyrədən şirkətim var. 4 yaşdan 14 yaşa qədər onlara mühəndislik dərsləri keçirik. Uşaqlar kiçik yaşdan düşünməyi, səhv etməyi öyrənirlər” – deyə əlavə edib.

-Doğurdanmı, azərbaycanlı tələbələr özlərini inkişaf etdirməyin vacibliyini çox gec dərk edirlər?

-Tələbə Azərbaycan Dillər Universitetində 4 il oxuyur, sonda ingilis və ya başqa dildə danışa bilmir. Bu həm tələbənin məsuliyyətsizliyidir, həm də universitet rəhbərliyi bunun üzərində düşünməlidir. İnsan psixologiyası günah keçisi axtarmağı sevir. Öyrəşmişik ki, hər günahı ali məktəblərin üzərinə ataq. Dünyada təhsil sistemi əla olan çox az ölkə var. Onlar da daha çox öz ölkəsində fayda verə bilir.

Bizim dərsdə semestrın son hissəsini mən keçmirəm. Tələbələrə tapşırıq verirəm ki, dərsi özləri öyrənsinlər. Çox sevdiyim müəllimimin dediyi ifadə hələ də yaddaşımdadır:“Yaxşı müəllim zamanla ona ehtiyac duyulmayan müəllimdir”. Müəllimin ən böyük missiyası öyrətməyi öyrətməkdir. Çünki zaman dəyişir, texnologiya durmadan inkişaf edir. Bu gün öyrətdiyin proqram, sabah istifadə olunmaya bilər. Amma tələbəyə öyrətməyi öyrətsək, əlində olan resurslarla nəyi, haradan taparaq öyrənəcəyini biləcək.

Tələbələrlə dost kimi davranırıq. Bu, içdən gələn bir şeydir. Uzun dərslərdə arada şou tipli nələrsə olmalıdır ki, uşaqlar dincəlsin. Yeri gələndə bir neçə nümunəni özümün və ya tələbənin üzərində göstərirəm. Görürsən ki, heç oxumayan tələbə belə feysbukda/whatsappda paylaşmaq üçün telefonu çıxarıb çəkir və o anı diqqətlə izləyir. Hər dərsə maraqlı elementlər qatmağa çalışırıq. Tələbə olanda bəzi müəllimlərim elə dərs keçirdi ki, yatırdım. Gördüyüm pis və yaxşı müəllimlər əsl müəllim modeli formalaşdırmağımda mənə örnək oldular.

-Fizikanın həyati və insanı düşünməyə vadar edən tərəflərini tələbələrə necə izah edirsiniz?

-Qələmi atırıq və bir müddətdan sonra qələm dayanır. Aristotel gördü ki,  ətrafdakı hər şey dayanır. Və beləcə kainatdakı hər şeyin dayanmağa meyilli olduğunu iddia etdi. Normada bu çox məntiqli cümlədir. 2 min ilə yaxın əsas düşüncə də məhz bu olub. Nyuton bu düşüncənin üzərində illərlə fikirləşdi. Ortaya çıxdı ki, xüsusi bir hal olmasa,  hər şey öz hərəkətini davam etdirməyəmeyillidir. Kosmosa raket göndərdiyimiz zaman dayanmır. Qələm ona görə dayanır ki, burda sürtünmə var. Yəni onu dayandıran xüsusi qüvvə mövcuddur. Beləliklə, Nyuton insan düşüncəsində inqilab etdi.

“Universitetdən yeni məzun olanlar bərabərdir, işsizlər ordusuna...”

Cəmiyyətə lazımlı fərd olmaq üçün...

Təhsil sistemində universitetdən öncəki mərhələni dəyişdirmək lazımdır. Orta məktəbi bitirəndə cəmiyyətə lazımlı fərd olmalısan. İnsanlar universiteti bitirəndə belə cəmiyyətə lazımlı insan kateqoriyasına girmirlər. İş elanlarında ancaq təcrübəli şəxslər axtarılır. Yeni məzun olanlar yığılaraq böyük işsizlər ordusuna çevrilir. Tələbələrə məsləhətim odur ki, boş vaxtlarını mümkün qədər hansısa bacarığı öyrənməklə keçirsinlər. Əgər universitetdə əla təhsil yoxdursa, tələbə özü özünü düşünməlidir. Hətta bu zaman daha çox məsuliyyət hiss etməlidir.İngilis dili müəllimliyi üzrə təhsil alır.Universitetdə də bu dil öyrədilmir. Tələbə düşünməlidir ki, 4 il sonra əlimə diplom alıb işləyəcəm. Ən azından kursa gedərək dili öyrənməliyəm.

Öz şirkətimə reseption (əlaqələndirici şəxs)vakansiyası üçün 1000-ə yaxın CV oxumuşdum. Onların arasından 150-ni seçib müsahibə elədim. Faciə isə budur ki, heç kimi seçməmişdim. Halbuki reseption başlanğıc işlərdən biridir. Bunu belə düzgün edə bilən şəxsi tapa bilmirdim. Unutmayaq ki, cahil insan hər zaman zərər verir. Özünə onda zərər verir ki, ondan istifadə edirlər. Pulu və qohumu varsa,iş tapır. Amma hamıya zülm edir. Bu zaman da başqalarına zərər verməyə başlayır.

Tərbiyə cəhətdən sovet müəllimləri daha yaxşı idi. Məsələn, keçmişdə küçəyə tüpürənlərin sayı bu qədər deyildi. Rejimdə yaşamağı öyrənən insana müəllimin leksiya oxuması normal idi. Nəzərə alaq ki, internetin olmadığı dövrdə müəllim tək qaynaq idi.

-Cəmiyyət bu halda inkişaf edər ki...

-Cəmiyyətin düzəlməyi üçün yeganə yol təhsildir. Elə müəllim var ki, feysbukda tələbəni dostluğuna qəbul etmir. Məncə, səmimi olsaq, bir çox şey həll olar. Yaxşı müəllim üçün ən önəmli iş səmimiyyət, uşaqları düşünmək olmalıdır. Hər tip tələbə eyni metodu istəmir. Mənim dərsimdən kəsilənlər də olur. Ən azından gəlib bu cümləni deyirlər:“Müəllim, siz hər şeyi elədiniz”

Tələbələr öz üzərində işləməlidirlər. Özünüz-özünüzü düşünməsəz, heç kəs sizi düşünməyəcək. Hər şey insanın öz əlindədir. SteveJobs 3 saat universitet dərslərinə getməyibsə, 12 saat qarajda işləyib.

Bir şeyi çox yaxşı bil, hər şeyi də az-az bil. Bu müəllimimin mənə tövsiyəsi olub. Öz sahəmi öyrənmişəm və hər şeydən də az-az bilməyə çalışıram. Bunun nə qədər faydalı olduğunu da hazırda görürəm.

I qrup abituriyenti ilə III qrup insanının bir-biriylə anlaşmağı o qədər çətin məsələdir ki... Düşünmə tərzləri tam fərqlidir. Bu cəmiyyətdə ciddi problem yaradır. Necəki hərfləri bilməlisən, o cür də müəyyən ilkin bilgilər də hamıya öyrədilməlidir. I qrup şagirdinin Coğrafiyadan xəbəri olmalıdır. Qlobal dünyada hansı ölkə, harada yerləşir, onu  bilməlisən. Digərləri Biologiyanı öyrənməlidir.Cəmiyyət nə qədər savadsızdırsa, onlardan pul qazanmaq o qədər asandır.

Tələbələrə müraciət:İnternetin sonsuz imkanlarından yararlanın”

EDX, Coursera, Udemy, Youtube kimi bir çox sayt vasitəsilə tamamilə pulsuz və ya ucuz qiymətə dərslər ala bilərsiniz. Youtube isə sizə bəxş edilən böyük bir nemətdir. Dəyərləndirin.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları